9 noyabr 2020-ci il tarixdə Fizika fakültəsində Bayraq gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı online tədbir keçirilmişdir. Tədbirə fakültənin çoxsaylı tələbələri qatılmışlar. Tədbiri giriş sözü ilə açan fakültə dekanının müavini Məhəmməd Məhərrəmov Azərbaycanın Dövlət Bayrağının keçdiyi tarixi yoldan danışmış, bu ilki bayramın Qarabağ uğrunda gedən savaşda qazanılmış qələbələr baxımından xüsusilə əlamətdar olduğunu qeyd etdmişdir. O, bildirmişdir ki, bir gün əvvəl Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi Şuşanın azad edilməsi və Şuşada üçrəngli bayrağınmızın qaldırılması ilə bağlı verdiyi xəbər bu günümüzə ayrı bir məzmun vermişdir. Hər il bizlər bu günü qeyd edərkən, “İnşəallah, bayrağımız Qarabağda, Şuşada dalğalanar” arzusu ilə tədbirlərimizi yekunlaşdırardıq. Həmin gün yetişdi. Azərbaycan bayrağı bir daha enməmək şərti ilə işğaldan azad olunmuş şəhərlərimizdə bu gün qürurla dalğalanır. Sonra fakültə tələbələri Bayraq günü, qazandığımız qələbə münasibəti ilə öz ürək sözlərini söylədilər, özlərinin yazdıqları şerləri səsləndirdilər.