Baki Dovlet Universitetinin Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədi ilə Şərqi Avropa və Orta Asiya ölkələrinin vahid təhsil şəbəkəsinin STAR-NET(Regional Network for Nuclear Education and Training in Nuclear Technology) yaradılması ilə bağlı keçirilmiş təsis yığıncağının işində iştirak etmişdir. Tədbirdə MDB məkanından 6 ölkənin 12 universitetinin nümayəndəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri iştirak edirdi. Təntənəli imzalanma mərasimində BAEA direktor müavini və Nüvə Enerjisi Departmentinin rəhbəri Mixail Çudakov STAR-NET şəbəkəsinin yaradılmasının əhəmiyyətindən danışaraq bildirdi ki, belə bir şəbəkənin yaradılmasının xüsusi əhəmiyyəti var və Beynəlxalq Atom Enerjisi Agentliyi(BAEA) bu layihəni dəstəkləyir və qeyd edərək bildirdi ki, bu ölkələrdə nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi üçün vahid təhsil şəbəkəsinin yaradılmasının xüsusi əhəmiyyəti var və bu şəbəkəyə qoşulan ölkələr onun bütün resurslarından istifadə edəcəklər. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini Mixail Çudakov bildirdi ki, hal hazırda İAEA-nın nəzarəti ilə fəaliyyət göstərən bu cür 3 şəbəkə mövcuddur və bu şəbəkənin üzvü olan ölkələr onun imkanlarından istifadə edirlər. Görüşdə Regional Şəbəkənin əsasnaməsinin layihəsinin bəzi maddələri, strukturu və fəaliyyət mexanizmi müzakirə edildi. STAR NET-in Prezidenti və 6 nəfərdən ibarət Rəyasət Heyətinin üzvləri seçildi. Azərbaycandan STAR-NET təhsil şəbəkəsinin Rəyasət heyətinə Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov seçildi. STAR-NET şəbəkəsinin rəsmiləşməsi məqsədi ilə işçi qrup hüquqi sənədləri 2015-ci ilin sonuna kimi qeydiyyatdan keçilməsi üçün Avstriyanın müvafiq orqanlarına təqdim edəcəklər.
Sonra səfər zamanı prof. Məhəmmədəli Ramazanov Bakı Dövlət Universitetində Nüvə fizikası və texnologiyası istiqamətində tədrisi inkişaf etdirmək və Azərbaycanda Nüvə Mərkəzində çalışmaq üçün mütəxəssislər hazırlamaq məqsədi ilə Atom Elektrik stansiyasının trenajorunun BDU-ya gətirilməsi və qurulma mexanizmi ilə əlaqədar BAEA-nın ekspertləri ilə görüşmüş və müzakirələr aparmışdır.