Home Aze Ru Eng

Abbasov Ülfət Yaqub oğlu



Abbasov Ülfət Yaqub oğlu 1963-cü ildə Gəncədə anadan olmuşdur. O, Gəncə 18 saylı orta məktəbini qızıl medalla, Bakı Dövlət Universitetinin fizika fakültəsini fərlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə o, tank əleyhinə müdafiə sistemini mükəmməl öyrənmişdir.

Universiteti bitirdikdən sonra Ü.Abbasov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında çalışmışdır.

1992-ci ilin fevral ayında baş vermiş Xocalı faciəsindən sonra Ü.Abbasov könüllü olaraq cəbhəyə yollanmışdır. Baş leytenant Ü.Abbasovu xüsusi təyinatlı qoşunların zenit-tank bölməsinə komandir təyin edirlər. Hərb sənətini dərindən mənimsədiyinə və zenit-raket texnikasını məharətlə idarə etdiyinə görə o, döyüş bölgəsində böyük hörmət qazanmış, ona “Əıdəha” ləqəbi verilmişdi.

Gənc komandirin ilk döyüşü 10 may 1992-ci il tarixdə strateji əhəmiyyətə malik olan “Böyük Rus” dağı uğrunda olmuşdur. Bu döyüşdə Ülfət dəqiq zərbə ilə  düşmənin 1 avtobusunu 12 erməni hərbçisi ilə birlikdə məhv etmişdir. O, Cəbrayıl qəsəbəsi, Dəmlu, Süleymanlı, Dolanlar kəndləri uğrundakı döyüşlərdə igidliklə vuruşmuşdur. Saiq kəndinin müdafiəsi zamanı Ülfətin bölməsi mühasirəyə düşmüş, lakin cəsur komandirin bacarığı sayəsində mühasirədən çıxa bilmişdir. Ülfətin bölməsi Xocavənd rayonunun Sir kəndi, Şiş yüksəkliyi uğrunda gedən döyüşlərdə fərqlənmiş, Suarası, Dehyan, Qızartı kəndlərini azad etmişdir. Bundan sonra onun dəstəsi Laçın rayonuna göndərilmişdir. Laçın polku ilə birlikdə onlar 31 kəndi azad etmişlər.

1992-ci ilin dekabrında təcrübəli komandir Ü.Abbasov gənc çağırışçılarla təlim keçmək üçün Gəncəyə və Bakıya göndərilmişdir.

Onun son döyüşləri Sərsəng su anbarının, Akop Kamari, Minqralşen, Maqauz kəndlərinin  azad edilməsi uğrunda olmuşdur. Həmin döyüşlərdə Ü.Abbasov snayper gülləsi ilə şəhid olmuşdur.

Ülfət adında bir oğlu vardır. Gəncə şəhidlər xiyabanında dəfn olunmuşdur.

Bookmark and Share