Home Aze Ru Eng

Vahid Həbibulla oğlu Quliyev

Vahid Həbibulla oğlu Quliyev 1955-ci ildə ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuşdur. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıtmış və «Azon» Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir.

Vahid Quliyev 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il… O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V.Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını) idi.

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşdur.

Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir. Ailəlidir. İki övlad atasıdır.

Bookmark and Share