Home Aze Ru Eng

80 illik şərəfli ömür

14/03/2014

Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasının professoru Məmməd Şıxəli oğlu Məmmədovun 2014-cü ilin mart ayının 15-də 80 yaşı tamam oldu.

Məmməd müəllim 1934-cü ildə Naxçıvanın Culfa şəhərində anadan olmuşdur. O zaman dövrün minlərlə repressiyaya məruz qalmış ailələrə qoyulmuş qadağalar Məmmədovlar ailəsindən də yan keçməmişdir. Həyatın saysız-hesabsız qayğıları atasını erkən itirmiş kiçik Məmmədin gücsüz çiyinlərinə ağırlıq etsə də, ailəsinin maddi cəhətdən çətinlik çəkməsi kiçik yaşlarından onu ana və bacısına dayaq olmaq üçün ən çətin fiziki işlərə getməyə sövq etmişdir. Hətta həmin qadağalarm ucbatından o, ibtidai təhsilini də almağa bir qədər gecikmişdir.

O, 1944-cü ildə Culfa dəmiryol orta məktəbinə daxil olmuş və 1954-cü ildə orta təhsilini başa vurmuşdur. Hələ orta məktəbdə oxuyarkən yüksək musiqi duyumu olduğundan nağarada, tarda el havalarını böyük məharətlə ifa etmiş, həmişə Naxçıvanda, Bakıda, Rostovda keçirilən məktəblərarası musiqi olimpiadalarında birincilik qazanmışdır.

Ali təhsil almaq arzusu Məmməd Məmmədovu 1954-cü ildə Bakıya gətirmiş, o burada ADU-nun fizika - riyaziyyat fakültəsinə daxil olmuş, 1959-cu ildə təhsilini başa vurduqdan sonra elə həmin ildə AMEA-nın Fizika İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Məmməd müəllim 1959-1961-ci illərdə akademik P.L.Kapitsanın rəhbərlik etdiyi Moskvanın Fizika Problemləri İnstitutunda elmi təcrübədə olmuşdur. O, elmi işlərinin xarakterinə görə Sankt-Peterburqda, Kiyevdə, Xarkov və Minsk şəhərlərində tədqiqatlarını davam etdirmiş və bir sıra konfranslarda iştirak və çıxışlar etmişdir.

Məmməd müəllim 1961-ci ildə aspiranturaya daxil olmuş, elmi rəhbərinin zəmanəti ilə Xarkov şəhərindəki Fizika-Texniki İnstitutuna ezam olunmuşdur. O, alim üçün çox vacib olan elmi məktəbi dahi Kapitsanın rəhbərliyi ilə keçmişdir. O vaxtlar materialların müxtəlif kritik təsirlərə (temperatur, təzyiq, yüksək mexaniki gərginlik, vakuum və s.) məruz qaldıqları şəraitdə onların fiziki-kimyəvi  xassələrinin, möhkəmliklərinin öyrənilməsi kosmos epoxasının ən vacib problemlərindən sayılırdı. Bu məqsədlə Məmməd müəllim dünyanın ən qabaqcıl institutlarından olan Ukrayna fizika-texnika institutunda çalışan böyük alim Borovik Evqeniy Stanislavoviçin yanına əvvəl stajer, sonra isə aspirant kimi göndərilir. M.Ş.Məmmədov bu şanlı fizika məktəbini keçərək kosmosda istifadə olunan bir sıra materialların ifrat aşağı temperaturlarda və vakuum şəraitində möhkəmliklərini və davamlılıqlarını tədqiq etmiş və çox samballı dissertasiya işini ortaya qoyaraq müdafiə etmiş və fizika-riyaziyyat elmləri üzrə alimlik dərəcəsi almışdır.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1959-1967-cı illərdə AMEA-nın Fizika İnstitutunda kiçik və baş elmi işçi kimi əmək fəaliyyətinə başlamış, 1967-ci ildə isə Bakı Dövlət Universitetində maddə quruluşu kafedrasına baş müəllim vəzifəsinə dəvət olunmuşdur. 1971-ci ildə dosent, 1990-cı ildə isə professor elmi adını almışdır.

Universitetin elmi-ictimai həyatında yaxından iştirak edən M. Məmmədov 1982-1984-cü illərdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, 1984-1989-cu illərdə isə axşam və qiyabi şöbələrinin prorektoru vəzifələrində çalışmışdır. Alim 60-dan çox elmi məqalənin, bir müəlliflik şəhadətnaməsinin, 10-a yaxın metodiki vəsaitin, "Atom fizikasına giriş", "Atom fizikası", "Atom fizikasından məsələ"  kitablarının müəlliflərindən biridir.

Onun elmi məqalələri respublikamızın və bir sıra xarici ölkələrin elmi jurnallarında çap olunmuşdur. Ömrünün 50 ildən çoxu universitetimizlə bağlı olan professor M. Məmmədov hazırda bir sıra fakültələrdə optika, atom fizikası, nüvə fizikası və digər ixtisas kurslarından mühazirələr oxuyur. O, 1980 -ci illərdə respublika televiziyası vasitəsilə axşam və qiyabi təhsil alan tələbələr üçün mühazirələr oxumuşdur. Həmçi nin bir sıra xarici ölkələrdən atom fizikası sahəsində elmi təcrübəyə gəlmiş əcnəbi tələbələrlə də məşğul olmuşdur.

Həyatın çətin yollarından keçərək qazandığı bütün uğurlara öz zəhməti hesabına nail olmuş Məmməd müəllimin bu bahar 80 yaşı tamam olur. Onun elmi-pedaqoji fəaliyyəti həmişə yüksək qiymətləndirilmiş, dəfələriə Təhsil Nazirliyi və universitetin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. O, 1986-cı ildə "Şərəf nişanı" ordeni, 2000-ci ilin fevralında isə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

Professor M. Məmmədov bu gün də elmi və pedaqoji fəaliyyətini müvəffə- qiyyətlə davam etdirir. Məmməd müəllim fizika fakültəsinin bakalavr pilləsində atom və nüvə fizikası fənlərindən nümunəvi dərs aparır, magistr dissertasiyalarına, buraxılış işlərinə və kurs işləri rəhbərlik edir. 5 kitabın və 4 metodik vəsaitin, 1 patentin müəllifidir. Mamed müəllimi həmişə tələbə və magistrlərin əhatəsində görmək olar. Yaşının bu çağında o, böyük həvəslə tələbələrə fizika elminin dərinliklərini izah edir və onları maraqlandıran suallara cavab verir. Hazırda o, müasir fizikanın bir sıra aktual problemləri üzrə elmi-tədqiqat işləri aparır.

O, fizika fakültəsinin Tədris-metodiki Şuranın sədri, fakültə dekanlarının seçilməsi üçün yaradılan komissiyanın üzvüdür. Tədris Metodik Şuranın Sədri olmaqla yanaşı, Məmməd müəllim uzun müddətdir ki, universitetdə yay və qış imtahan sessiyasında yazı yoxlama fazasında rəhbər koordinator kimi fəaliyyət göstərir. Rektorun 09.07.2012 tarixli əmri ilə Məmməd müəllimə  «İlin müəllimi» fəxri adı verilmişdir.

Professor Məmməd müəllim öz xeyirxahlığı, təvazökarlığı, zəhmətkeşliyi, obyektivliyi və sadəliyi ilə Universitet kollektivinin və tələbələrin böyük rəğbətini qazanmışdır.

Məmməd müəllim respublikamızda baş verən siyasi hadisələrə də laqeyd qalmamışdır. Respublikamızın ən çətin gunlərində o, bir sıra adlı-sanlı, uzaqgörən qabaqcıl ziyalılarının müraciətinə qoşularaq xalqımızın görkəmli siyasətçisi Heydər Əliyevin yenidən Bakıya qayıtmasını xahiş etmişdir. Yeni Azərbaycan Partiyası yaradıldıqdan sonra Məmməd müəllim həmin partiyanın uzvluyunə ilk ərizə verənlərdən biri olmuşdur və 1993-cü ilin fevral ayından etibarən Yeni Azərbaycan Partiyasının üzvüdür. O, YAP-ın I və II qurultaylarına nümayəndə seçilmişdir.

Bu günlərdə anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyi mü- nasibəti ilə Məmməd müəllimi təbrik edir, ona cansağlığı və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Fizika fakültəsinin dekanı                          prof. Məhəmmədəli Ramazanov

Maddə quruluşu kafedrasının müdiri        prof. E.Ə.Məsimov

Bookmark and Share