Bakı Dövlət Universitetində Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələrin Fizikaya aid “Mənim elmdə ilk addımlarım” adlı IV respublika elmi konfransı keçirilib. Konfransın təşkilat komitəsinin sədri, BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tələbələrin elmi dünya görüşünün formalaşmasında konfransın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Fizika fakültəsinin dekanı müavini, professor Hüseyn Məmmədov 73 məruzənin dinləniləcəyini qeyd edib,Tələbə Elmi Cəmiyyətinə fəaliyyətlərinə görə təşəkkür edib. Konfransın məsul katibi dosent A. Orucov iştirakçılara gələcək elmi tədqiqat işlərində uğurlar arzulayıb və bəzi tələbələrin məruzələrindən asılı olaraq diplom və sertifikatlara layiq görüləcəyini vurğulayıb.
Qeyd edək ki, BDU ilə yanaşı Respublika ali təhsil müəssisələrinin tələbələrinin də iştirak etdiyi konfransın işi bölmə iclaslarında davam edib, konfransin materialları isə jurnalda dərc edilib.