02 oktyabr 2019-cu il tarixində Fizika fakültəsində “Nanomateralların kimyəvi fizikası” kafedrasının dosenti Mina Vahabovanın təqaüdə yola salınma mərasimi keçirilmişdir. Fakültənin dekanı prof. Məhəmmədəli Ramazanov Mina xanım Vahabovanın keçdiyi həyat yolu, BDU-dakı fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, M.Vahabova 1960-cı ildə BDU-nun Fizika fakültəsinə qəbul olumuş, 1965-ci ildə məzun olduqdan Universitetdə əmək fəaliyyətinə başlamışdır. Bu illər ərzində o, öz zəhmətkeşliyi, tələbələrə qayğıkeşliyi, yüksək davranış mədəniyyəti ilə seçilmiş, çalışdığı kollektivin, fakültə və universitet rəhbərliyinin hörmətini qazanmışdır. M.Vahabova tədris prosesinə, elmi yaradıcılığa münasibəti ilə daima gənc nəslə nümunə olmuş və bu gün də nümunə olmaqda davam edir. Prof. M.Ramazanov bu gün Mina xanımın təqaüdə çıxmasının onun kollektivdən ayrılması anlamına gəlmədiyini bildirərək, onunla daima əlaqə saxlayacaqlarını, onun təcrübəsindən gənc nəslin yetişdirilməsində istifadə olunacağını qeyd etdi.
Sonra fakültənin kafedra müdirləri prof. Eldar Məsimov, prof. Əhməd Abdinov, prof. Vaqif Salmanov, dos. Məmməd Rəcəbov, “Nanomateralların kimyəvi fizikası” kafedrasının dosenti Naqif Nəbiyev, fakültənin dekan müavini dos. Eldar Ələkbərov Mina xanım haqqında ürək sözlərini söylədilər. Çıxış edənlər belə bir tədbirin keçirilməsinin təqdirə layiq olduğunu bildirərək, Mina xanımın həyat və fəaliyyəti, şəxsi keyfiyyətləri ilə həqiqətən də gənc nəslə nümunə olduğunu xüsusilə qeyd etdilər.