Home Aze Ru Eng

BDU və Milli Nüvə Tədqiqatları Mərkəzi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun NICA megaproyektinə qoşuldu

13/04/2018

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun direktor müavini, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) şöbə müdiri Anar Rüstəmov Rusiya Federsiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) elmi səfərdədir. Səfərin məqsədi BNTİ – nin NICA (Nuclotron-based Ion Collider fAсility ) megaproyektinin ilk kolaborasiya toplantısında iştirak etmək, proyektin qarşısında duran fiziki problemləri müzakirə etməkdir. Dünyanın müxtəlif nüvə tədqiqatları mərkəzlərindən tədbirə 200 – dən çox alim qatılmışdır. BDU və MNTM NICA proyektinə qoşulmuş və yerinə yetiriləcək MPD detektor sistemində fiziki proseslərin similyasiyası, eləcə də hazırda fəaliyyət göstərən BM@N təcrübəsində iştirak edəcəkdir. Hadisə generatorları ilə simulyasiya edilmiş, eləcə də müxtəlif ölçülü nüvələrin toqquşmasında alınmış nəticələrin emalı yerinə yetiriləcəkdir. Xüsusi ilə, zamanı proyeksiya edən detektorlarda zərrəciklərin innovativ üsullarla ayırd edilməsi BDU və MNTM əməkdaşları tərəfindən işlənib hazırlanacaqdır. İlk növbədə zərrəciklərin spektrləri, onların yaranma en kəsikləri ölçüləcəkdir və indiyə kimi yerinə yetirilmiş oxşar ölçmələrlə sistematik şəkildə müqayisə ediləcəkdir. İkinci addımda zərrəciklərin say paylanmalı, onların toqquşmadan toqquşmaya saylarının dəyişməsi öyrəniləcəkdir. Paralel olaraq statistik mexanikadan və dinamik modellərdən əldə edilmiş nəzəri nəticələrlə müqayisələr yerinə yetiriləcəkdir. Bu məqsədlə informasiya texnologiyaları və statistik riyaziyyatın müasir üsullarından istifadə ediləcəkdir.

Yüksək enerjili nüvə toqquşmalarında Kainatımızın yaranmasından bir necə mikrosaniyə sonrakı halı laboratoriya şərainində alınır. Bu mərhələ sərbəst kvark və glüonların birləşərək adronların, məsələn proton və neyronların, əmələ gəlməsində təsadüf edir. Hazırda bü cür araşdırmalar dünyanın müxtəlif nüvə mərkəzlərində, məsələn, Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) Böyük Adron Kollayderində yerinə yetirilir.

CERN – in Böyük Adron Kollayderində yerinə yetrilən təcrübələrdə yaranmış mühitinin bütün kimyəvi potensialları sıfır olur. Bu isə o deməkdir ki, bu toqquşmalarda yaranmış barion və antibarionların sayı eyni olur, yəni sistemin yekun barion sıxlığı sıfır olur. Nüvə materiyasının digər oblastrlarını tədqiq etmək üçün nisbətən kiçik enerjili nüvə toqquşmalarına ehtiyac vardır. Hesablamalardan aydın görünür ki, iki nuklonun ətalət mərkəzi sistemində 4-8 GeV enerjili nüvə-nüvə toqquşmalarında nüvə materiyası maksimum yekun barion sıxlığına malik olur. Bu cür maksimum sıxlıqlı barion materiyasının tədqiqi fizika qarşısında duran, əsrin problelmləri adlanan bəzi məsələləri həll edəcəkdir. Təsadüfi deyil ki, Nobel mükafatçısı Tsung-Dao Lee əsrin ən böyük problemləri kimi kvarkların adronların daxilində əsirliliyini və pozulmuş kiral simmetriyanı göstərmişdir. Bu fenomenlərin baş vermə mexanizmləri indiyə kimi elmə məlum deyildir və məhz NICA proyektində yerinə yetiriləcək tədqiqatlarla CERN – dəki alınmış nəticələrlı vəhdət şəklində analiz etməklə anlamaq mümkün olacaqdır.

Qeyd edək ki, NICA kompleksindən başqa, oxşar tədqiqatlar CERNin Super Proton Sinxrotronu, Almaniyanın FAIR mərkəzi və Amerika Birləşmiş Ştatlarının RHIC kollayderində yerinə yetirilir. BDU və MNTM bu mərkəzlərin hər biri ilə əməkdaşlıq edir. Artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universiteti və FAIR arasında anlaşma memorandumu imzalanmışdır. Azərbaycan Respublikasının bu cür beynəlxalq layihələrdə iştirakı yüksək texnologiyaların, müasir cihazların, informasiya texnologiyaları sahəsidə innovativ üsulların vətənimizndə inkişafına və tətbiginə təkan verəcəkdir və yüksək kvalifikasiyalı kənc kadrların yetişməsinə şərait yaradacaqdər.

Bookmark and Share