Son zamanlar Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqamətlərindən biri sayılan nanotexnologiya sahəsində uğurlu elmi tədqiqat işləri aparılır. Bu fundamental elmi- tədqiqat işlərinin nəticələri dünyanın bir sıra nüfuzlu jurnallarında, Tomson Reyter Agentliyinin siyahısına daxil olunan yüksək İmpact Factorlu jurnallarında dərc edilir. Bu işlər inkişaf etmiş ölkələrin nanotexnologiya istiqamətində işləyən elmi tədqiqat institutları ilə beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilir. Təsadüfi deyildir ki, BDU-nun alimlərinin Akad. Abel Məhərrəmovun, prof. Məhəmmədəli Ramazanovun və BDU-nun keçmiş doktorantı, kimya üzrə fəlsəfə doktoru Məhəmməd Rza Saboktakinin həmmüəllif olduğu "Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyası ABŞ-ın Nyu-York şəhərindəki "Nova Publişer" nəşriyyatında çapdan çıxmışdır. Kitabın redaktoru Türkiyənin Hacettepe Universitetinin kimya fakültəsinin Polimerlərin tədqiqi və radiyasiyası laboratoriyasının müdiri, prof. Olgun Guvendir. Kitab 10 fəsildən ibarətdir. Monoqrafiyada polimer əsaslı nanokompozitlərin xassələrinin variasiyası və tətbiqləri, kompozitlərin növləri, xassələrin nanohissəciklərin ölçülərindən asılı olaraq dəyişməsi, xərçəng şişinin müalicəsində maqnit nanohissəciklərinin istifadə imkanları və konkret tətbiqləri, bioloji və tibbi nanohissəciklər, fotodinamik müalicə üçün nanohissəciklərin alınması və istifadəsi kimi mühüm elmi araşdırmalar verilmişdir. Monoqrafiya nanotexnologiya istiqamətində çalışan tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.