18 noyabr 2015-ci il tarixində Emory Universiteti, Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru professor Camal Musayev BDU-nun Fizika, Kimya, Mexanika-Riyaziyyat, Tətbiqi Riyaziyyat və Kibernetika fakültələrinin professor müəllim heyətinin və magistrantlarının qarşısında "Yeni katalizatorlar və texnologiyaların layihələşdirilməsində multidissiplinar əməkdaşlıq" adlı elmi məruzə ilə çıxış etmişdir. Seminarı açan Fizika fakültəsinin dekanı qeyd etmişdir ki, prof. Camal Musayev Fizika fakültəsinin məzunudur və hal hazırda ABŞ-da böyük bir mərkəzə rəhbərlik edir. Prof. Camal Musayev öz çıxışında qeyd etmişdir ki, mənim məqsədim, bir başa olaraq rəhbərlik etdiyim mərkəzdə beynəlxalq səviyyədə birgə əməkdaşlığa dair təsəvvür yaratmaqdır. Qeyd etmək istərdim ki, müasir elmin monumental məsələləri mürəkkəb sistemlərin hər bir komponentinin rolunu başa düşmək və necə qarşılıqlı əlaqədə olub fəaliyyət göstərdiyini anlamaq üçün multidissiplinar və sözün əsl mənasında birgə yanaşma tələb edir. Mən qısa olaraq bizim ən son əməkdaşlıq fəaliyyətimizdən bəhs etmək istərdim:
1.Günəş enerjisindən kimya konvertasiyası (DOE tərəfindən maliyyələşdirilmişdir, C.Hill və T.Lian ilə əməkdaşlıq). Burada bizim əsas fəaliyyətimiz suyun oksidləşməsi üçün bütün keçirici metal qeyri-üzvi katalizatorların yaradılması, yeni metal-metal yük daşıyan xromoforların və fazalararası elekrton daşınmasının müasir metodologiyasının layihələşdirilməsindən ibarətdir.
2.Keçirici metal ilə kataliz olunmuş stereoselektiv CH rabitəsinin funksionallaşdırılması (NSF tərəfindən maliyyələşdirilmişdir, H.Davies, S.Blakey və stereoselektiv CH rabitəsinin funksionallaşdırılması mərkəzinin digər üzvləri ilə əməkdaşlıq).
Bu işdə bizim məqsədimiz keçirici metal ilə kataliz olunmuş C-H rabitəsinin alkilləşdirmə və aminləşdirmə prosesini aydınlaşdırmaqdır. Bu reaksiyanın selektivliyi idarə edən faktorları ( katalizatorun təbiətini daxil olmaqla yardımcı liqandlar, həlledici, əsas və s.) analiz etməklə gələcəkdə maraqlı mülahizələr irəli sürmək olar. Sonda qeyd etmək isdərdim ki, birgə hesablama-eksperimental fəaliyyət bizə prosesin mexanizmini və aktiv mühitin təbiətini daha yaxşı başa düşməyə imkan verir. Əldə olunmuş biliklər suyun oksidləşməsi üçün yeni katalizatorların hazırlanması və C-H rabitəsinin funksionallaşdırılması, həmçinin TON katalizatorların və reaksiyanın effektivliyinin artırılması üçün əvvəlcədən proqnoz verməyə şərait yaradır. Cıxışının sonunda prof. Camal Musayev qeyd etdi ki, bu günkü dünyada elmi araşdırmalar fənlər qovşağında aparılan tədqiqatlara üstünlük verilir və bu sahədə də BDU-da aparılan tədqiqatlara üstünlük vermək lazımdır. Rəhbərlik etdiyim mərkəzlə BDU arasında elmi əlaqələrin qurulmasında əlimdən gələn əlaqələrin qurukması üçün hər bir şeyi edəcəm. Sonda prof. Camal Musayev çoxsaylı suallara cavab verdi.