Home Aze Ru Eng

Görkəmli Alimlər


Mİrzəyev Bəhram Rüstəm bəy oğlu

(1891-1974)

Fizik

16 aprel 1891-ci ildə anadan olmuşdur. 1909-cu ildə Bakı Realnı Məktəbini bitirərək Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1916-cı ildə ali təhsilini başa vuraraq bir müddət Peterburqda və Donetsk vilayətində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Sonradan Azər­bay­cana qayıdaraq 1923-cü ildən Azərbaycan Dövlət Universitetində elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1941-ci ildə Təcrübi Fizika kafedrasına müdir vəzifəsinə irəli çəkilmişdir. Kafedranın bir neçə üzvü onun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etmişdir. 1960-cı ildə Yarımkeçiricilər fizikası kafedrasının müdiri vəzifəsinə seçilmiş, 1970-ci ilədək kafedraya rəhbərlik etmişdir. 1969-cu ildə professor elmi adı almışdır. Əllidən çox elmi əsərin, iki ixtiranın müəllifidir. 1954-cü ildə “Lenin” ordeninə, 1969-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bir neçə medalla və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir.

 

 

Abdullayev Həsən Məmmədbağır oğlu

(1918-1993)

Fizik

20 avqust 1918-ci ildə anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1948-ci ildə AMEA-nın Fizika-riyaziyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1955-ci ildə AMEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilmişdir. 1970-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilmişdir. Akademik Həsən Abdullayevin təşəbbüsü ilə ötən əsrin əllinci illərində Azərbaycanda selen və selen birləşmələri əsasında yarımkeçiricilərin tədqi­qinə başlanıldı və qısa müddət ərzində bu sahədə keşmiş SSRİ-də Baş Mərkəzlər kimi qəbul edilən elmi məktəblər yaradıldı. Onun təşəbbüsü və rəhbərliyi ilə 1958-ci ildə Bakı Dövlət Universitetində Yarımkeçiricilər fizikası kafedrası yaradıldı və tezliklə bu kafedranın bazasında yarımkeçiricilər və yarımkeçirici cihazların fizikası sahəsində elmi məktəb formalaşdı.

Akademik H.Abdullayev uzun illər ərzində AMEA-nın Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru, AMEA-nın Prezidenti vəzifələ­rində çalışmışdır. “Azərbaycan Dövlət Mükafatı” laureatı, “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni, “Lenin” ordeni, S.İ.Vavilov adına medal, Beynəlxalq Leypsik yarmarkasının (ADR) böyük qızıl medalı ilə təltif olunmuşdur. Selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunların əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı tədqiqatlar aparmışdır. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilər əsasında bir sıra yeni cihazlar, o cümlədən yeni elektrik yaddaşlı cihazlar yaradılmışdır. Akademik Həsən Abdullayev ABŞ-da, Fransada, Bolqarıstanda, Rumıniyada, İngiltərədə, Polşada, Yaponiyada, İsveçrədə, İranda və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. Onun rəhbərliyi ilə 60-a qədər doktorluq,
100-ə qədər namizədlik dissertasiyaları müdafiə olunmuşdur. 17 monoqrafiyanın, 240 ixtiranın, 600-dən çox elmi məqalənin müəllifidir.

 

 

İMANOV LƏTİF MUXTAR OĞLU

(1922-1980)

Fizik

1922-ci ildə anadan olmuşdur. 1944-cü ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fizika ixtisası üzrə bitirmiş, AMEA-nın Fizika İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət olunmuşdur. 1945-ci ildə aspiranturaya qəbul olmuş və dissertasiya mövzusu üzrə elmi tədqiqat işini Moskva Dövlət Universitetinin Rəqslər kafedrasının müdiri professor V.V.Miqulinin rəhbərliyi altında yerinə yetirmişdir. 1950-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıtmış və AMEA-nın Fizika-Riyaziyyat İnstitutunda Radiofizika laboratoriyasında baş elmi işçi vəzifəsində işə başlamışdır. 1951-ci ildən həmin laboratoriyaya rəhbərlik L.M.İmanova tapşırılmışdır. 1952-ci ildən maye və bərk cisimlərin dielektrik relaksasiyasının radiospektroskopik üsulla  tədqiqi ilə məşğul olmağa başlamışdır. 1976-cı ildə AMEA-nın həqiqi üzvü seçilmiş, 1979-cu ildə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Elmi  tədqiqat işi ilə paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olmuş, keçən əsrin 50-ci illərində BDU-nun fizika fakültəsinin tələbələrinə radiofizikadan və fiziki elektronikadan mühazirələr oxumuşdur.

Uzun müddət spirtlərin, halogenli benzolun, onların müxtəlif qeyri-polyar mayelərdə məhlullarının radiospektroskopik üsulla dielektrik relaksasiyasını müxtəlif tezlik və temperatur aralıqlarında tədqiq etmişdir. Tədqiqatların nəticələri əsasında elektromaqnit dalğalarının udulmasını ifadə edən asılılıqlar qurulmuş, onların əsasında dielektrik əmsalı, kritik dalğa uzunluğu, molekulun fırlanma hərəkətinə mane olan potensial enerji çəpərinin hündürlüyü, aktivləşmə enerjisi və bir çox  başqa mühüm parametrlər  təyin edilmişdir. 15-ə qədər molekulun mikrodalğa spektrini tədqiq etmişdir. Tallium aşqarlı selenin dielektrik relaksasiyasını radiospektroskopiya üsulu ilə tədqiq etmiş və maraqlı nəticələr almışdır. Yalnız selen yarımkeçiricinin radiospektropik üsulla tədqiqi ilə kifayətlənməyən akad. İmanov keçən əsrin 70-ci illərində vanadium, tellur və qələvi metal oksidləri əsaslı iki və üç komponentli yarımkeçirici şüşələrin quruluş xüsusiyyətlərinin, elektrik və optik xassələrinin tədqiqinə başlamışdır.

 

 

QULİYEV NƏRİMAN AĞAQULU OĞLU

(1926-2014)

Fizik

28 dekabr 1926-cı ildə anadan olmuşdur. 1943-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş, lakin fizikaya hədsiz marağı olduğuna görə burada təhsilini yarımçıq qoymuş, 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1952-ci ildə həmin universitetin aspiranturasına qəbul olunan Nəriman Quliyev 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüş və 1955-ci ildə burada fizika ixtisası üzrə aspiranturanı bitirmişdir. Əmək fəaliyyətinə 1956-cı ildə Bakı Dövlət Uni­ver­si­te­tində başlayaraq Nəzəri fizika kafedrasında assistent və baş müəllim və­zi­fələrində çalışmışdır. 1959-cu ildən etibarən o, bütün sonrakı taleyini Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlamışdır. 1959-1981-ci illərdə Fizika İnstitutunda direktorun elmi işlər üzrə müavini işləmiş, 1981-2001-ci illərdə AMEA-nın vitse-prezidenti, 2001-2007-ci illərdə isə birinci vitse-prezidenti, 2007-ci ildən AMEA prezidentinin müşaviri olmuşdur. 1957-ci ildə Moskva şəhərində namizədlik və 1975-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1976-cı ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Ömrünün altmış ilə yaxın bir dövrü ərzində akademik Nəriman Quliyev öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr vermişdir. Onun nəzəri fizikanın aktual problemləri ilə əlaqəli geniş spektrli axtarışları həmin istiqamətdə gələcək dərin tədqiqatların bünövrəsini təşkil etmişdir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi onun adı ilə bağlıdır. 1992-2003-cü illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olmuşdur.

Yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edən Nə­ri­man Quliyev gənc fiziklər nəslinin formalaşmasında bilik və bacarığını əsir­gəməmişdir. Alimin çoxillik zəhmətinin məhsulu olan silsilə araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda çap edilmiş 100-dən artıq sanballı elmi əsərdə əksini tapmışdır. O, mötəbər beynəlxalq forumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Nəriman Quliyev bir sıra mükafatlara layiq görülmüş, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

 

 

ƏLİYEV MAQSUD İSFƏNDİYAR OĞLU

(1924)

Fizik

27 avqust 1924-cü ildə anadan olmuşdur. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet ordusu sıralarında xidmət etmişdir. 1950-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Akademik H.B.Ab­dullayevlə birlikdə BDU-da Yarımkeçiricilər fizikası kafedrasının yaradılmasında iştirak etmiş, uzun illər bu kafedrada pedaqoji fəalyyət göstərmişdir. Eyni zamanda AMEA-nın Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrə­nilməsinə yönəlmişdir. 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 1961-ci ildən AMEA-nın Fizika İnstitutunda əvvəl böyük elmi işçi, sonralar isə “Yarımkeçiricilərdə köçürmə hadisələri” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Elmi tədqiqatlarında əsas yerlərdən birini yarım­keçiricilərin istilik keçirməsi problemi tutur. O, 1966-cı ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1967-ci ildə isə professor adını almış, bir sıra orden, medal və diplomlara layiq görülmüşdür. 1969-cu ildə AMEA-nın müxbir üzvü, 1980-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Son illər akademik Maqsud Əliyev ənənəvi elmi istiqaməti ilə bərabər çox maraqlı və aktual olan problemlə – məşhur alim Lütfi Zadənin qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq nəzəriyyəsi ilə məşğul olur. “Fizika problemləri və qeyri-səlis məntiq” üzrə elmi problemləri inkişaf etdirir.

Yerli və xarici mətbuatda dərc olunmuş 300-dən artıq elmi məqalə və 20 ixtiranın müəllifidir. Onun “Yarımkeçiricilərin istilikkeçirməsi” adlı kitabı böyük şöhrət qazanmışdır. Yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 40-a qədər elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.

Akademik M.İ.Əliyev uzun müddət AMEA-nın  fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik katibinin müavini vəzifəsində işləyərək, fəal elmi təşkilatçılıq işi aparmışdır və aparır. O, AMEA-nın “Fizika problemləri” Elmi Şurasının sədr müavini, Rusiya EA Rəyasət Heyətinin “Yarımkeçiricilər fizikası və kimyası” kompleks problemi və “Yarımkeçirici materialşünaslığının fiziki kimyasının əsasları” üzrə elmi şuraların üzvüdür.

Elmi nailiyyətlərin fəal təbliğatına görə Maqsud Əliyev keçmiş Ümumittifaq “Bilik” Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Akademik Maqsud Əliyevin adı “Respublika Əmək Şöhrəti” kitabına salınmışdır.

 

 

MUXTAROV ABDULLA İBRAHİM OĞLU

(1918-2013)

Fizik

24 dekabr 1918-ci ildə anadan olmuşdur. 1939-cu ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1945-ci ildə universiteti bitirərək onun nəzdindəki Fizika-riyaziyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.

O, 1947-ci ildə M.V.Lomonosov adına MDU-nun aspiranturasına daxil olmuşdur. Azər­baycanda nəzəri fizika elminin inkişaf etdirilməsində mühüm rol oynamışdır. Onun tədqiqatı nəti­cəsində bir sıra mühüm elmi nəticələr alınmışdır. 1950-ci ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1950-ci ildən fəaliyyətini BDU-nun Nəzəri fizika kafedrasında davam etdirmişdir. 1950-1967-ci illərdə baş müəllim, dosent vəzifələrində işləmiş, 1967-ci ildən ömrünün sonuna qədər BDU-nun Nəzəri fizika kafedrasının professoru və məsləhətçi professoru vəzifəsində çalışmış, 1967-1988-ci illərdə Nəzəri fizika kafedrasının müdiri, 1965-1967-ci illərdə fizika fakültəsinin dekanı olmuşdur.

Elmi araşdırmaları sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası və s. kimi nəzəri fizikanın mürəkkəb sahələrini əhatə etmişdir. Onun 150-dən çox məqaləsi nüfuzlu elmi jurnallarda çap edilmişdir. Onun rəhbərliyi ilə 20 nəfər fizika-riyaziyyat elmləri namizədi, 5 nəfər fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.

Doktorluq dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının fizika üzrə Ekspert Şurasının sədri olmuşdur. 20 ildən artıq Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasına, Respublika “Bilik” Cəmiyyətinin fizika bölməsinə, məktəblilərin fizika üzrə respublika olimpiadasına başçılıq etmişdir. Azərbaycan Ensiklopediyasının Elmi Redaksiya Şurasının üzvü olmuşdur. “Statistik fizika” və “Kvant mexanikası” dərsliklərinin müəllifidir. Fizika elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına və “Şöhrət” ordeninə, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülmüşdür.

 

 

ƏFƏNDİYEV QAFAR İBRAHİM OĞLU

(1924-1997)

Fizik

1924-cü ildə anadan olmuşdur. 1941-ci ildə orta məktəbi, 1951-ci ildə isə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 1951-1954-cü il­lərdə Moskva Dövlət Universitetində əyani aspirant olmuş, 1955-ci ildə na­mizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Əmək fəa­liyyətini Bakı Dövlət Universitetində başlayıb və burada assistent, dosent, professor, kafedra müdiri vəzi­fələrində çalışmışdır. 1966-1971-ci illərdə Ekspe­rimental fizika, 1971- 1992-ci illərdə isə Fiziki elektronika kafed­rasının müdiri olmuşdur.

Elmi fəaliyyəti alçaq temperaturlu qaz boşalması plazmasında baş verən fiziki proseslərin tədqiqinə aiddir. Yerli və xarici elmi jurnallarda 156 elmi mə­qaləsi çap edilmişdir. 22 elmi konfrans və simpoziumda məruzələri din­lə­nil­mişdir. Rəhbərliyi ilə fizika üzrə 15 elmlər namizədi və 1 elmlər doktoru dis­ser­tasiyası müdafiə edilmişdir. Bir kitabın müəllifi olmuş, ümumtəhsil və ali mək­təblər üçün bir neçə dərsliyi rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir.

SSRİ EA-nın Plazma fizikası üzrə Elmi Şurasının, Bakı Dövlət Universitetinin və Fizika fakültəsinin Elmi şuralarının, BDU-nun və Azərbaycan Dövlət Pedaqoji Univer­sitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya şuralarının üzvü olmuşdur.

“Əməkdə fədakarlıq” medalı (1970), “Ali məktəbdəki işdə fərqlənmə xidmətlərinə görə” medalı, SSRİ Ali Sovetinin “Əmək veteranı” medalı (1985) və bir neçə Fəxri fərmanla təltif olunmuşdur.

 

 

HACIYEV SABİR ƏBDÜLMANAF OĞLU

(1928-2013)

Fizik

23 sentyabr 1928-ci ildə anadan olmuşdur. 1947-1949-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun Fizika fakültəsini bitirmiş, 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirmiş­dir. 1956-1968-ci illərdə BDU-nun Nəzəri fizika kafedrasında müəllim, dosent işləmiş, 1968-ci ildə Maddə quruluşu kafedrasında dosent, pro­fessor, 1972-1978-ci illərdə Azad Həmkarlar İttifaqının sədri, 1979-1988-ci illərdə Fizika fakültəsinin dekanı, 1972-1992-ci illərdə Maddə quruluşu kafed­rasının müdiri, 2005-2013-cü illərdə Fizika Problemləri İnstitutunun direktoru işləmişdir.

1974-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildə Azərbaycan Respub­likası Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Elmi fəaliyyəti, əsasən, kvant sahə nəzə­riyyəsinin qeyri-həyəcanlaşma metodları, nəzəri fizikanın problemləri ilə əlaqədardır. Əsas elmi əsərləri elementar zərrəciklər fizikasının nəzəriyyəsinə həsr olunmuşdur. 140 elmi məqalənin, üç dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 22 nəfər elmlər namizədi, 2 nəfər elmlər doktoru dissertasiyasını müdafiə etmişdir.

2000-ci ildə “Şöhrət ordeni”, 2001-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “Şöhrət Medalı” ilə təltif olunmuşdur.

 

ƏSGƏROV Bəhram Mehralı oğlu

(1933-2014)

Fizik

5 oktyabr 1933-cü ildə anadan olmuşdur. 1952-ci ildə Bakı Dovlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olmuşdur. 1957-ci ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu bitirmişdir. 1957-ci ildə AMEA-nın Fizika İnstitutunda aspiranturaya daxil olmuşdur. 1962-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1972-ci ildə professor elmi adı almışdır. 2001-ci ildə “Fizika” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

1962-1966-cı illərdə AMEA-nın Fizika İnstitutunda calışmışdır. 1966-cı ildən BDU-nun Fizika fakültəsinin Molekulyar fizika kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1971-ci ildə Fizika fakültəsində Bərk cisimlər fizikası kafedrası yaradılmış və yarandığı gündən 2014-cü ilədək həmin kafedraya rəhbərlik etmişdir. 1994-2004-cü illərdə BDU-nun Elmi işlər üzrə prorektoru olmuş, 1998-1999-cu illərdə BDU-nun rektoru vəzifəsini icra etmişdir.

1974-cü ildə elm-texnika sahəsi üzrə Azərbaycan Dövlət mükafatına, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, elmlər doktoru elmi dərəcəsi verən Dissertasiya Şurasının sədri olmuşdur. BDU-nun Böyük Elmi Şurasının və Fizika fakültəsinin Elmi Şurasının üzvü olmuşdur. “Bakı Uni­ver­si­te­tinin Xəbərləri” jurnalının fizika-riyaziyyat elmləri seriyasının redak­toru, AMEA-nın “Xəbərlər”, “Fizika” və “Qafqaz Universiteti” jurnallarının Redak­siya Heyətinin üzvü olmuşdur.

Akademik B.M.Əsgərov bərk cisimlərdə termomaqnit hadisələrinin kvant nəzəriyyəsinin yaradıcısı olmuşdur. Xarici və yerli elmi nəşrlərdə dərc edilmiş 170-dən çox elmi məqalənin müəllifi olmuşdur. Bu məqalələrdən 60-ı Tomson Reyter Agentliyi tərəfindən indekslənən elmi jurnallarında çap edilmişdir. O, 5 monoqrafiya və 3 dərsliyin müəllifidir. Ümumdünya nəşriyyatlarında onun “Electron Transport Phenomena in Semiconductors” və professor S.R.Fiqarovanın həmmüəllifliyi ilə “Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases” adlı monoqrafiyaları ingilis dilində dərc olunmuşdur. Onun rəhbərliyi ilə 30-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 5 elmlər doktoru və 12 namizədlik dissertasiya işi müdafiə edilmişdir.

 

 

HÜSEYNOV RƏHİM ƏYYUB OĞLU

(1924-2012)

Astrofizik

9 sentyabr 1924-cü ildə anadan olmuşdur. 1940-cı ildə BDU-nun Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1946-cı ildə universiteti fərq­lənmə diplomu ilə bitirmişdir. 1953-cü ildə elm­lər namizədi, 1971-ci ildə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə pro­fes­sor adı almışdır. 2003-cü ildə AMEA-nın müxbir üz­vü seçilmişdir. 1958-1975-ci llərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1975-1992-ci illərdə BDU-nun Astrofizika ka­fedrasının müdiri, 1992-2009-cu illərdə kafedranın professoru vəzifəsində çalışmışdır.

Elmi fəaliyyəti, əsasən, Günəş fizikası və planetar dumanlıq fizikası ilə əlaqədar olmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 80-ə yaxın elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 12 nəfər magistr dissertasiyası yerinə yetirilmiş, 1 elmlər namizədi hazırlanmışdır. 2 dərslik və 1 monoqrafiyanın müəllifidir. “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. “Azərbaycan Astronomiya jurnalı”nın Redaksiya Heyətinin üzvü olmuşdur.

 

 

TAHİROV VLADİMİR İSMAYIL OĞLU

(1932-2014)

Fizik

5 aprel 1932-ci ildə anadan olmuşdur. 1951-ci ildə ikiillik Ağdam Müəllimlər İnstitutunu, 1956-cı ildə Bakı Dövlət Universitetini fizika ixtisası üzrə bitirmişdir. 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi, 1973-cü ildə professor elmi adı almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1971-1974-cü illərdə AMEA Fizika İnstitutunda laboratoriya müdiri, 1974-1991-ci illərdə isə BDU-da “Yarımkeçiricilər fizikası” kafedrasında müdir vəzifəsində çalışmışdır. 1991-ci ildən 2014-cü ilədək həmin kafedranın professoru vəzifəsində çalışmışdır.

Elmi əsərləri Ge, Si, Ge – Si, AIII BV, AII BVI kimi klassik yarımkeçiricilərin tədqiqinə, qeyri-adi fiziki xassələrə malik olan yeni yarımkeçirici maddələrin axtarışı və kəşfinə, onların fundamental parametrlərinin öyrənilməsinə həsr olunmuş, bir sıra yeni üsullar vermiş, 30-dan artıq müəlliflik şəhadətnaməsinin, 400-dən artıq elmi əsərin, 6 monoqrafiyanın, 9 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 7 doktorluq, 36 namizədlik dissertasiyası müdafiə olunmuşdur.

 

CAVADOV ƏLİCAVAD VAHAB OĞLU

(1928-1996)

Fizik

1928-ci ildə anadan olmuşdur. 1946-cı ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1951-ci ildə təhsilini başa vuraraq “Nəzəri fizika” ixtisası üzrə aspiranturaya daxil olmuş və MDU-nun aspiranturasına ezam olunmuşdur. 1955-ci ildə namizədlik disserta­siyası müdafiə etmiş, 1979-cu ildə professor elmi adı almışdır. 1955-ci ildən BDU-nun Nəzəri fizika kafedrasında elmi və pedaqoji fəaliyyətə baş­lamışdır. Kafedrada baş laborant, baş müəllim, dosent vəzifələrində çalış­mışdır. 1967-1970-ci illərdə fizika fakültəsinin dekanı vəzifəsində çalış­mışdır. Elmi fəaliyyəti müxtəlif enerjili zərrəciklərin nüvələrdən elastik və qeyri-elastik səpilmə məsələləri ilə əlaqədar olmuşdur. Yerli və xarici elmi nəşrlərdə 100-dən çox elmi məqalənin, “Kvant mexanikası” (1975) dərsliyinin müəllifidir. 3 elmlər namizədi hazırlamışdır.

 

 

ƏLİYEV MEHDİ SADIQ OĞLU

(1907-1970)

Fizik

1907-ci ildə anadan olmuşur. 1924-cü ildə Gəncə gimnaziyasını bitirərək orada müəllimlik fəaliyyətinə başlamışdır. 1925-ci ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1930-cu ildə həmin ixtisası bitirmişdir. 1931-1935 illərdə dekan vəzifəsində çalışmış və sonra elmi-pedaqoji fəaliyyətini BDU-da davam etdirmişdir. 1952-ci ildə BDU-nun prorektoru vəzifəsinə təyin edilmişdir. 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna rektor təyin edilmişdir. 1965-ci ilə qədər bu institutda ali pedaqoji kadrların hazırlanmasında, elmi-tədqiqat işlərinin aparılmasında, kollektiv arasında əhval-ruhiyyənin sağlamlaşmasında ciddi dönüş yaratmış və öz nüfuzunu daha da artırmışdır. 1965-ci ildə BDU-nun rektoru təyin edilmiş və bu vəzifəni 1970-ci ilə kimi böyük uğurla icra etmişdir. 1933-cü ildə dosent adına layiq görülmüşdür. Bəzi torpaq elementlərinin fiziki xassələrinin tədqiqinə aid böyük praktik əhəmiyyətə malik elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. 1949-cu ildə dissertasiya müdafiə etmişdir. Elmi məqalələri müntəzəm olaraq nüfuzlu Respublika və xarici jurnallarda dərc olunmuş və məruzələri elmi konfranslarda dinlənilmişdir. Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanin tərtibi kimi işlərə xüsusi əhəmiyyət vermişdir. Tələbələr üçün bir çox vacib dərslikləri (A.F.İoffe Molekulyar fizika kurs və s.) rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və ali məktəblər üçün Optika kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifi olmuşdur.

 

 

Axundov Qüdrət Əlİ oğlu

(1932-1973)

Fizik

1932-ci ildə anadan olmuşdur. 1950-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Azərbaycan Respublikası EA-nın Fizika İnstitutunda laborant, kiçik elmi işçi, baş elmi işci və “Nazik tə­bə­qələr fizikası” laboratoriyasının müdiri vəzi­fələrində calışmışdır. 1958-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1970-ci ildə BDU-nun Yarımkeciriçilər fizikası kafedrasının müdiri vəzifəsinə secilmiş və ömrünün axırına qədər bu vəzifədə calışmışdır. Elmi fəaliyyəti, əsasən, A3B6-tipli yarımkeçirici birləşmələrin monokristallarının alın­ması və tədqiqi, eləcə də onlar əsasında müxtəlif çeviricilərin hazırlanması ilə əlaqədar olmuşdur. Respublikada ilk dəfə olaraq yarımkeçiricilərdə radioaktiv izotoplar üsulu ilə diffuziya proseslərinin tədqiqinə dair elmi-tədqiqat işləri aparmış, bu üsulla selen düzləndiricilərində fiziki proseslərin xüsusiyyətlərini öyrənmişdir. Nobel mükafatı laureatı, akademik N.Q.Basovla birgə ilk dəfə olaraq qallium selen kristallarında sürətli elektronların təsiri ilə lazer şüalanmasını müşahidə etmişdir.

Onun rəhbərliyi ilə 10-dan çox elmlər namizədi hazırlanmışdır. “Əməkdə fərq­lənməyə görə” yubiley medalı ilə təltif edilmişdir. Respublika və xarici öl­kələrdə dərc edilən elmi jurnallarda 100-dən çox məqalə çap etdirmiş, də­fələrlə beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmişdir.

 

NƏCƏFOV İSMƏT MƏHƏMMƏD OĞLU

(1933)

Fizik

21 yanvar 1933-cü ildə anadan olmuşdur. 1950-ci il­də BDU-nun Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Oxuduğu illər ərzində “Stalin” təqaüdünə la­yiq görülmüşdür. 1955-ci ildə universiteti fərq­lənmə diplomu ilə bitirmiş və fizika-riyaziyyat fa­kül­təsində baş laborant vəzifəsinə işə qəbul olunmuşdur. 1956-cı ildə Moskva Dövlət Universitetinin “Nə­zəri fizika” ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1959-cu ildə aspiran­tu­ranı müvəffəqiyyətlə bitirmiş, namizədlik dissertasiyasını müdafiə edə­­rək, res­publikaya qayıtmış və elmi-pedaqoji fəaliyyətini BDU-nun Nəzəri fiz­ika ka­fedrasında davam etdirmişdir. 1975-ci ildə doktorluq dissertasiyasını mü­dafiə etmişdir. 1959-1963-cü illərdə baş müəllim, 1963-cü ildən BDU-nun Nəzəri fi­­zika kafedrasının professorudur. 1988-ci ildən 2004-cü ilə qədər Nəzəri fizika ka­fedrasına rəhbərlik etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Elmi tədqiqatı sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası kimi nəzəri fizikanın mürəkkəb sahələrini əhatə edir. Respublika və xarici ölkə jurnallarında dərc olunmuş 170-dən çox elmi məqalənin müəllifidir. Rəhbərliyi ilə 2 doktorluq və 8 namizədlik dissertasiyası müdafiə edilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın D/N 054.03.07 Ümumiləş­dirilmiş İxtisaslaşdırılmış müdafiə Şurasına uzun müddət rəhbərlik etmişdir. 1994-1997-ci illərdə AR Təhsil Nazirliyinin fizika üzrə Elmi-metodiki Şurasına rəhbərlik etmişdir. O, “Nəzəri fizika kursu” kitabının I cildini, “Elektrik bəhsi”ni, 9-11-ci siniflər üçün “Fizika” dərsliklərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun Azərbaycan dilində “Müasir klassik elektrodinamika” adlı dərsliyi fizika ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. “Şöhrət” ordeninə, “Əməkdar müəllim” fəxri adına, Təhsil Nazirliyinin və universitetin fəxri fərmanlarına layiq görülmüşdür.

 

Baxışov ARİF ƏYYUB OĞLU

(1932-1994)

Fizik

22 iyun 1932-ci ildə anadan olmuşdur. 1950-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fa­kül­təsinə daxil olmuş, 1955-ci ildə universiteti bi­tirərək Gəncə Pedaqoji İnstitutuna göndərilmiş, 2 il orada assistent və baş müəllim vəzifəsində çalışmışdır. 1957-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1962-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1962-ci ildən 1965-ci ilə qədər BDU-nun Təcrübi fizika kafedrasında baş müəllim və dosent vəzifəsində çalışmışdır. 1965-ci ildə Yarımkeçiricilər fizikası kafedrasına keçirilmiş, ömrünün sonuna qədər bu kafedrada dosent və professor vəzifələrində çalışmışdır.

1986-cı ildə professor elmi adı almışdır. 100-dən çox elmi məqalənin müəllifidir, beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Rəhbərliyi ilə 10 elmlər namizədi hazırlanmışdır.

 

SADIXOV FAİK SULTANMURAD OĞLU

(1935- 2009)

Fizik

23 may 1935-ci ildə anadan olmuşdur. 1952-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1957-ci ildə həmin fakültəni fərq­lənmə diplomu ilə bitirərək, 1958-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1973-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1974-cü ildən Nəzəri fizika kafedrasının professoru elmi adı almışdır. 1968-ci ildə EA-nın Fizika İns­titutunda baş elmi işçi vəzifəsində və BDU-nun Nəzəri fizika kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Nəzəri fizika kafedrasının dosenti, 1974-cü ildən həmin kafedranın professoru vəzifəsində çalışmışdır. O, 1973-1979-cu illərdə fizika fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1973-cü ildən 1980-ci ilə qədər BDU-da SSRİ AAK-ın fizika üzrə Doktorluq Şurasının sədri olmuşdur. Elmi fəaliyyəti zəif, elektromaqnit və güclü qarşılıqlı təsirdə iştirak edən leptonlar və hadronların spin hallarının nəzəri tədqiqinə həsr olunmuşdur. 140-dan çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 6 nəfər elmlər namizədi hazırlanmışdır. 4 dərslik müəllifidir. 1992-1998-ci illərdə Türkiyənin Ankara, Trabzon, Kayseri universitetlərində yüksək enerjilər fizikasından mühazirə oxumuşdur.

 

HÜSEYİNOV İSRAFİL İSA OĞLU

(1934)

Fizik

15 may 1934-cü idə anadan olmuşdur. 1950-cı ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1955-ci ildə bu fakültəni fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1955-ci ildə MDU-nun aspiranturasına daxil olmuş və 1959-cu ildə nüvə fizikası üzrə namizədlik, 1981-ci ildə Kiyevdə Ukrayna EA-da doktorluq dissertasiyası müdafiə etmişdir. 1982-ci ildən professordur. 1960-1993–cü illərdə BDU-nun Fizika fakültəsində çalışmışdır. 1972-1993-cü illərdə BDU-nun Fizika fakültəsinin Kimyəvi fizika kafedrasının müdiri vəzifəsində işləmişdir. 1969-cu ildə Kembric, 1970-ci ildə Oksford, 1985-86-cı illərdə Con Hopkins və 1986-87-ci illərdə Jilin (ÇXR) universitetlərində çalışmışdır. 1993-cü ildən Turkiyədə çalışır.

BDU-da işlədiyi müddətdə rəhbərliyi ilə 12 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru, Türkiyədə isə 9 fəlsəfə doktoru hazırlanmışdır. 310-dan çox elmi işin müəllifidir, o cümlədən indekslənən elmi jurnallarda 223 məqalə çap etdirmişdir.

Elmi araşdırmalarında istənilən açıq təbəqəli atom-molekul və nüvə sistemlərini birləşdirə bilən Xartri-Fok nəzəriyyəsi verilmişdir, istənilən spinə malik olan zərrəciklər üçün dekart-moment və dörd ölçülü sistemlərdə də tam ortonormal funksiyalar sistemləri tapılmışdır. Yeni daxil edilən tam ortonormal funksiyalar yığımından istifadə edərək atom-molekul və nüvə sistemlərində hissəciklərin istənilən sürətli hərəkətlərini öyrənmək imkanı yaranmışdır.

 

MURADOV RƏSUL XANƏLİ OĞLU

(1942-2006)

Fizik

1942-ci ildə anadan olmuşdur. 1959-cu ildə BDU-nun Fizika fakültəsinə daxil olmuşdur. 1964-cü ildə həmin fakültəni bitirdikdən sonra BDU-nun Nəzəri fizika kafedrasında aspiranturaya qəbul olunmuş,  1968-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildə Nəzəri fizika kafedrasının professoru elmi adı almışdır. 1967-ci ildən Nəzəri fizika kafedrasında müəllim, dosent və professor vəzifəsində çalışmışdır. 60-dan çox elmi məqaləsi çap edilmişdir. Rusiyada, İngiltərədə, İranda keçirilmiş Nəzəri fizika üzrə beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. 1989-1994-cü illərdə BDU-nun Fizika fakültəsinin dekan müavini, 1994-2004-cü illərdə isə dekanı işləmişdir. 2004-cü ildə Nəzəri fizika kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2004-2006-cı illərdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2006-cı ildən ömrünün sonunadək BDU-nun axşam və əlavə təhsil üzrə prorektoru vəzifələrində çalışmışdır. Respublika Təhsil Nazirliyinin fizika üzrə Elmi-metodiki Şurasının və fizika üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri vəzifəsində çalışmışdır. 1972-1976-cı illərdə Əlcəzairdə işləmişdir. Rəhbərliyi ilə bir nəfər elmlər namizədi hazırlanmışdır. “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

 

Zeynallı  Azər Hənəfi oğlu

(1930-2010)

Fizik

1930-cu ildə anadan olmuşdur. 1949-1954-cü illərdə Azərbaycan Dövlət Uni­­versitetinin Fizika fakültəsində təhsil almışdır. 1954-cü ildə İoffe adına Leninqrad Fizika-Texniki İns­ti­tutunun aspiranturasına qəbul olunmuş, 1960-cı ildə namizədlik, 1973-cü ildə doktorluq dissertasiyası­nı müdafiə etmişdir. 1964-cü ildə “Eksperimental fi­zika” kafedrasında dosent vəzifəsinə keçmişdir. 1975-1991-ci illərdə Ümumi fizika kafedrasına rəhbərlik etmişdir. 1967-ci ildə A.H.Zeynallı həmin kafedranın nəzdində “Yarımkeçiricilər fizikası” elmi-təd­qiqat problem laboratoriyasını yaratmış və 1991-ci ilə qədər ona rəhbərik et­mişdir. O, 10-dan çox müəlliflik şəhadətnaməsi almış, 25-dən çox dissertasiya işinə rəhbərlik etmiş və 200-dən çox elmi mə­qa­lə­nin müəllifi olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görül­müş­dür.

 

MƏMMƏDOV MƏMMƏD ŞIXƏLİ OĞLU

(1934)

Fizik

21 mart 1934-cü ildə anadan olmuşdur. 1954-cü ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fa­kü­ltəsinə daxil olmuş, 1959-cu ildə BDU-nu bitir­dik­dən sonra EA-nın Fizika İnstitutunda əmək fəa­liy­yətinə başlamış, 1960-cı ildə aspiranturaya qəbul olu­naraq Moskva və Xarkov şəhərlərinə ezam olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri na­miz­ədi alimlik dərəcəsini almışdır. 1971-ci ildə dosent, 1991-ci ildə professor elmi adı almışdır. 1982-1984 illərdə BDU-da xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə axşam və qiyabi təhsil üzrə prorektor vəzifəsini icra etmişdir. Hazırda Maddə quruluşu kafedrasının professoru, Fizika fakültəsinin Tədris-Metodiki Şurasının sədridir.

Elmi fəaliyyəti, əsasən, bioloji sistemlər fizikası, polimerlər fizikası, po­limer-polimer-su və poli­mer-qeyri-üzvi elektrolit ikifazalı sistemlərində faza keçidlərinin, fazalara ayrılma mexaniz­minin molekulyar aspektlərinin təd­qiqi, geniş tətbiq imkanlarına malik olan yeni ikifazalı sulu polimer sis­temlərinin axtarılması və onların fiziki-kimyəvi xassələrinin öyrənilməsi ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150 elmi məqalənin, 7 kitab və 4 metodik vəsaitin, 1 patentin müəllifidir. “Əməkdar müəllim” fəxri adı almış, “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

 

 

QOCAYEV NİFTALI MEHRALI OĞLU

(1936)

Fizik

18 oktyabr 1936-cı ildə anadan olmuşdur. 1953-cü ildə BDU-nun Fizika-riyaziyyat fakültəsinin fizika bölməsinə daxil olmuşdur. 1958-ci ildə BDU-nu nəzəri fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək Molekulyar fizika kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1959-cu ildə SSRİ EA-nın Yüksək Molekullu Birləşmələr İnstitutunun aspiranturasına daxil olmuş, 1962-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1962-ci ildən BDU-nun Molekulyar fizika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1979-cu ildə professor elmi adı almışdır. 1965-68-ci illərdə SSRİ Ali Məktəb Müəllimlərinin İxtisasartırma fakültəsinin dekanı, 1968-84-cü illərdə Optika və molekulyar fizika kafedrasının müdiri vəzifələrində işləmişdir. 1980-ci ildən BDU-da “Molekulyar Biofizika” Elmi-Tədqiqat Problem Laboratoriyasının müdiri, 2006-cı ildən isə BDU-nun nəzdində yaradılmış Fizika Problemləri İnstitutunun “Nəzəri fizika” şöbəsinin müdiri, Optika və molekulyar fizika kafedrasının professoru vəzifələrində çalışır.

16 elmlər doktoru və fəlsəfə doktoru dissertasiya işlərinin elmi rəhbəri olmuşdur. 400-dən çox məqalənin müəllifidir. Azərbaycan, Rusiya və Türkiyədə nəşr olunmuş 16 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Uzun müddət BDU-nun Elmi Şurasının üzvü, Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda fakültə Elmi Şurasının və Dissertasiya Şurasının üzvüdür. 2001-ci ildən “Journal of Qafqaz University” Beynəlxalq Elmi Jurnalının Baş Redaktorudur.

 

Qulİyev Baxşəlİ İmamqulu oğlu

(1936)

Fizik

30 iyun 1936-cı ildə anadan olmuşdur. 1959-cu ildə Bakı Dovlət Univer­sitetinin Fizika fakültəsinə daxil olmuş və 1964-cü ildə həmin fakültəni bitir­mişdir. 1964-cü ildə EA-nın Fizika İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspi­ranturanı SSRİ EA-nın Leninqraddakı A.F.İoffe adına Fizika-Texniki İnstitutunda keçərək 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1986-cı ildə professor elmi adı almışdır. 1969-cu ildən BDU-nun Nəzəri fizika kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1971-ci ildə Bərk cisimlər fizikası kafedrasına kecərək müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1996-cı ildən elmi və pedaqoji fəaliyyətini Türkiyənin Van şəhərinin Yüzüncü il Universitetində davam etdirir.

Elmi fəaliyyəti nazik təbəqələrdə köçürmə hadisələri ilə bağlıdır. 1971-1996-cı illər kafed­rada işlədiyi müddətdə yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 70-dən cox elmi məqalənin müəllifi olmuşdur. Rəhbərliyi ilə 5 namizədlik dissertasiya işi müdafiə edilmişdir. BDU-nun Fizika fakültəsinin Elmi Katibi və BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur.

 

 

ƏLİyev Məmməd NOVRUZ oğlu

(1942)

Fizik

18 sentyabr 1942-cı ildə anadan olmuşdur. 1959-1964-cü ildə BDU-nun Fizika fakültəsində təhsil almışdır. 1964-cü ildə EA-nın Fizika İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspiranturanı Kazan Universitetində keçərək 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor elmi adı almışdır. 1969-cu ildən BDU-nun Nəzəri fizika kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1971-ci ildə Bərk cisimlər fizikası kafedrasına kecərək müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1971-1972-ci illərdə Parisin “Ecole normale superieure” ali məktəbində elmi ezamiyyətdə olmuşdur. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin Fizika kafedrasinda müdir vəzifəsinə çalışmışdır. Sonralar Türkiyə və İspaniyada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olmuşdur. İspaniyada diplomatik fəaliyyəti dövründə İspan kralı tərəfindən İspaniyanın ən yüksək ordeni ilə təltif olunmuşdur.

Elmi fəaliyyəti bərk cisimlərdə aşağı temperaturlar oblastında elektron, nüvə və akustik maqnit rezonansının mikroskopik nəzəriyyəsi ilə bağlıdır. 1971-1992-ci illər kafedrada işlədiyi müd­dətdə yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 60-a yaxın elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 3 namizədlik dissertasiya işi müdafiə edilmişdir.

 

KAZIMZADƏ AYDIN HƏSƏN OĞLU

(1950)

Fizik

8 avqust 1950-ci ildə anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə BDU-nun Fizika fakültəsini bitirərək Yarım­keçiricilər fizikası kafedrasının nəzdində 01.04.10 –Yarımkeçiricilər və dielek­t­rik­lər fizikası ixtisası üzrə aspiranturaya daxil olmuş­dur. 1975-ci ildə na­mizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1988-ci ildə professor elmi adı almışdır.

2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1973-cü ildən BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında elmi və pedaqoji fəaliyyətə başla­mışdır. Yarımkeçiricilər fizikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalış­mışdır. 1996-cı ildən BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının müdiri vəzifəsində çalışır. 2011-ci ilin may ayından BDU-nun Elm və İnnovasiyalar üzrə prorektorudur.

1976-cı ildə elm və texnika sahəsində “Respublika Lenin Komsomolu” mü­kafatına, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Elmi fəaliyyəti, əsasən, yarımkeçiricilərin və yarımkeçirici cihazların fizikası və texnikası ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 322 elmi və publisistik məqalənin müəllifidir. Rəhbərliyi ilə 30-dan çox magistr dis­sertasiyası yerinə yetirilmiş, 2 elmlər doktoru, 9 elmlər namizədi hazırlanmışdır.

Təhsil Nazirliyinin “Fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurası”nın sədr müavinidir. Bakı Dövlət Universitetinin və Fizika fakültəsinin Elmi Şuralarının, “Bakı Universitetinin Xəbər­ləri” jurnalının Redaksiya Heyətinin üzvü, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının sədridir.

 

 

MƏSİMOV ELDAR ƏLİ OĞLU

(1941)

Fizik

17 dekabr 1941-ci ildə anadan olmuşdur. 1963-cü ildə Xarkov Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan SSR EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1969-cu ildə  fizika-riyaziyyat elmləri namizədi, 1984-cü ildə Biofizika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildə professor elmi adı almışdır.

1970-ci ilə qədər Fizika İnstitutunda işləmiş, sonra isə BDU-nun Fizika fakültəsinin Maddə quruluşu kafedrasının assistenti, baş müəllimi, dosenti və professoru vəzifələrində çalışmışdır. 1992-ci ildən həmin kafedranın müdiridir və BDU-nun nəzdindəki “Fizika problemləri” ETİ-nin “Bioloji sistemlər fizikası” şöbəsinin müdiri vəzifəsini yerinə yetirir. Təhsil Nazirliyində Elm İdarəsinin rəisi, Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, rektor əvəzi vəzifələrində işləmişdir.

Uzun müddət BDU-da fəaliyyət göstərən namizədlik və doktorluq müdafiəsi elmi şurasına rəhbərlik etmişdir. “Bakı Universitetinin Xəbərləri” və “Journal of Qafqaz University” jurnallarının redaksiya heyətlərinin üzvüdür. 1990-1995-ci illərdə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Elmi fəaliyyəti, əsasən, bioloji sistemlərdə qarşılıqlı təsirlər və struktur problemləri və ümumiyyətlə, bioloji strukturların təşkili prinsipləri ilə əlaqədardır. 400-dən çox elmi əsərin, 2 patent, 30 monoqrafiya, dərslik və dərs vəsai­tinin müəllifidir. Onun rəhbərliyi ilə 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.

“Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülmüşdür.

 

 

ƏHMƏDOV FAİQ ABDULƏVVƏL OĞLU

(1940-2011)

Fizik

16 oktyabr 1940-cı ildə anadan olmuşdur. 1957-1962-ci illərdə BDU-nun fizika-riyaziyyat fakül­tə­sində təhsil almış, 1962-1965-ci illərdə M.V.Lo­mo­nosov adına Moskva Dövlət Uni­ver­si­te­tində aspirant olmuşdur. 1966-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1994-cü ildə professor elmi adı almışdır. 1966-cı il­dən müəllim, baş müəllim, dosent vəzifələrində ça­lışmışdır. 1994-2011-ci illərdə Optika və molekulyar fizika kafedrasının professoru, kafedra müdiri və­zifəsində çalışmışdır. 100-dən artıq elmi mə­qa­lənin və 12 kitabın müəllifidir. “Əməkdar müəllim” adına layiq görülmüşdür.

 

ABDİNOV ƏHMƏD ŞAHVƏLƏD OĞLU

(1945)

Fizik

30 may 1945-ci ildə anadan olmuş, 1963-1968-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil almışdır. 1969-1971-ci illərdə SSRİ EA A.F.İoffe adına Fizika-Texniki İnstitutunda (Leninqrad şəhəri) “Yarımkeçiricilərin və dielektriklərin fizikası” ixtisası üzrə aspirant olmuş, 1972-ci ildə elmlər namizədi, 1979-cu ildə elmlər doktoru dissertasiyası müdafiə etmiş, 1981-ci ildə professor elmi adı almışdır.

1971-ci ildə BDU-nun Fizika fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamış, Yarımkeçiricilərin fizikası kafedrasında assistent, baş müəllim, dosent, professor, Fizika fakültəsinin dekanı (1988-1989), “Bərk cisim elektronikası” ETL-in müdiri və elmi rəhbəri (1989-2005) olmuşdur. 1992-ci ildən BDU-nun Fiziki elektronika kafedrasının müdiridir.

1993-2000-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini və müəyyən dövrlərdə nazir əvəzi vəzifəsində çalışmışdır.

1976-cı ildə “Elm və Texnika sahəsində Komsomol Mükafatı Laureatı”, 1993-cü ildə “Beynəlxalq Soros Fondu Mükafatçısı” olmuşdur.

Elmi fəaliyyəti qismən nizamsız yarımkeçirici material və strukturlarda elektron proseslərin xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədardır. Nüfuzlu yerli və xarici nəşrlərdə 380-dən çox elmi (onlardan 120 iş indekslənən elmi jurnallarda) və 30-dan çox publisistik əsəri çap olunub. 2 ixtiranın, ali məktəblər üçün 5 dərsliyin və 25 fənn proqramının müəllifidir. Elmi işlərinə xarici ölkə alimləri tərəfindən 250-dən artıq istinad var. Nüfuzlu Beynəlxalq elmi konfranslarda 50-dən artıq məruzəsi dinlənilmişdir.

Rəhbərliyi ilə 15 magistr, 31 elmlər namizədi, 7 elmlər doktoru dissertasiyası, müdafiə sənayesi məsələləri ilə bağlı 10 irihəcmli təsərrüfat müqaviləli tədqiqat işi yerinə yetirilib.

AMEA-nın Respublikada Elmi-Tədqiqatların Təşkili və Əlaqə­ləndirilməsi üzrə Koordinasiya Şurasının Fizika üzrə Problem Şurasının, BDU-nun Fizika fakültəsinin Elmi Şurasının, BDU-nun nəzdində fəaliyyət göstərən D 02.012 Dissertasiya Şurasının üzvüdür.

 

 

ƏSGƏROV ŞAHLAR QAÇAY OĞLU

(1941)

Fizik

15 iyun 1941-ci ildə anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmiş və 1964-cü ildə universitetin aspi­ranturasına daxil olaraq prof. L.A.Senanın rəhbərliyi (Leninqrad) ilə alçaq enerjili ionlar ilə katod tozlanmasını öyrənmişdir. 1970-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Uni­versitetdə müəllim, dosent, dekan müavini, bey­nəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışmışdır. Hazırda universitetin Fiziki elektronika kafedrasının professorudur. 1974-cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçmiş, metal-yarımkeçirici kontaktını  öyrənmiş və kontaktın qeyri-bircins modelini təklif etmişdir.

250-dən çox elmi, 700-dən artıq elmi-publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəl­lifidir. 20-ə qədər dissertasiya işinə, onlarla magistr işinə rəhbərlik etmişdir.

İki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş və 2000-2005 illərdə Elm və Təhsil Komitəsinə sədrlik etmişdir. “Şöhrət” ordeni və Əməkdar elm xadimi fəxri adları ilə təltif edilmişdir. Prezident təqaüd­çüsüdür. Bir sıra beynəlxalq akademiyaların (РАЕ , АСПН ) üzvüdür.

 

 

MAHMUDOV ADİL UMUD OĞLU

(1937-2009)

Fizik, kimyaçı

23 fevral 1937-ci ildə anadan olmuşdur. 1954-1959-cu illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almış və universiteti fərq­lənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə na­mizədlik, 1990-cı ildə doktorluq dissertasiyası mü­dafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi al­mışdır. O, 1990-cı ildə professor adına layiq görülmüş və həmin zamandan ömrünün sonuna kimi BDU-nun Optika və molekulyar fizika kafedrasının professoru vəzifəsində çalışmışdır. 1985-1990-cı illərdə həmin kafedranın müdiri vəzifə­sində çalışmışdır.

 

MÜRSƏLOV TAHİR MƏMMƏDRZA OĞLU

(1948-2005)

Fizik

1948-ci ildə anadan olmuşdur. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunmuş, 1971-ci ildə bu fakültəni fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda mühəndis, Neft Kimya Prosesləri İnstitutunda və Kibernetika İnstitutunda kiçik elmi işçi işləmişdir. 1974-cü ildə BDU-nun fizika fakültəsində yeni yaradılmış Atom və molekulların kvant mexanikası (1988-ci ildən etibarən Kimyəvi fizika) kafedrasının assistenti, baş müəllimi, dosenti və 1994-cü ildən isə professoru seçilmişdir. 1995-2005-ci illərdə kafedra müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda, 1993-cü ildən “Kvant kimyası” ETL-in rəhbəri olmuşdur. 1978-ci ildə “Nəzəri və riyazi fizika” ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1993-cü ildə “İstilik fizikası və molekulyar fizika” ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 30 ildən çox atom və molekul fizikası üzrə elmi iş aparmış, respublika və beynəlxalq elmi jurnallarda 100-ə yaxın elmi işi çap olunmuşdur.

Elmi rəhbərliyi ilə 6 nəfər elmlər namizədi hazırlanmışdır. Bir sıra dərslik və dərs vəsaitinin müəllifi və həmmüəllifidir.

 

 

ABBASOVA ADİLƏ ZİYATXAN QIZI

(1942)

Fizik

3 avqust 1942-ci ildə anadan olmuşdur. 1964-cü ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş­dir. Əmək fəaliyyətinə EA-nın Fizika İnstitutunda başlamışdır. 1974-cü il­dən Moskvanın Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, laboratoriya müdiri, 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katib­li­yində bölmə müdiri, şöbə müdiri işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisi Aparatının sosial qanunvericilik şöbəsinin müdiridir. 1995-ci ildən BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının professorudur. Bir sıra beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmiş­dir. İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən 1999-cu və 2001-ci ilin qadını elan olun­muş, haqqında həmin Mərkəzin nəşr etdirdiyi “XX əsrin görkəmli adamları” ensiklopedik kitabına məlumat daxil edilmişdir. 1 monoqrafiyanın, 100-ədək elmi əsərin, 5 ixtiranın müəllifidir.

 

Salmanov Vaqİf Müseyİb oglu

(1942)

Fizik

24 dekabr 1942-ci ildə anadan olmuşdur. 1959-cu ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, tələbəlik illərində Lenin təqaüdünə layiq görülmüşdür. 1964-cü ildə BDU-nun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirərək, universitetin Yarımkeçiricilər fizikası kafedrasının nəz­dində 01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1969-cu ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1981-ci ildə professor elmi adı almışdır. 1967-ci ildən Yarımkeçiricilər fizikası kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamış, assistent, baş müəllim vəzifələrində çalışmışdır. Hazırda həmin kafedranın professorudur.

Elmi fəaliyyəti, əsasən, yarımkeçirici birləşmələrdə lazer şüalarının təsiri ilə qeyri-xətti optik və elektron proseslərin tədqiqi ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 205 elmi məqalə, 2 monoqrafiya və 7 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 30-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 1 elmlər doktoru, 8 elmlər namizədi hazırlanmışdır.

1982-1986-cı illərdə Əlcəzair Respublikasının Sidi-Bel-Abbas şəhərindəki Universitetin Fizika kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1992-1998-ci illərdə Təbriz Universitetinin “Tətbiqi Fizika Mərkəzi”ndə Lazer spektroskopiyası” sahəsində elmi-tədqiqat işləri aparmışdır.

“Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. BDU-nun Fizika fakültəsinin Elmi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Fizika və Astronomiya elmləri üzrə Ekspert Şurasının sədridir.

 

QƏHRƏMANOV NADİR FƏRRUX OĞLU

(1945)

Fizik

24 may 1945-ci ildə anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1968-ci ildən 2000-ci ilə qədər BDU-nun Ümumi fizika kafedrasında laborant, müəllim, dosent, professor, kafedra mü­diri vəzifələrində iş­lə­mişdir. 1967-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dis­sertasiyası müdafiə etmişdir. 1986-cı ildə profes­sor elmi adı almışdır. Azər­baycan Respublikası Prezidentinin 31 may 2000-ci il sərəncamı ilə Sum­qayıt Dövlət Universitetinin rektoru təyin edilmiş və 16 dekabr 2013-cü ilə qədər bu vəzifədə çalışmışdır.

Elmi fəaliyyəti Mendeleyev cədvəlinin I, III, VI qrupuna daxil olan ele­mentlər əsasında yeni yarımkeçirici birləşmələrin alınması və bu birləşmələrin fundamental fiziki xassələrinin tədqiqi, kristallaşma zamanı güclü seqreqasiyaya malik olan binar bərk məhlulların müxtəlif tərkib paylanmalı monokristallarının alınma üsullarının işlənib hazırlanması ilə əlaqədardır.

Xarici ölkələrdə və respublikada çap olunmuş 300-dən çox elmi əsərin, 8 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 61 müəlliflik şəhadətnaməsinin, 30-dan artıq elmi publisist məqalənin müəllifidir. Rəhbərliyi ilə 8 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır. Sədrliyi və həmsədrliyi ilə 14 Beynəlxalq və 30 Respublika Elmi konfransı keçirilmişdir. “Şöhrət” ordeni, AHİK-in yubiley medalı və döş nişanı ilə təltif olunmuşdur.

 

 

ABDULLAYEV SƏRHƏDDİN QUBADDİN OĞLU

(1939)

Fizik

14 aprel 1939-cu ildə anadan olmuşdur. 1958-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Bir il Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi vəzifəsində çalışmışdır. 1964-cü ildə BDU-nun Nəzəri fizika kafedrasının nəzdində nəzəri və riyazi fizika ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1970-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1967-ci ildən Bakı Dövlət Uni­ver­sitetində elmi-pedaqoji fəaliyyətə başlamışdır. Maddə quruluşu kafedrasında assistent, sonralar isə Nəzəri fizika kafedrasında baş müəllim, dosent vəzifələrində çalışmış, hal-hazırda həmin kafedranın professoru kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.

Elmi fəaliyyəti, əsasən, yüksək enerjilər fizikası ilə əlaqədardır. İlk dəfə lepton-lepton, lepton-hadron və hadron-hadron toqquşmalarında baş verən proseslərdə elektrozəif asimmetriyaları tam şəkildə hesablamağa imkan verən orijinal üsul təklif etmişdir. Yerli və xarici jurnallarda çap edilmiş 165-dən çox elmi məqalənin, 75-ə yaxın müxtəlif dərslik, dərs və metodik vəsaitin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Müstəqil respublikamızın orta məktəblərinin fizikadan ilk məsələ kitablarının və dərsliklərin yazılmasında yaxından iştirak etmişdir. Onun rəhbərliyi ilə 8 elmlər namizədi hazırlanmış, 25-dən çox magistr dissertasiyası yerinə yetirilmişdir. Təhsil Nazirliyinin tələbələr və şagirdlər arasında Fizika olimpiadalarını keçirən münsiflər heyətinin fəal üzvü, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının üzvüdür.

 

 

PƏNAHOV MƏZAHİR MƏHƏMMƏD OĞLU

(1951)

Fizik

13 mart 1951-ci ildə anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1976-ci illərdə Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitutunun aspiranturasında oxumuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim, 1988-ci ildə isə dosent vəzifəsinə təyin olunmuşdur. 1979-cu ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1993-cu ildən professor elmi adı almışdır. 1982-1983-ci illərdə Böyük Britaniyada olmuş, Mançester Universitetində, Təbiət elmləri və Texnologiya İnstitutunda (UMİST) tədqiqatlar aparmışdır. 1991-cı ildən Ümumi fizika kafedrasında dosent, 1996-cı ildən kafedra müdiridir.

Elmi fəaliyyəti, əsasən, mürəkkəb quruluşlu bərk cisimlərdə elektron və optik hadisələrin tədqiqi ilə əlaqədardır. Rəhbərliyi ilə bir elmlər doktoru və bir elmlər namizədi hazırlanmışdır. Yerli və xarici nəşrlərdə dərc edilmiş 100-dən çox elmi məqalə və 3 dərs vəsaitinin müəllifidir. 2000-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədridir.

 

 

QULUZADƏ CƏFƏR MÜSEYİB OĞLU

(1936)

Astrofizik

27 avqust 1936-cı ildə anadan olmuşdur. 1961-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Universitetini bitirib Astrofizika kafedrasında aspiranturaya daxil olmuşdur. 1966-cı ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1991-ci ildə professor elmi adı almışdır. 1966-1969-cu illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsəd­xa­nasında çalışmış­dır. 1969-cu ildən BDU-nun Molekulyar fizika və optika kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1975-ci ildən Astrofizika kafedrasında dosent, 1991-ci ildən professor vəzi­fəsində,  1997-ci ildən BDU-nun Astrofizika kafedrasının müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti, əsasən, Günəş fizikası ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə 200-dən çox elmi məqalənin müəllifidir. Rəhbərliyi ilə 25-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 1 elmlər doktoru, 3 elmlər namizədi hazırlanmışdır, 7 dərslik və dərs vəsaitinin, 1 monoqrafiyanın müəllifidir.

1991-ci ildən kosmosun öyrənilməsində və gənc kadrların hazırlanmasında xidmətlərinə görə SSRİ Kosmonavtika Federasiyasının diplomuna layiq gö­rülmüşdür. 2001-ci ildən Avropa Astronomiya Cəmiyyətinin üzvüdür. “Əmək­dar müəllim” fəxri adına layiq görülmüşdür.

Fizika fakültəsinin Elmi Şurasının, “Bakı Universitetinin Xəbərləri” və “Azərbaycan Astronomiya jurnalının” Redaksiya Heyətinin üzvü, Şamaxı Astrofizika Rəsədxanasının nəzdində fəaliyyət göstərən 21.08.01 – “Astronomiya və Ulduz astronomiyası” Dissertasiya Şurasının sədr müavinidir.

 

Həsənlİ Nİzamİ Məmməd oğlu

(1941)

Fizik

15 sentyabr 1941-ci ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra SSRİ Elmlər Akade­miyasının A.F.İoffe adına Fizika və Texnika İnstitutunun aspiranturasına da­xil olmuşdur. 1972-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildə professor elmi adı almışdır. 1964-cü ildən BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında elmi və pedaqoji fəaliyyətə başla­mışdır. Yarımkeçiricilər fizikası kafedrasında laborant, müəllim, baş müəl­lim, dosent vəzifələrində çalışmışdır. 1989-1991-ci illərdə Fizika fakül­tə­sində dekan müavini vəzifəsində işləmişdir.

1992-ci ildən Ankara Texniki Universitetində professor vəzifəsində çalışır. BDU-nun Bey­nəlxalq Elmi Araşdırmalar Mərkəzinin ştatdankənar elmi işçisidir.

 

 

ƏLİYEV ƏLİ OSMAN OĞLU

(1941-2008)

Fizik

1941-ci ildə anadan olmuşdur. 1957-ci ildə Bakı Dövlət Univresitietinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1962-ci ildə BDU-nun Fizika fakültəsini bitirdikdən sonra Yarımkeçiricilər fizikası kafedrasının nəzdində yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1968-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında müəllim, 1970-ci ildən baş müəllim və 1978-ci ildən isə həmin kafedrada dosent vəzifəsində çalışmışdır. 1993-cü ildə həmin kafedranın professoru olmuşdur.

Elmi fəaliyyəti yarımkeçirici-seqnetoelektrik birləş­mələri və onlar əsasında əmələ gələn bərk məhlullarda faza keçidləri ətrafında qeyri-tarazlı elektron proseslərinin tədqiqi ilə əlaqədardır. Bir sıra yerli və beynəlxalq konfranslarda iştirak etmişdir. 40-dan çox elmi məqalə və bir dərs vəsaitinin müəllifidir. Rəhbərliyi ilə bir namizədlik dissertasiyası müdafiə edilmişdir.

 

 

İsmayılov Tarİyel HümbƏt oğlu

(1949)

Fizik

16 oktyabr 1949-cu ildə anadan olmuşdur. 1967-cı ildə Bakı Dovlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə təhsilini başa vurmuş, 1981-ci ildə 01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2006-cı ildə professor elmi adı almışdır. 1972-ci ildən 2000-ci ilə qədər AMEA-nın Fizika İnstitutunun Yarım­ke­çi­ricilərin nəzəriyyəsi laboratoriyasında baş laborant, elmi işçi, aparıcı elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmış, həmin institutun Elmi Katibi olmuşdur. 1985-1992 ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində nəzəri qrupun rəhbəri olmuşdur. 2000-ci ildən BDU-nun Bərk cisimlər fizikası kafedrasında professor vəzifəsində elmi və pedaqoji fəaliyyətə başlamışdır.

Elmi fəaliyyəti əsasən aşağıölçülü elektron sistemlərin optik xassələri, spintronika, fotonika və lazer fizikası ilə bağlıdır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 100-dən cox elmi məqalənin müəllifidir. Bu məqalələrdən 18-i Tomson Reyter Agentliyi tərəfindən indekslənən elmi jurnallarında çap edilmişdir. Rəhbərliyi ilə 15 magistr və 7 namizədlik dissertasiya işi müdafiə edilmişdir. Bakı Dovlət Universiteti fizika fakültəsi Tədris Metodiki Şurasının və BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının üzvüdür.

 

 

ƏLİYEVA İRADƏ NURƏDDİN QIZI

(1959)

Biofizik

23 oktyabr 1959-cu ildə anadan olmuşdur. 1976-cı ildə BDU-nun Fizika fakültəsinə daxil olmuş və 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə aspiranturaya daxil olmuş­dur. 1986-cı ildə hə­min ixtisas üzrə fizika-riyaziy­yat elmləri namizədi, 2000-ci ildə “Biofizika” ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcələrini almaq üçün dissertasiya müdafiə etmişdir. 2007-ci ildə “Biofizika” ixtisası üzrə professor elmi adı almışdır. 1986-2011-ci illər ərzində BDU-da “Molekulyar biofi­zika” Elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, “Fizika problemləri” Elmi-tədqiqat İnstitutunda baş elmi işçi və Elmi-tədqiqat hissəsinin müdiri vəzifələrində çalışmışdır. 2011-ci ilin may ayından BDU-nun Tədrisin təşkili və təlim texno­lo­giyaları üzrə prorektorudur. Elmi fəaliyyəti əsasən bioloji aktiv molekulların – zülal, peptid və hormonların fəza quruluşunun və quruluş-funksiya əlaqələrinin tədqiqi ilə bağlıdır. Yerli və xarici nəşrlərdə dərc edilmiş 300 elmi əsərin, bir monoqrafiyanın, dərslik və dərs vəsaitinin, bir ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 5 elmlər namizədi hazırlanmışdır. “Tərəqqi” medalı ilə təltif olunmuşdur. BDU-nun Elmi Şurasının, “Bakı Universitetinin Xəbərləri” jurnalının Redaksiya Heyətinin üzvü və BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının üzvüdür.

 

 

RAMAZANOV MƏHƏMMƏDƏLİ ƏHMƏD OĞLU

(1958)

Fizik

31 oktyabr 1958-ci ildə anadan olmuşdur. 1975-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş və 1980-ci ildə həmin fakültəni bitirmişdir. 1983-cü ildə EA-nın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və 1989-cu ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə namizədlik, 2009-cu ildə isə “Bərk cisim fizikası” ixtisası və “Kimyəvi fizika” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 2012-ci ildə “Kimyəvi fizika” ixtisası üzrə professor elmi adı almışdır. 1982-ci ildən 1986-cı ilə qədər EA-nın Fizika İnstitutu nəzdindəki XKB ″Registrdə″ böyuk mühəndis, 1986-1992-ci illərdə “Kompozit quruluşlar” laboratoriyasının müdiri, 1992-2004-cü illərdə Fizika İnstitutunda aparıcı elmi işçi, 2004-2005-ci illərdə AMAKA-nın Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda direktorun 1-ci müavini, 2005-2006-cı illərdə  BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda direktor müavini, 2006-cı ildən BDU-da “Nanomaterial­ların kimyəvi fizikası” kafedrasının müdiri, 2012-ci ildən Fizika fakültəsinin dekanı vəzifəsində işləyir.

Elmi fəaliyyəti, əsasən, kompozit materiallar fizikası, tibbi fizika, nanotex­nologiya ilə əlaqədardır. Yerli və xarici jurnallarda dərc edilmiş 315 elmi mə­qalənin (bunlardan 73 məqalə Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnaldır), ABŞ-da dərc edilmiş 1 monoq­rafiyanın, 1 dərsliyin, 2 dərs və­saitinin və 2 populyar kitabın müəllifidir. Rəhbərliyi ilə 7 magistr dissertasiyası yerinə yetirilmiş, 7 nəfər fizika və kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır.

Fizika fakültəsinin Elmi Şurasının sədri və Fizika Problemləri İnstitutu və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Texniki Şuralarının üzvü, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının sədr müavini, “Bakı Universitetinin Xəbərləri” jurnalının Fizika-riyaziyyat seriyasının redaktorudur.

 

 

ƏBDÜLVAHABOVA SACİDƏ QAFAR QIZI

(1947)

Fizik

2 iyun 1947-ci ildə anadan olmuşdur. 1964-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1969-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra 1970-1972-ci illərdə Moskva vilayətinin Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun aspirantı, 1972-1974-cü illərdə oranın stajoru olmuşdur. 1974-cü ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, həmin ildə professor elmi adı almışdır. 1974-cü ildən Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasında çalışır. Elmi fəaliyyəti, əsasən, nəzəri nüvə fizikası istiqamətində elmi-tədqiqat işləri ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150 elmi və publisistik məqalənin, 1 dərsliyin müəllifidir. Rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır. AMEA-nın “Nüvə tədqi­qatları” üzrə Elmi Şurasının, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının üzvü və həmin şuranın nəzdində fəaliyyət göstərən Elmi seminarın sədridir. “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

 

MURADOV ƏHLİMAN XANƏLİ OĞLU

(1947)

Fizik

9 iyul 1947-ci ildə anadan olmuşdur. 1965-1970-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil almış, universitetin Fiziki elektronika kafedrasında aspi­ranturaya daxil olmuşdur. 1975-ci ildə namizədlik, 1993-cü ildə doktorluq disser­ta­siyası müdafiə etmiş, 1994-cü ildə professor elmi adı almışdır. 1974-cü idən BDU-nun Fiziki elektronika kafedrasında elmi və pedaqoji fəaliyyətə baş­lamışdır. Fiziki elektronika kafedrasında assistent, baş müəllim, dosent vəzifə­lərində çalışmışdır.

Elmi fəaliyyəti əsasən qazlarda elektrik boşalmaları və plazma fizikası ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə 100-ə yaxın elmi məqalənin müəllifidir. Rəhbərliyi ilə 10-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 1 elmlər namizədi hazırlanmışdır. BDU-nun Fizika fakültəsinin Elmi Şurasının üzvüdür. BDU-nun Fizika fakültəsinin və AMEA-nın Fizika İnstitutu nəzdindəki müdafiə şuralarının və AR Prezidenti yanında AAK-ın fizika üzrə Ekspert Şurasının üzvü olmuşdur.

 

 

MƏMMƏDOV RASİM QARA OĞLU

(1950)

Fizik

1 iyun 1950-ci ildə anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1975-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsi nəzdində Radiofizika ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1984-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2009-cu ildə professor elmi adı almışdır. 1974-cü ildən BDU-nun Fizika fakültəsində elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1979-cu ildən Optika və molekulyar fizika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1999-2004-cü illərdə fizika fakültəsinin dekan müavini və 2005-2012-ci illərdə dekan vəzifələrində işləmişdir. 2005-2010-cu illərdə BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 dissertasiya şurasının sədr müavini, 2010-2012-ci illərdə isə sədri olmuşdur. 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışır.

Elmi fəaliyyəti, əsasən, yarımkeçirici cihazlar fizikası və texnikası ilə əlaqədardır. İlk dəfə olaraq real metal-yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması hadisəsini aşkar etmişdir. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 200-dən artıq elmi və publisistik məqalənin müəllifidir. Rəhbərliyi ilə 10-dan çox magistr dissertasiyası yerinə yetirilmiş və 2 elmlər namizədi hazırlanmışdır. ”Tərəqqi” medalı ilə təltif olunmuşdur.

BDU-nun fizika fakültəsinin Elmi Şurasının, “Bakı Universitetinin Xəbərləri” jurnalının Redaksiya Heyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.

 

 

Qasımova Rəna Cümşüd qızı

(1952)

Fizik

11 dekabr 1952-ci ildə anadan olmuşdur. 1976-cı ildə Moskva Fizika Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və Elmi Şuranın qərarı ilə həmin institutda aspiranturada saxlanılmışdır. Aspiranturanı bitirdikdən sonra dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri na­mizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildə “01.04.10 –“Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1979-1985-ci illərdə BDU-nun Fizika fakült­ə­sinin problem labo­rato­riyasında kiçik elmi işçi, 1985-2004-cü illərdə Ümumi fizika kafed­rasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildə həmin ka­fedrada professor vəzifəsinə seçilmişdir və hazırda “Optika və molekulyar fizika” kafedrasının müdiri əvəzi, Fizika fakültəsinin elm və magistratura üzrə dekan müavini, BDU-nun SABAH qrupları mərkəzinin rəhbəri vəzifələrini icra edir. Fizika fakültəsinin Elmi Şurasının katibi, BDU-nun Nəşriyyat Şurasının və AAK Fizika üzrə Ekspert Şurasının üzvüdür.

Elmi fəaliyyəti bioloji molekulların quruluşlarının və quruluş-funksiya əlaqələrinin tədqiqi sahəsindədir. Lazer fizikası nəzəriyyəsi sahəsində elmi-tədqiqat işləri aparır. 122 elmi əsərin, o cümlədən 2 ixtira, 1 monoqrafiya və 1 elmi cihaz layihəsinin müəllifidir. Onun rəhbərliyi ilə 15-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 3 namizədlik dissertasiyası müdafiə edilmişdir. “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

 

ƏLİYEV İSFƏNDİYAR MAQSUD OĞLU

(1954)

Fizik

31 avqust 1954-cü ildə anadan olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş 1976-cı ildə bitirərək  Azərbaycan Elmlər Aka­de­miyasının Kosmik Tədqiqatlar İnstitutunda baş laborant vəzi­fəsində əmək fəaliyyətinə başlamışdır. 1982-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2006-cı ildə professor elmi adı almışdır.

1989-1990-cı illərdə AMEA-nın Radiasiya Prob­lemləri İnsti­tutunda, 1990-2003-cü illərdə AMEA-nın Fizika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1997-1999-cu illərdə əvəzçilik üzrə Azərbaycan Dövlət Neft Akademiyasının Fizika kafedrasında dosent vəzifəsində çalışmışdır.

2000-ci ildən BDU-nun Ümumi fizika kafedrasında pedaqoji fəaliyyətə başlamış və 2003-cü ildən həmin kafedranın professoru vəzifəsində çalışır.

Elmi fəaliyyəti, əsasən, yarımkeçiricilərin və onların əsasında bərk məhlulların fizikası və texnikası ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 155 məqalə və 3 patentin müəllifidir. Rəhbərliyi ilə 5 magistr dissertasiyası yerinə yetirilmişdir. Bakı Dövlət Universitetinin fizika fakültəsinin Elmi Şurasının, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür. 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attes­tasiya Komissiyasının “Fizika və Astronomiya” ixtisasları üzrə Ekspert Şurasının üzvü olmuşdur.

 

Fİqarova Sofya RÜstəm qızı

(1949)

Fizik

6 iyul 1949-cu ildə anadan olmuşdur. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1971-ci ildə bitirmişdir. 1974-cü ildə universitetin Bərk cisimlər fizikası kafedrasının nəzdində 01.04.10 - Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1981-ci ildə həmin ixtisas üzrə namizədlik, 2008-ci ildə 01.04.07 – Bərk cisimlər fizikası ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 2012-ci ildə professor elmi adı almışdır. 1972-ci ildən BDU-nun Bərk cisimlər fizikası kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Bərk cisimlər fizikası kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Hazırda həmin kafedranın professorudur.

Elmi fəaliyyəti, əsasən, aşağıölçülü elektron sistemlərdə köçürmə hadisələri, spintronika ilə bağlıdır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 115-dən cox məqalənin müəllifidir. Bu məqalələrdən 25-i Tomson Reyter Agentliyi tərəfindən indekslənən elmi jurnallarında çap edilmişdir. 2010-cu ildə akademik B.M.Əsgərovun həmmüəllifliyi ilə “Thermodynamics, Gibbs Method and Statistical Physics of Electron Gases” adlı monoqrafiyası ingilis dilində Avropanın Şpinger nəşriyyatı tərəfindən dərc olunmuşdur. Rəhbərliyi ilə 30-dan çox magistr, 3 namizədlik dissertasiya işi müdafiə edilmişdir. BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının üzvüdür.

 

 

Bağırov Talətdİn Orucqulu oğlu

(1960)

Fizik

 

20 may 1960-cı ildə anadan olmuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci illərdə EA-nın Fizika İnstitutunda işləmişdir. 1985-1988-ci illərdə Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasının nəzdində “İstilik fizikası və molekulyar fizika” ixtisası üzrə aspiranturaya daxil olmuş, elmi işini Rusiya Elmlər Akademiyasının A.N.Nesmeyanov adına Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir. 1988-ci ildə namizədlik, 2011-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2012-ci ildən BDU-nun Maddə quruluşu kafedrasının professoru vəzifəsinə seçilmişdir. 1982-1985-ci illərdə EA-nın Fizika İnstitutunda işləmiş, 1988-1989-cu illərdə Bakı Dövlət Universitetinin “Molekulyar biofizika” ETL-in baş laborant, 1989-1992-ci illərdə BDU-nun “Makromolekul məhlullarının fiziki-kimyası” ETLin böyük elmi işçi, 1992-ci ildən BDU-nun Maddə quruluşu kafedrasının müəllimi, dosenti və professoru və BDU “Fizika problemləri” ETİ “Bioloji sistemlər fizikası” şöbəsində 0,5şt. aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

Elmi fəaliyyəti, əsasən, bioloji sistemlərdə qarşılıqlı təsirlər və quruluş problemləri, bioloji strukturların təşkili prinsipləri ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 110 elmi məqalənin müəllifidir. Rəhbərliyi ilə 15-dən çox magistr dissertasiyası və 3 namizədlik dissertasiyası yerinə yetirilmişdir. BDU-nun Fizika fakültəsinin Elmi Şurasının və BDU-nun nəzdində fəaliyyət göstərən D.02.012 Dissertasiya Şurasının üzvüdür.

 

 

CƏFƏROV MAARİF ƏLİ OĞLU

(1960)

Fizik

4 avqust 1960-cı ildə anadan olmuşdur. 1977-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1982-ci ildə Fizika fakültəsini “Yarım­keçiricilər fizikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1982-ci ildə keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyinin Tətbiqi Fizika İnstitutunun Bakı filialında təyinatla mühəndis vəzifə­sində əmək fəaliy­yətinə başlamışdır. 1984-cü ildə EA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olunmuş, aspiranturanı müvəffəqiyyətlə bitirərək 1989-cu ildə na­mizədlik, 2007-ci ildə doktorluq dissertasiyası mü­dafiə etmiş, 2010-cu ildə professor elmi adı almışdır.

1993-cü ilədək AMEA-nın Fotoelektronika İnstitutunda böyük elmi işçi və­zifəsində çalış­mışdır. 1994-cü ilin yanvar ayında Bakı Dövlət Universitetinin Fizika fakültəsinin nəzdində “Bərk cisimlər elektronikası” Elmi-Tədqiqat laboratoriyasına aparıcı elmi işçi vəzifəsinə qəbul olunmuş, 1994-cü ilin dekabr ayından həmin laboratoriyanın müdiri vəzifəsinə təyin edilmişdir. 2010-cu ildən Yarımkeçiricilər fizikası kafedrasının professorudur.

200-dən çox elmi məqalənin, o cümlədən 4 müəlliflik şəhadətnaməsi, 2 patent və 1 mo­noqrafiyanın müəllifidir. 3 namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur. Azərbaycan Res­pub­likası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Fizika bölməsi üzrə Ekspert Şurasının üzvüdür.

 

HÜSEYNOV ƏLİ HƏSƏN OĞLU

(1952)

Fizik

6 yanvar 1952-ci ildə anadan olmuşdur. 1977-ci ildə BDU-nun Fizika fakültəsini bitirmişdir. Universiteti bitirdik­dən sonra Yarımkeçiricilər fizi­kası kafedrasının dissertantı olmuşdur. Oxuduğu müd­dətdə AMEA-nın Fizika İnstitutunda (1971-1974-cü illərdə) və Bakı Dövlət Universitetində işləmişdir. 1975-ci ildən BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim və dosent vəzifə­lərində çalışır. 1982-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik disser­tasiyasını, 2014-cü ildə fizika üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi fəaliyyəti, əsasən, yarımkeçiricilərin və yarımkeçirici cihazların fizikası ilə əlaqədardır. Yerli və xarici elmi nəşrlərdə 83 elmi məqalə və tezisləri dərc edilmişdir. Dörd dərslik müəllifidir. Onun rəhbərliyi ilə 10-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 6 elmlər namizədi hazırlanmışdır.

 

Bookmark and Share