Home Aze Ru Eng

Nəzəri fizika və Astrofizika kafedralarının birgə seminarı keçirilib.

28/04/2022

28 aprel 2022-ci il tarixdə BDU Nəzəri fizika və Astrofizika kafedralarının birgə seminarı keçirilib. BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, hər iki kafedranın əməkdaşları, doktorantlar və magistrantlar iştirak etdiyi seminarda Nəzəri fizika kafedrasının dosenti, f.r.e.n. Mirnamik Bəşirov  “Anizotrop günəş küləyi və onun tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Günəş küləyinin Yerdə canlı aləmə, rabitə sisteminə, elektromaqnit qurğu, cihaz və obyektlərin işinə təsirinin tədqiqinin aktual olduğunu göstərmiş, 16 momentli maqnithidrodinamik (MHD) köçürmə tənliklərinin bazası əsasında istilik seli nəzərə alınmaqla Günəş küləyinin Parker modelinin anizotrop plazma ümumiləşdirilməsi üzrə apardığı tədqiqatların nəticələrini seminar iştirakçılarının nəzərinə çatdırdı. M.Bəşirov qeyd etdi ki, əlaqədar olaraq  radial və perpendikulyar istilik axınları nəzərə alınmaqla anizotrop Günəş küləyi üçün alınan və saxlanma qanunlarına əsasən yazılmış tənliklər stasionar hal üçün tədqiq olunaraq müxtəlif inteqral sabitləri daxil etməklə günəş küləyinin radial sürətini, istilik hərəkətinin radial və perpendikulyar sürətini xarakterizə edən kəmiyyətlər arasında differensial tənliklər alınıb. Günəş küləyini xarakterizə edən parametrlər arasında münasibətlərə nəzərən müxtəlif yaxınlaşmalar üçün xüsusi hallar araşdırılıb. Tənliklərdə müxtəlif əvəzləmələr aparmaqla müəyyən yaxınlaşmalarda xüsusi həlləri təyin edilib. İstilik seli nəzərə alınmaqla qeyri-stasionar hal üçün MHD tənlikləri müxtəlif koordinat sistemlərində araşdırılıb və müxtəlif yaxınlaşmalar üçün Günəş küləyi plazması parametrlərinin günəşin maqnit sahəsinin struktrundan asılılığı öyrənilib. Alınan nəticələrin günəş küləyini xarakterizə edən diferensial tənliklərin ümumi həllinin tapılmasında böyük əhəmiyyətinin olduğu vurğulanıb.

Rektor Elçin Babayev mövzu ilə bağlı maraqlı məqamlara toxunaraq, günəş küləyini xarakterizə edən diferensial tənliklərin ümumi həllinin tapılmasının böyük əhəmiyyətkəsb etdiyini vurğuladı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı və məruzəçi iştirakçıların suallarını cavablandırdı.









Bookmark and Share