Bu gün Bakı Dövlət Universitetinin Fizika fakültəsi Nanomaterialların Kimyəvi fizikası kafedrasının dosenti, respublika Fizika olimpiadasının sədri, istedadlı alim və müəllim dosent Naqif Səftər oğlu Nəbiyev Covid19 koronavirus xəstəliyindən rəhmətə getmişdir. Dosent Naqif Nəbiyev 29-iyul 1960-cı ildə Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə indiki Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə müvəffəqiyyətlə bitirmişdir. O 1982-ci ildə aspiranturaya daxil olmuş və 1986-cı ildə bitirərək uğurla dissertasiya işini müdafiə etmiş fizika riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.1986-cı ildən Fizika fakültəsinin Nanomaterialların Kimyəvi fizikası kafedrasında işə qəbul edilmişdir və ömrünün sonuna qədər o kafedrada çalışmışdır. Onun tədqiqat sahəsi nanoquruluşların kvant kimyəvi hesablamaları olmuşdur. 60-dan artıq elmi əsəri müxtəlif sanballı jurnallarda və nəşriyyatlarda dərc edilmişdir. Onun pedaqoji fəaliyyəti çoxşaxəli olmuşdur. Belə ki, o Azərbaycan Respublikasının orta məktəblərinin istedadlı şagirdlərinin fizikadan respublika və beynəlxalq olimpiadalara seçilməsində və hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə beynəlxalq olimpiadalara hazırlanmış şagirdlər dəfələrlə yüksək nəticə göstərərək ölkəmizə fizika sahəsində medallar qazandırmışlar və bu mükafatların alınmasında onun böyük rolu olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə dosent elmi adını almışdır. Naqif müəllim Fizika fakültəsinin elm və ictimai həyatında yeri əvəzsiz olmuşdur. O həmişə tələbələrin dostu olmuş və onlara həqiqi bilik alması üçün dəyərli məsləhətlər vermişdir. Naqif müəllimin xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin.
Fizika fakültəsinin dekanı: Məhəmmədəli Ramazanov