10 noyabr 2020-ci il tarixdə Bakı Dövlət Universiteti Fizika fakültəsinin rəhbərliyinin fakültənin 1-ci kurs tələbələri ilə on-line formatda görüşü keçirilmişdir. Görüşdə Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov çıxış edərək fizika fakültəsinin tarixi, fakültənin strukturu, professor-müəllim heyəti, dərslərin təşkili, fizika fakültəsinin görkəmli məzunları haqqında tələbələrə ətraflı məlumat verdi. O, tələbələrə dərslərə ciddi yanaşmaları barədə tövsiyələrin verdi və təhsildə fərqlənən tələbələrin gələcək inkişaf perspektivləri barədə danışdı. Sonra fakültənin bakalavriat üzrə dekan müavini Vüsal Məmmədov tədris prosesinin ümümən və pandemiya dövründə təşkilinin xüsusiyyətləri, tələbələrin dərslərdə fəal iştirakının zəruriliyi barədə məlumat verdi və tələbələrin suallarını cavablandırdı. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavin Məhəmməd Məhərrəmov tələbələrin imtahanlarda güzəştlərin mümkünlüyü ilə bağlı sualları ətrafında bu cür yanaşmanın düzgün olmadığını, tələbənin əsas vəzifəsinin bilik qazanmaq olduğunu və bunun üçün bütün imkanların mövcud olduğunu, ölkəmizin bu gün yüksək hazırlıqlı və geniş dünyagörüşünə malik mütəxəssislərə ehtiyacı olduğunu, buna görə da tələbələrin daha mox çalışmalı olduqlarını onların nəzərinə çatdırdı. On-line görüşdə 2020-ci ildə Fizika fakültəsinə qəbul olunmuş 200-dən çox tələbə iştirak etdi.