Hüseynov Rövşən Şəmil oğlu 22 fevral 1967-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Ağdam Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 1992-ci ildə Rövşənin başçılığı ilə 20 tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər. Rövşənin dəstəsini “N” saylı tabura təhkim etmişdilər. 1992-ci il aprel ayının 28-də erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah-sursatla Ağcakənd istiqamətində hücüma keçirlər. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla hərbçisini məhv edir. 11 may 1992-ci il tarixdə Marquşevan uğrunda gedən qanlı döyüşlərdə Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşür. Rövşənin taqımına onları xilas etmək tapşırığı verilir. Onlar mühasirəyə düşən döyüşçülari azad edirlər, lakin özləri mühasirəyə düşürlər. Rövşən atəşi öz üzərinə çəkərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir. Burada tələbələrdən ikisi həlak olur, qalanları isə mühasirədən çıxa bilirlər. Rövşən pulemyotu ilə ermənilərin xeyli canlı qüvvəsini məhv edir, özü isə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 N-li fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.