Home Aze Ru Eng

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələr Telekommunikasiya və İnformasiya texnologiyaları sərgisində iştirak etmişdir

05/12/2013

BDU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə  II,  III, IV kurs tələbələri və magistrantları 05.12.13-cü il tarixdə növbəti dəfə Bakı Ekspo Mərkəzdə keçirilən 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları  sərgisi”ndə  iştirak  etmişdir.

Hazırkı sərgini fərqləndirən xüsusiyyətlərdən biri də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilmiş milli stendlərin sayca daha çox olmasıdır. Rusiya, Ukrayna, Almaniya, ABŞ, Macarıstandan, İtaliya, Əfqanıstan, İsrail və digər ölkələrin nümayəndə heyəti “Bakutel” sərgisində iştirak etmək üçün Bakıya gəliblər. Sərgidə Azərbaycanın aparıcı İKT şirkətləri, mobil/rabitə operatorları, İnternet provayderləri, sistem inteqrasiyası üzrə şirkətlər və distribyutorlar geniş şəkildə təqdim olunub. Sərgi eksponentlərinin 40%-ni daimi iştirakçılar təşkil edib. Sevindirici fakt və sərginin fəaliyyət göstərdiyi illər ərzində əsas nailiyyətlərdən biri də yerli şirkətlərin ildən-ilə artması və bu il iştirakçıların ümumi sayının 30%-ni təşkil etməsidir. Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda “Titan” adlı robot nümayiş etdirilir və “Titan” sərgi  ziyarətçilərinin  sevimlisinə  çevrilib.

Fizika fakültəsi TEC-nin sədri Radifə  İsmailovanın rəhbərliyi ilə tələbə və magistrantlar bu sərgiyə qatılmış və geniş təəssüratlarla dönmüşlər. Sərgidə iştirakın müsbət elmi və praktiki əhəmiyyətini nəzərə alaraq, TEC gələcəkdə də keçiriləcək sərgilərdə fizika fakültəsi tələbələrinin və magistrantların müntəzəm iştirakını təşkil etməyi  nəzərdə  tutur.




Bookmark and Share