Home Aze Ru Eng

Fakültənin tarixi

YARANMA TARİXİ

1920-ci ildə Fizika-riyaziyyat fakültəsinin nəzdində yaradılmış, ilk dekanı prof. V.F.Razdorski, 1958-ci ildən müstəqil fəaliyyətə başladıqda isə dekanı dos. Mədət Sərdarlı olmuşdur.

HAQQIMIZDA

Fakültədə təhsil forması əyanidir. Fənnlər Azərbaycan, rus və ingilis dillərində tədris olunur. 977 tələbə bakalavriat, 77 nəfər magistratura, 6 nəfər doktoranturada (3-ü xarici vətəndaş) təhsil alır. Fakültədə 2 ixtisas (fizika və fizika müəllimi) üzrə bakalavr, 13 ixtisaslaşma üzrə magistrant hazırlığı aparılır. 9 kafedra, 16 elmi-tədqiqat və 23 tədris laboratoriyası fəalliyyət göstərir. Hazırda fakültədə təhsil alan tələbə və magistrantlarla 86 nəfər akademik heyət çalışır. Onlardan biri akademik, 2-si AMEA-nın müxbir üzvü, 29 –u elmlər doktoru, professordur.

KAFEDRALAR

ÜMUMI FIZIKA

Fakültənin ilk kafedrası kimi 1924-cü ildə Fizika-riyaziyyat fakültəsinin nəzdində yaradılmışdır. Kafedranın ilk müdiri prof. Sergey Usatiy olmuşdur. Müxtəlif illərdə kafedraya prof. Bəhram Mirzəyev, dos. Kəriş Кöçərli və prof. Аzər Zeynallı rəhbərlik etmişlər. Ümumi fizika kafedrasında ixtisaslaşma kvant elektronikası sahəsi üzrə lazer fizikası və qeyri-xətti optika istiqaməti çərçivəsində işlər aparılır, xüsusi ilə təbəqəli domen strukturlarda kvazisinxron qarşılıqlı təsir və yeni perspektik qeyri-xətti metamateriallar dünya elmi mərkəzlərlə (TEXAS, Arizona universitetləri) əməkdaşlıq əsasında tədqiq olunur. Həmçinin kristalloqrafiya sahəsi üzrə, xüsusi ilə kristal strukturun parametrlərinə aşqarların təsirini və kristal qəfəsin faza keçidlərini müəyyən etmək üçün üçkomponentli birləşmələr öyrənilir. Bundan əlavə kafedrada metal və yarımkeçirici nanozərrəciklər əsasında alınmış kompozit nazik təbəqələrlə optik şüalanmanın qarşılıqlı təsirini nəzəri olaraq tədqiqi aparılır.

OPTİKA VƏ MOLEKULYAR FİZİKA

1952-ci ildə yaradılmışdır. İlk kafedra müdiri dos. Mehdi Əliyev olmuşdur. Uzun müddət kafedraya Əməkdar müəllim, prof. Faiq Əhmədov rəhbərlik etmişdir. Fəaliyyət göstərdiyi müddətdə kafedrada molekulyar ultraakustika, polimerlər fizikası və mexanikası, bioloji sistemlərin konformasiya təhlili və  metal-yarımkeçiricilərin kontaktları və kontaktlarda yaranan hadisələr üzrə elmi-tədqiqat işləri aparır. Bakalavr pilləsi üzrə biologiya və fizika fakültələrində ümumi fizika və TEM 03.00.07-İstilik fizikası və molekulyar fizika istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir. MDB-nin bir çox Respublikaları və elmi mərkəzləri ilə, habelə Türkiyə, Çexiya, Bolqariya və başqa ölkələrin universitetləri və elmi-tədqiqat  institutları ilə əlaqə saxlayır və bırgə elmi-tədqiqat işləri aparır.

MADDƏ QURULUŞU

1967-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri dos. Rəhimi Həsənov olmuşdur. 1972-1992-ci illərdə kafedraya AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, prof. Sabir Hacıyev rəhbərlik etmişdir. 1992-ci ildən «Maddə quruluşu» kafedrasına AMEA-nın müxbir üzvü, prof. Hacıyev Sabir Abdulmanaf oğlu rəhbərlik etmişdir. 1992-ci ildən indiyə qədər «Maddə quruluşu» kafedrasına f.r.e.d., prof., Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki Məsimov Eldar Əli oğlu rəhbərlik edir. Yarandığı dövrdən BDU-nun aparıcı kafedralarından biri olan «Maddə quruluşu» kafedrasında böyük elmi nəaliyyətlər əldə olunmuş və yüksək ixtisaslı kadr potensialı hazırlanmışdır. 5 elmlər doktoru və 47 elmlər namizədi müdafiyə etmişdir. Kafedrada atom və nüvə fizikası, polimerlərin fiziki-kimyası laboratoriyası, qamma-rezonans spektroskopiyası tədris laboratoriyaları fəaliyyət göstərir. 2007-ci ildə kafedranın atom və nüvə fizikası tədris laboratoriyası yeni, müasir avadanlıqla təchiz olunmuşdur. 1989-cu ildə kafedranın bazasında  «Makromolekul məhlullarının fiziki-kimyası» ETL-sı yaradılmış və 2005-ci ildə bu laboratoriyanın əsasında BDU-nun «Fizika problemləri» ETİ-nun «Bioloji sistemlər fizikası» şöbəsi yaradılmışdır.  Kafedrada 2 istiqamətdə – bioloji sistemlər fizikası və nüvə fizikası istiqamətində elmi-tədqiqat işləri aparılır. Elmi istiqamətlərindən biri makromolekul məhlullarında və bioloji sistemlərdə qarşılıqlı təsirlərin öyrənilməsi və ondan irəli gələn struktur dəyişiklikləri və faza keçidlərinin tədqiqi probleminə həsr olunmuşdur. Belə bir problemin həlli üçün prof.E.Ə.Məsimovun rəhbərliyi ilə üç istiqamətdə elmi-tədqiqat işləri aparılır: polimer-su sistemlərinin sistematik tədqiqi ilə polimerlər fizikasının aktual problemlərindən olan bir həlledicidə iki polimerin uyuşmazlığı məsələsinin təhlili və həmin sistemlərdə fazaəmələgəlmə mexanizminin izahı; farmakologiya, təbabət və mikrobiologiyada preparativ məqsədlərlə (bioloji hissəciklərin ayrılması təmizlənməsi, polimerlərin fraksiyalara ayrılması, bəzi xəstəliklərin ilkin diaqnozunun verilməsi s.) istifadə olunan və bəzi parametrlərinə görə mövcud ikifazalı sistemlərdən üstün olan yeni polimer-su ikifazalı sistemlərinin tapılması və onların tətbiqinin elmi və iqtisadi effektivliyinin artırılması; müxtəlif fiziki və fiziki-kimyəvi metodlarla su-polimer, su-kiçikmolekullu birləşmələr və ümumiyyətlə, su mühitində strukturlaşmanın (gellərin, müxtəlif molekulüstlü hissəciklərin, fazaların əmələ gəlməsi və s.) tədqiqi. Digər bir elmi-tədqiqat işi nəzəri nüvə fizikasının quruluşu və onda baş verən hadisələrin müxtəlif nəzəri üsullarla tədqiqinə həsr olunmuşdur. Metod kimi ifratkeçirici, optik modellərdən, difraksiya, eykonal yaxınlaşmalarında müxtəlif potensiallardan istifadə edilərək və zərrəciklərin kvark quruluşu nəzərə alınaraq  müxtəlif səpilmələrin effektiv kəsikləri, zərrəciklərin polyariləşməsi və digər fiziki kəmiyyətlər tədqiq edilir.  Tədqiqatlar beynəlxalq konfranslarda səslənmiş və jurnallarda nəşr edilmişdir. Kafedra əməkdaşlarının 30 dərslik, dərs vəsaiti, monoqrafiyalar və çoxlu sayda metodik vəsaitlər və metodik göstərişləri,  600-ə yaxın elmi məqalələri nüfuzlu xarici jurnallarda və respublika jurnallarında çap olunmuşdur. Elmi işlərin nəticələri Beynəlxalq və Reqional konfranslarda çıxış edilmişdir. Bir çox dünya alimlərinin məqalələrində kafedra əməkdaşlarının işlərinə istinadlar olunmuşdur. Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə ABŞ, İran, Türkiyə, İngiltərə, Slovakiya, Çexiya və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqələr saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar.

YARIMKEÇİRİCİLƏR FİZİKASI

1958-ci ildə akademik Həsən Abdullayevin təşəbbüsü ilə yaradılmışdır. Uzun illər kafedraya AMEA-nın müxbir üzvü, prof. Vladimir Tahirov rəhbərlik etmişdir. 1996-cı ildən kafedraya Əməkdar elm xadimi, BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, prof. Aydın Kazımzadə rəhbərlik edir. Kafedranın elmi istiqaməti  Mendeleyev cədvəlinin I, III və VI qrup elementləri əsasında alınmış mürəkkəb yarımkeçiricilərin elektrik, optik, fotoelektrik və lüminessensiya xassələrinin öyrənilməsidir. Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə kimya və fizika fakültələrində ümumi fizika və yarımkeçiricilər fizikasının ayrı-ayrı sahələri üzrə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. və  TEM 03.00.06-Yarımkeçiricilər fizikası və 03.00.30-Yarımkeçirici cihazlar və mikroelektronika istiqamətləri üzrə magistr hazırlığı həyata keçirilir. Ötən illər ərzində kafedrada 01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası və 01.04.07-Bərk cisim fizikası ixtisası üzrə onlarla elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə, Almaniya, İngiltərə, Slovakiya və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparır. Ötən illər ərzində kafedrada bir sıra xarici ölkələr (Misir Ərəb Respublikası, Əlcazair, Əfqanıstan, Monqolustan, Koreya, Özbəkistan, İran İslam Respublikası və s.) üçün elmi kadrlar hazırlanmışdır.

BƏRK CISIMLƏR FIZIKASI

1971-ci ildə Əməkdar elm xadimi, akademik Bəhram Əsgərov tərəfindən yaradılmışdır və həmin vaxtdan o, kafedraya rəhbərlik edir. Kafedranın əsas elmi istiqaməti – yarımkeçiricilərdə, metallarda, aşağıölçülü elektron sistemlərində və həmçinin ifratqəfəsli bərk cisimlərdə kinetik, termodinamik, maqnit və optik xassələrin nəzəri tədqiqidir. Doktorantura və aspirantura xətti ilə kafedrada 4 fizika-riyaziyyat elmləri doktoru və 20-dən artıq fizika-riyaziyyat elmləri namizədi, həmçinin son illər 32-dək maqistr hazırlanmışdır. Kafedranın elmi-tədqiqat işlərinin mövzusu: “Bərk cisimlərin və aşağıölçülü elektron sistemlərinin (həmçinin nanostrukturların) termodinamik, kinetik və optik xassələrinin nəzəri tədqiqi”-dir. Kafedra əməkdaşları tərəfindən ali təhsilin bakalavr pilləsi üçün "Klassik mexanika", "Termodinamika və statistik fizika" və "Bərk cisimlər fizikası" kimi ümumnəzəri kurslar tədris olunur. Bundan başqa  "Bərk cisimlər fizikası" ixtisası üzrə maqistr hazırlığı üçün aşağıdakı ixtisas kursları tədris edilir: "Kvant statistikası", "Səlt mühitlərin mexanikası və elektrodinamikası", "Bərk cisimlərin kvant nəzəriyyəsi", "Bərk cisimlərin optik xassələri", "Qrup nəzəriyyəsi və onun bərk cisimlər fizikasına tətbiqi", "İfratkeçiricilik və maqnetizm", "Yarımkeçiricilərdə dayanıqsızlıq nəzəriyyəsi", "Metallar və yarımkeçiricilər fizikası", "Nazik təbəqələr fizikası", "Yükdaşıyıcıların statistikası və bərk cisimlərdə köçürmə hadisələri", "Bərk cisimlər fizikasının seçmə məsələləri",  "Qeyri-taraz termodinamika". Bərk cisimlər fizikası kafedrası Rusiya, Ukrayna və Özbəkistanın aparıcı Ali məktəbləri və elmi mərkəzləri ilə beynəlxalq əlaqələr yaratmışdır ki, bunlardan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Leninqrad, Kazan, Çernovitsk və Səmərqnd Universitetləri, A.F.İoffe adına Fizika-Texnika İnstitutu (Sankt-Peterburq), Yarımkeçiricilər İnstitutunu (Novosibirsk, Kiyev) göstərmək olar. Bu elmi mərkəzlərin əməkdaşları Bakı Dövlət Universitetinin “Bərk cisimlər fizikası” kafedrasında mühazirə kursları oxumuş, elmi seminarların işlərində iştirak etmiş və dissertasiya işlərinin opponentləri kimi çıxış etmişlər. Qeyd etmək lazımdır ki, kafedra əməkdaşlarınin böyük əksəriyyəti əsasən Sankt-Peterburq, Moskva və Kazan şəhərlərində aspirantura təhsilini alıb, dissertasiya işlərini hazırlamışlar. “Bərk cisimlər fizikası” kafedrasının əməkdaşları İngiltərə, Russiya, Almaniya, İspaniya, Polşa, Yunanıstan, Türkiyə, İran, Avstraliya, ABŞ, Arqentina kimi ölkələrdə keçirilmiş beynəlxalq elmi konfransların işlərində iştirak etmişlər.

NƏZƏRİ FİZİKA

1940-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri dos. Sergey Rıjanov olmuşdur. Uzun illər kafedraya AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, prof. Abdulla Muxtarov və Əməkdar müəllim, prof. İsmət Nəcəfov rəhbərlik etmişlər və uzun müddət respublikamızda nəzəri fizikanın  inkişafında əhəmiyyətli  rol oynamışdır. Ötən 20 il ərzində kafedrada onlarla elmlər namizadi və elmlər doktoru hazırlanmışdır. Ümumiyyətlə isə kafedranın yetirmələri xalq təsərrüfatının müxtəlif sahələrində, respublikamızın elmi mərkəzlərində və xarici ölkələrdə müvəffəqiyyətlə çalışırlar. Hazırda kafedrada iki nəfər AMEA-nın müxbir üzvü, iki nəfər fizika-riyaziyyat elmləri doktoru, professor, iki nəfər fizika-riyaziyyat elmləri namizəd, dosent, bir nəfər fizika-riyaziyyat elmləri namizədi, baş müəllim, bir nəfər baş laborant və bir nəfər laborant çalışır. Kafedranın ilk müdirləri dos. S.Q.Rıjanov və prof. V.Q. Dorfman olmuılar. Kafedranın elmi potensialının möhkəmləməsində,  yuksək səviyyədə elmi kadrların yetişdirilməsində, kafedranın tədris və elmi fəaliyyətinin  gücləndirilməsində  kafedraya 1967-ci ildən 1988-ci ilə qədər rəhbərlik etmiş, AMEA-nın müxbir üzvü, kafedranın məsləhətçi professoru Abdulla İbrahim oğlu Muxtarovun əvəzsiz rolu olmuşdur.

1965-1967-ci illərdə nəzəri fizika kafedrasından üç yeni sərbəst kafedra:  bərk cisimlər fizikası, maddə quruluşu və kimyəvi fizika kafedraları ayrılmışdır.

1988-ci ildən 2005-ci ilədək kafedraya f.r.e.d., prof. İsmət Məhəmməd oğlu Nəcəfov başçılıq etmişdir. Bu illər ərzində kafedranın elmi potensialı daha da möhkəmlənmiş, kafedranın  10-dan artıq aspirantı namizədlik dissertasiyası müdafiə etmiş, iki əməkdaşı isə - S.Q.Abdullayev və R.X.Muradov müvəffəqiyyətlə doktorluq  dissertasiyası mudafiə edərək kafedranın professorları olmuşlar.

2005-ci ildən 2006-cı ilədək isə f.r.e.d., prof. Rəsul Xanəli  oğlu Muradov rəhbərlik etmişlər. Onun vaxtsız vəfatından sonra isə indiyədək kafedranın dosenti Məmməd Rəcəb oğlu Rəcəbov kafedra müdiri vəzifəsini icra edir. Kafedranın əməkdaşları “Yüksək enerjilərdə elementar zərrəciklərin və nüvələrin xassələrinin strukturu və polyarizasiya xarakteristikalarının fundamental qarşılıqlı təsir proseslərində tədqiqi” mövzusunda elmi tədqiqat işləri apararaq həm yüksək, həm də orta enerjilər  fizikasının müxtəlif problemləri ilə məşğul olurlar.

Nəzəri fizika kafedrasının əməkdaşlarının apardığı problemlər həm MDB ölkələrində, həm də xarici dövlətlərdə tədqiq edilir. Tədqiq olunan problemlər üzrə kafedra əməkdaşlarının aldığı elmi nəticələr nüfuzlu elmi jurnallarda çap edilmiş, Beynəlxalq və respublika konfrans, müşavirə və seminarlarında məruzə edilmişdir.

Kafedranın əməkdaşlarının aldığı elmi nəticələr hər il AMEA-nın illik hesabatına daxil edilir.

Kafedrada ali təhsilin həm bakalavr, həm də magistr pilləsində müxtəlif ixtisas fənləri üzrə dərslər tədris olunur. Bakalavr təhsil pilləsində Klassik elektrodinamika, Kvant mexanikası və Elementar zərrəciklər fizikası, magistr təhsil pilləsində isə Klassik sahələr nəzəriyyəsi, Kalibrləşmə sahələri nəzəriyyəsi, Kvant elektrodinamikası, Nəzəri fizikanın riyazi əsasları, Kvant xromodinamikası, Elektro-zəif qarşılıqlı təsir nəzəriyyəsi, Supersimmetriya, Hadronların elektrodinamikası, Qrup nəzəriyyəsi, Kvant sahə nəzəriyyəsi, Bərk cisimlər nəzəriyyəsi, Atom nüvəsi nəzəriyyəsi fənləri tədris olunur. Kafedranın əməkdaşları nüfuzlu elmi jurnallarda ( Phys.Rev., ЭЧАЯ, Ядерная физика, Известия РАН və s.)   elmi məqalələr çap etdirmiş, Azərbaycan və rus dillərində onlarla dərslik, dərs vəsaiti, metodik vəsait və proqramlar buraxmışlar: A.İ.Muxtarov – “Kvant Mexanikası” (Azərb. və rus dillərində); F.S.Sadıxov – “Kvant mexanikası” I və II cild, “Kvant və yüksək enerjilər fizikası”, “Kvant mexanikası məsələlərdə”;S.Q.Abdullayev - “Klassik elektrodinamika”  I və II hissə,  S.Q.Abdullayev, M.Ş.Qocayev - “Klassik elektrodinamikadan məsələlər”; M.R.Rəcəbov, M.Ş.Qocayev – “Kvant mexanikasında xətti operatorlar”, A.İ.Əhmədov ”Kvant xromodinamikasına giriş” və c.  S.Q.Abdullayev həm də fizika fənni üzrə orta məktəb dərsliklərinin hazırlanmasında yaxından iştirak etmiş və həmin dərsliklırin həmmüəlliflərindən biri olmuşdur. A.İ.Muxtarov və M.R.Rəcəbov rus dilində yazılmış  iki cildlik “Uşaqlar üçün ensiklopediya.Fizika” kitabının Azərbaycan nəşri üzərində işləyən işçi qrupun üzvlərindən olmuşlar.

Nəzəri fizika kafedrasının əməkdaşlarının araşdırdığı elmi nəticələr həm MDB ölkələrində, həm də xarici dövlətlərdə tədqiq olunur. Kafedra dünyanın aparıcı elmi mərkəzləri olan MDU, Sankt-Peterburq Dövlət Universiteti, Nüvə Tədqiqatları İnstitutu (Dubna), Yüksək Enerjilər Fizikası İnstitutu (Protvino), Tbilisi Dövlət Universiteti, Xarkov Dövlət Universiteti, Minsk Dövlət Universiteti CERN, DEZİ, SLAK, Türkiyənin bir çox universitetləri və elmi mərkəzləri və s. ilə sıx elmi əməkdaşlıq edir.
Kafedranın əməkdaşları “Nüvə fizikası”, Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşu”, “Elementar zərrəciklər və hadron fizikası” və s. üzrə bir çox beynəlxalq konfrans və müşavirənin, respublikamızda keçirilən fizikanın akrual problemlərinə dair onlarla koinfransın iştirakçısı olmuş və elmi məruzələrlə çıxış  etmişlər. Kafedranın əməkdaşları həmçinin respublikamızda keçirilən bir çox elmi konfransların təşkilində də yaxından iştirak etmişlər.

Hesabat ilində kafedranın əməkdaşları beynəlxalq və respublika səviyyəli bir neçə qrant almışlar. Dos. A.İ.Əhmədov Abdus Salam adına Nəzəri Fizika Mərkəzinin və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN)-nin, DAAD, BDU-nun 50/50 və.s bir sira qrantlar almış, M.R.Rəcəbov isə BDU-nun 50/50 qrantını almışdır..

Kafedrada nəzəri fizikanın müasir problemlərinə dair elmi seminar fəaliyyət göstərir. Elmi seminarda kafedranın əməkdaşları tərəfindən alınan elmi nəticələr, nəzəri fizikanın müxtəlif problemlərinə aid elmi məqalələr və məlumatlar müzakirə olunur.

Kafedranın əməkdaşları həm BDU-da, həm də BDU-dan kənarda fəaliyyət göstərən Dissertasiya Şuralarının üzvləridirlər. A.İ.Muxtarov, İ .M.Nəcəfov, R.X.Muradov isə ayrı-ayrı vaxtlarda AAK-nın təşkil etdiyi nəzəri fizika, astrofizika, istilik fizikası və molekulyar fizika, yarımkeçiricilər fizikası ixtisasları üzrə dissertasiya şurasının sədri olmuşlar. Bundan əlavə prof. İ.M.Nəcəfov və R.X.Muradov ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Metodiki Şurasına rəhbərlik etmiş, prof.S.Q.Abdullayev isə hal-hazırda həmin şuranın üzvüdür. Kafedranın professorları A.İ.Muxtarov, İ.M.Nəcəfov, R.X.Muradov  hesabat dövründə müxtəlif illərdə BDU-nun Elmi Şurasının və fizika fakültəsinin elmi Şurasının üzvləri olmuşlar.

Kafedranın bütün əməkdaşları Universitetin və fizika fakültəsinin ictimai həyatında həmişə fəal iştirak etmişlər.

MDB-nin və xarici ölkələrin bir qismində, o cümlədən ABŞ, Almaniya, Rusiya və Türkiyənin elmi mərkəzlərində və müxtəlif universitetlərində nəzəri fizika kafedrasının yetirmələri müvəffəqiyyətlə çalışırlar.

Kafedrada uzun müddət işləmiş, lakin dünyasını dəyişmiş, ya da müxtəlif səbəblərdən kafedradan getmiş tanınmış alimlərin də böyük xidmətləri olmuşdur.

F.r.e.d., prof. R.X.Muradov uzun müddət kafedrada çalışmış, fizika kafedrasının dekanı olmuş, BDU-nun prorektoru və nəzəri fizika kafedrasının müdiri vəzifələrində çalışmışdır. F.r.e.d., prof. F.S.Sadıxov da uzun müddət nəzəri fizika kafedrasının professoru olmuş, “Yüksək Enerjilər Fizikası” ETL-nin müdiri vəzifəsində çalışmışdır. F.r.e.d., prof. Ə.V.Cavadov da kafedranın aparıcı professorlarından olmuşdur. Hər üç professor hesabat dövründə kafedrada çalışmış və bir çox elmi məqalələrin və dərs vəsaitlərinin müəllifləri olmuşlar.

F.r.e.n. V.Z.Mustafayev və  f.r.e.n. S.B.Musayev  kafedrada çalışmış və kafedranın uğurlarında onların da az əməyi olmamışdır. Hal-hazırda onlar müxtəlif səbəblər üzündən kafedrada çalışmırlar.

Hesabat dövründə Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə kafedranın əməkdaşlarından A.İ.Muxtarov,  “Şöhrət” ordeninə və əməkdar elm xadimi adına,  İ.M.Nəcəfov “Şöhrət” ordeninə  və əməkdar müəllim adına, R.X.Muradov isə “Tərəqqi” medalına layiq görülmüşlər. Prof. A.İ.Muxtarov həm də Prezident təqaüdçüsüdür.

NANOMATERİALLARIN KIMYƏVİ FİZİKASI

1971-ci ildə kafedra "Atom və molekulların kvant mexanikası" kimi yaradılmışdır. İlk kafedra müdiri prof. İsrafil Hüseynov olmuşdur. Hazırda “Nanomaterialların kimyəvi fizikası” kafedrası kimi fəaliyyət göstərir və müdiri prof. Məhəmmədəli Ramazanovdur. Kafedra nanotexnologiyanın nanofizika, nanokimya və nanobiotexnologiya istiqamətləri üzrə elmi-tədqiqat işləri aparır. Kafedranın nəzdində “Nano araşdırmalar laboratoriyası” və “Radiasiya və onun ətraf mühitə təsiri”  ETL fəaliyyət göstərir.  “Nano araşdırmalar laboratoriyasın”da kafedralar arası tədqiqatlar və akademik fəaliyyət mövcüddur. Kafedra nanofizika, nanokimya, nanobiotexnologiya və nanotoksikoloyiyanın aşağıdakı elmi istiqamətləri üzrə tədqiqat aparır:

1. Yaddas qurğuları üçün maqnit-dielektrik, maqnitorezistiv nanokompozisiyaların alınması və  onlarda fazalararası qarşılıqlı təsirin rolunun tədqiqi

2.Yeni foto-, elektro-, termolüminessent kompozisiyaların alınması və tədqiqi
3. Nanotexnologiyanın neftçıxarmada və neftayırmada tədbiqi
4. Hüceyrə  membranları ilə nanohissəciklərin qarşılıqlı təsir mexanizminin tədqiqi, nanotoksikologiya

5. Antimikrob, antiseptik xassələrə malik nanohissəciklərin alınması və tibbdə tətbiqinin araşdırılması

6. Atom və molekulların elektron quruluşunun fiziki-kimyəvi xassələrinin kvant mexaniki metodlarla hesablanması

7. Polifunksional birləşmələr əsasında nanokompozitlərin sintezi və xassələri
8. Nizamlı düzülüşlü karbon nanoborularının alınması və elektrofiziki xassələrinə qamma şualarının təsiri.

9. Ağır nüvələrin təsiri ilə polimer matrisada yaradılmış nanoborularda yarımkeçirici kvant naqıllərinin işlənməsi

Kafedra TEM 030012 Atom və molekul fizikası və TEM 030032 Nanohissəciklərin fizikası üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan elmi mərkəz kimi fəaliyyət göstərir.  Bakalavr pilləsində “Nanohissəciklərin fizikası”, kimya fakultəsində bakalavr pilləsində “Nanokimyanın əsasları” , “Kvant kimyası”  magistr pilləsində “Nanohissəciklərin və nanomaterialların fiziki-kimyası”,   biologiya fakultəsində  “Nanobiotexnologiya”, “Ekologiya və torpaqşünaslıq” fakültəsində magistr pilləsində “Nanotexnologiyanın ekologiyada tətbiqi” müasir fənləri tədris edir.

Hal-hazırda kafedra tədris və elmi-texniki işləri müasir səviyyədə aparmaq üçün AFM NTegra Micro40, AFM Nano Educator, Fluorescence spectrophotometer  Cary Eclipse, Сцинтиляционный гамма-спектрометр «Прогресс-Гамма»,  Дозиметр-радиометр МКС-АТ1125,  МКС-АТ1125А,  Радиометр радона «Альфарад», Спектрометр МКС-АТ6101 ,  Дозиметр ДКС-АТ1121,  Дозиметр  индивидуальный ДКГ-РМ1621, Gartin GPS Navigator,  Furye Spectrofotometr Varian 3600 FT-İR, UV-Vis  spektrometr -Specord 250 PLUS  (Analytik Jena), High İntensity Ultrasonic Liquid Processors -VCX 500, Измеритель  Иммитанса   -   МНИПИ  Е7-20, Mikroskop - Motic AE30/31 İnverted Microscope, Dissolved Oxygen Meter@OXELP Electrode, Micropipette Puller  PC-10, Dual High Impedance amplifier FD223A, Micropipette Beveler 1300M, Double-Holder Micromanipulator MD4L, Fiber Optic Illuminator  PL3000, pH Meter, pH electrode, Temp.Probe  220V AC müasir texniki vasitələrə malikdir.

2006-2012-illərdə 2 dərslik, 4 dərs vəsaiti, 2 kitab, 196 məqalə (respublikada 73, xaricdə 113) nəşr olunmuş və 4 patent alınmışdır. 1 elmlər doktoru, 2 fəlsəfə doktoru müdafiə etmişdir. Kafedra  MDB ölkələrinin və Avropa  İtifaqi ölkələrinin uyğun elmi-tədqiqat müəssisələri və universitetləri ilə elmi əlaqələr saxlayır və əməkdaşlıq edir və birlikdə beynəlxalq konfranslar təşkil edir.

ASTROFIZIKA

1975-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri AMEA-nın müxbir üzvü, prof. Rəhim Hüseynov olmuşdur. 1997-ci ildən kafedraya Əməkdar müəllim, prof. Cəfər Quluzadə rəhbərlik edir. Kafedrada günəş fizikası və ulduzlar və dumanlıqlar  fizikası istiqamətdə elmi işlər aparılı. Kafedra M01.01.00 “Fizika-astronomiya” ixtisası üzrə bütün mühazirə və praktik məşğələləri aparırr və TEM 03.00.10 “Astrofizika”ixtisası üzrə magistrlar hazırlanır. Kafedrada astrofizika ixtisası üzrə aktual olan ulduz təkamülünün ilkin mərhələləri tədqiq olur. Alınan spektral və fotometrik nəticələr təkamülün ilkin mərhələsində olan uduzların (Günəş tipli) fiziki xassələrini müəyyən edir. Tədqiqatlar Russiya, Ukrayna və Amerika tədqiqatçiları ilə birgə aparılır.

FIZIKI ELEKTRONIKA

1971-ci ildə yaradılıb. Kafedranın ilk müdiri prof. Qafar Əfəndiyev olmuşdur. 1992-ci ildən prof. Əhməd Abdinov rəhbərlik edir. Bakalavriat pilləsində Ümumi fizika, Radiofizika, Vakuum texnikasının fiziki əsasları, Bərk cisimlərin elektronikası, Elektron texnikasının materialları, Plazma və qaz boşalması fizikası, Emissiya elektronikası, Sxem texnikası, Optoelektronika, Elektron və ion cihazları, Elektron optikası, Kvant elektronikası, İfrat Yüksək Tezlikli elektronika, Mikro- və nanoelektronika, Fiziki elektronika. Tələbələr II, III, IV kurslarda    tədris və istehsalat praktikası keçirler. Fiziki elektronikanın müasir konsepsiyaları ixtisas kursları çərçivəsində öyrənirlər. Magistratura pilləsində Fiziki elektronikanın nəzəri əsasları, Fiziki elektronikanın müasir problemləri, Bərk cisimlərin elektron nəzəriyyəsi, Bərk cisimlərdə kontakt və səth hadisələri, Fiziki elektronikanın tarixi və metodologiyası, Plazma və qaz boşalması elektronikasının nəzəri əsasları, Rəqslər nəzəriyyəsi, Plazmanın diaqnostikası, Lazerli optoelektronika, Qaz lazerləri, İnformasiyanın optik işlənməsi, Optoelektronikanın nəzəri əsasları, Optoelektron cihaz, qurğu və sistemləri, Materialşünaslıq, Nanotexnalogiyanın fiziki əsasları, Elektron cihazlarının texnalogiyası və layihələndirilməsi, Mikrosxemlərin texnologiyası və yarımkeçirici mikroelektronika, Plazma-ion-elektron texnologiyası, Bərk cisim elektronikasının və mikroelektronikanın nəzəri əsasları, Radioelektronika.  Kafedra elmi fəaliyyətini,-fiziki elektronikanın bəzi problemləri, bərk cisim elektronikasının bəzi problemləri və Plazma və qaz boşalması elektronikasının bəzi problemləri istiqamətləri üzrə qurmuşdur.

GÖRKƏMLİ ALİMLƏR VƏ MƏZUNLAR

Fakültənin bir çox məzunları Respublikada tanınmış alimlərdir: akademik M.K.Kərimov AMEA-nın prezidentidir, N.A.Quliyev, B.M.Əsgərov, F.M.Həşimzadə, A.M.Paşayev, E.Y.Salayev, AMEA-nın akademikləridir, T.C.Cəfərov, S.A.Hacıyev, R.H.Hüseynov, V.A.Hüseynov, A.İ.Muxtarov, Y.M.Seidov, V.İ.Tahirov, B.H.Tağıyev, AMEA-nın müxbir üzvləridir. Professorlar R.R.Rzayev (Yüksək enerjilər fizikası institutu, Serpuxov), B.K.Kərimov (Moskva Dövlət Universiteti), F.P.Kəsəmənli (Sankt Peterburq Politexnik İnstitutu), V.V.Evseev (Elmi Nəzəri İnstitut, Dubna), R.M.İmanov (Kristalloqrafiya İnstitutu, Moskva) və b. Fizika fakültəsinin məzunları kimi elmdə böyük uğurlar qazanmışlar. Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı L.D.Landau 1922-1924-cü illərdə fizika-riyaziyyat fakültəsində təhsil almışdır.


L.D.Landau       M.K.Kərimov      N.A.Quliyev   B.M.Əsgərov   F.M.Həşimzadə  A.M.Paşayev     E.Y.Salayev


FOTO-TARİX






Bookmark and Share