Home Aze Ru Eng

Tahirov Arif Hacıbəy oğlu

Tahirov  Arif Hacıbəy oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Qusar şəhərində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunmuşdur. 1980-ci ildə həmin Universiteti bitirmişdir.

Arif Tahirov hərbi ixtisası və “leytenant” rütbəsini BDU-nun hərbi kafedrasında almışdır. Dağlıq Qarabağ münaqişəsi başlayarkən “Xüsusi texnika” İstehsalat müəssisəsində elektron avadanlığın tənzimləyicisi vəzifəsində çalşmışdır. 1992-ci ilin payızında sənədlərini Müdafiə Nazirliyinə təqdim etmiş və artilleriya polkunda xidmətə başlamışdır. Burada o, sovet qoşunlarının Azərbaycanı tərk etməsindən sonra qalmış yeni tank əleyhinə sistemlərə dair biliklərə yiyələnmişdir. Müntəzəm olaraq döyüş bölgələrinə ezam olunmuş və müdafiə xəttimizin düşmənin tank hücumlarından müdafiəsində iştirak etmişdir. İştirak etdiyi döyüşlərdə Arif Tahirov düşmənin 4 tankını, 2 PDM-ni, 2 artilleriya qurğusunu və şəxsi heyətlə birgə 1 “İkarus” avtobusunu məhv etmişdir. 16.03.93-cü il tarixdə o, öz texnikası ilə birlikdə Çardaxlı kəndi yaxınlığında düşmən tərəfindən qoyulmuş mina tələsinə düşmüş və nəticədə hər iki ayağını itirmişdir. Döyüş xidmətlərinə görə Arif Tahirov 1994-cü ilin sentyabr ayında Prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Hazırda 1-ci qrup əlil kimi dövlət təminatındadır. Ailəlidir, 5 övladı var. Xırdalanda əlillər üçün binada 2 otaqlı mənzildə yaşayır.

Bookmark and Share