Hal hazırda dünyanın inkişaf etmiş ölkələrinin geniş imkanla malik olmasını elmi innovasiyaların elm tutumlu sənayeyə tətbiqi ilə əlaqələndirirlər. Aparıcı ölkələrin əsas gəlirlərinin əsasını yüksək texnologiyaların sənayeyə və kənd təsərrüfatına sürətli tətbiqi təşkil etdiyi aşkar olmuşdur. Əgər elmi innovasiyaların tətbiqindən gələn gəlir üçüncü dünya ölkələri üçün 0-2 faiz təşkil edirsə, inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 10-15 faiz, inkişaf etmiş ölkələrdə isə qat-qat daha çoxdur. Düşünməyə əsas verən bu rəqəmlərin elmi innovasiyaların tətbiqi hesabına formalaşdığını nəzərə alsaq bu məsələnin nə qədər aktual olduğunu görmüş olarıq.
YUNESKO XXI əsri elm və təhsil əsri elan etmişdir. İnkişafı elmə, təhsilə söykənməyən ölkələrin gələcəyinin olmayacağı qeyd edilmişdir. Əgər bəşəriyyətin inkişafını vətəndaş cəmiyyətinin qurulması ilə əlaqələndiririksə, yüksək intellektual təfəkkürə malik insanların yetişdirilməsinə ancaq elm və təhsilin inkişafı yolu ilə nail olmaq olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq, bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.
Ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsində elm tutumlu sənayenin yaradılması və yeni texnologiyaların tətbiqi istiqamətində ciddi irəliləyişlər əldə edilmişdir. Ona görə də ölkə iqtisadiyyatı hazırda rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında öncül sıralara qədər yüksəlmişdir. Bu inkişaf ilk növbədə elm və təhsil sahəsində düzgün islahatların aparılması, dünya elm və təhsilinə inteqrasiya sahəsində Dövlət Proqramlarının qəbul edilməsi ilə bağlı aparılan çox şaxəli işlərlə əlaqədardır. Ölkə prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, müəyyən zamandan sonra bu tükənə bilər, ölkə iqtisadiyyatı isə öz inkişafını elmin üzərində qurmalıdır.
Yaşadığımız XXI əsrdə elm və texnikanın sürətli inkişafı bəşəriyyət qarşısında həlli dünənə qədər mümkün olmayan problemlərin həll olunması üçün geniş imkanlar açmaqdadır. Bəşəriyyət bu yüzillikdə hansı qlobal problemlərin həll oluna biləcəyi haqqında çox düşünür və həlli dünənə qədər mümkün olmayan suallara cavab tapmağa çalışır. Son zamanlar dünya elminin prioritet istiqamətlərindən biri sayılan nanotexnologiya çox böyük sürətlə inkişaf edir. Nano elmi və nanotexnologiya haqqında ilk dəfə Nobel mükafatı laueratı Riçard Feynman 1959-cu ildə Kaliforniya Unversitetindəki muhazirəsində belə demişdir: bizdən aşağıda çoxlu boşluqlar var və bu boşluqlarda biz atom və molekulları yenidən düzərək prinsipcə yeni materiallar, yeni strukturlar ala bilərik. “Nano” terminini ilk dəfə elmə 1974-cü ildə Tokiyo Universitetinin professoru Norio Taniguchi təklif etmişdir. Nanotexnologiya–atom və molekullarla sərbəst manipulyasiya etməyə imkan verən texnologiyadır və 0,1-100 nm ölçüdə maddənin quruluş və tərkibini tənzimləmək imkanına malik üsullar toplusudur. Nanotexnologiya termini “texnologiya” sözünə nano ölçü vahidinin artırılması ilə meydana gəlmişdir və texnologiya 2 yunan sözünün “techne”-məharət, bacarıq və “logos”-elm sözlərinin birləşməsindən əmələ gəlmişdir və nanoölçülü materialların məharətlə emal edilməsi elmi deməkdir. Məlumdur ki, 1 nanometr metrin milyardda bir hissəsi deməkdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu ölçü insan saçının qalınlığından 100min dəfə kiçikdir.
Bu sahənin sürətli inkişafı qarşıya fundamental multidissiplinar tədqiqat işləri aparmaq problemi qoymaqla yanaşı, həm də universal biliklərə malik ixtisaslı kadrların hazırlanmasını da ən vacib problem kimi ön plana çəkir. Nanotexnologiya yeni unikal xassələrə malik materialların alınmasına imkan verir. Belə materiallardan elm və texnikanın müxtəlif sahələrində - biotexnologiyada, hərbi sənayedə, tibbdə, kənd təsərrüfatında, ətraf mühitin mühafizəsində və s. istifadə etmək mümkündür.
Nanotexnologiya həm də geniş ixtisaslararası elmi istiqamətlərin də formalaşmasına kömək edir. Ona görə də bu istiqaməti seçən hər bir mütəxəssis riyaziyyat, fizika, kimya, biologiya, materialşünaslıq, tibb, kompüter texnikasından müəyyən biliklərə malik olmalıdır. Nanotexnologiyanın həll etdiyi problemlər fundamental və texnoloji həllə bağlı olduğu üçün, burada elmi və mühəndis biliklərin sintezi mühüm şərtdir.
Artıq nanotexnologiyanın inkişafını informasiya texnologiyasından sonra üçüncü elmi texniki inqilab hesab edirlər və onun üçün inkişaf etmiş ölkələrdə bu sahələrə böyük maliyyə vəsaitləri ayrılır. Bu gün dünyanın nanotexnoloji mənzərəsinə nəzər salsaq görərik ki, bu elm sahəsi demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri əhatə edir. Artıq dünyanın 65-dən artıq ölkəsində bu prioritet istiqamətdə dövlət proqramları qəbul edilmişdir və bu istiqamətə milyardlarla dollar vəsait ayrılmışdır. Yalnız bir faktı qeyd etmək istəyirəm ki, 2001-2004-cü illərdə ABŞ bu istiqamətdə aparılan tədqiqatlara 3,5 milyard dollar vəsait ayırmışdır və o vaxtdan bəri də bu istiqamətə ilbəil vəsaitlər artırılmaqda davam edir. Analoji vəziyyət Yaponiya və Avropa Birliyi ölkələrində də eynidir.
Ekspertlərin rəylərinə görə dünya bazarında nanotexnologiyanın sənaye tətbiqi üçün çəkilən xərclər artıq 100 milyardlarla ABŞ dolları miqdarındadır və bu rəqəm ilbəil artır. Təkcə hərbi sahədə nanotexnologiya istiqamətində aparılan tədqiqatlar çox böyük uğurlara gətirib çıxarmışdır. Yumşaq zirehli geyimlərin hazırlanması, hərbi obyektlərin optik görünməzliyi, hədəflərin müxtəlif lokasiya sistemlərindən gizlədilməsi nanotexnologiyaların nailiyyətləri hesabına baş vermişdir. Artıq dünyanın Nanotexnoloji təhlükəsizliyi konsepsiyasının hazırlanması ilə bağlı inkişaf etmiş ölkələr müəyyən hüquqi normativ sənədlər hazırlamışlar. Dünyanın super dövləti Amerika Birləşmiş Ştatları artıq nanotexnologiya məhsullarının bəzilərinin satışına qadağa qoyan qanun hazırlamış və qəbul etmişdir.
Azərbaycanda elm və təhsil sahəsində görülən işlər əsasən ölkəmizin dünya elm və təhsil məkanına inteqrasiyasına xidmət edir və sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu gün Azərbaycan Respublikasında çalışan alimlərin nanotexnologiya sahəsində apardığı elmi-tədqiqat işləri elmi səviyyəsinə görə aparıcı ölkələrin işlərinə yaxındır və bu işlər Web of Science Clarivate Analytics (Thomson Reuters) Agentliyinin siyahısına daxil olan jurnallarda uğurla dərc edilir. Respublikamızda bu sahədə aparılan işlər yüksək nəzəri və təchizatı nisbətən zəif eksperimental bazaya söykəndiyi üçün, yaxın zamanlarda bu istiqamətə dövlət səviyyəsində dəstək olması vacibdir. Ölkəmizdə nanotexnologiya sahəsində tədqiqat işlərinin inkişafı hal-hazırda dünya səviyyəsindən xeyli geridə qalır.
Azərbaycanda nanotexnologiya sahəsində aparılan elmi işlər dövlət büdcəsində çalışan və zəif, orta təchizatlı laboratoriyalarda, elmi tədqiqat institutlarında və universitetlərdə həyata keçirilir.
Bütün inkişaf etmiş ölkələrdə nanotexnologiyanın inkişafı ilə əlaqədar Dövlət Proqramları qəbul olunmuş və uğurla həyata keçirilir. Ona görə də Azərbaycan Respublikasında bu istiqamətdə müəyyən elmi tədqiqat işləri ilə bərabər maariflənmə və kadr hazırlığı həyata keçirilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Tibb Universitetlində, Azərbaycan Dövlət Neft Akademiyasında nanotexnologiyanın ayrı-ayrı sahələri ilə əlaqədar pərakəndə şəkildə elmi tədqiqat işləri, laboratoriyalar səviyyəsində tətbiqi işlər aparılır ki, bu da təbii ki, dünya elminin bu mühüm istiqaməti üçün əsla yetərli deyildir. Yalnız bir faktı qeyd etmək olar ki, Avropa Birliyi ölkələri nanotexnologiya sahəsində elmi-tədqiqat işləri aparmaq üçün öz büdcəsindən 2004-2008-ci illər üçün 4,865 milyard avro vəsait ayırmışdırlar. Bu isə Avropa Birliyi ölkələrinin elmə ayırdığı büdcənin təqribən 9-10%-ni təşkil edir. Analoji konkret rəqəmləri ABŞ, Rusiya və Yaponiya ölkələri üçün də qeyd etmək olar. Azərbaycanda bu innovativ sahəyə müəyyən tədqiqatları aparmaq üçün, çox az miqdarda pul vəsaiti xərclənir. Hal hazırda Azərbaycan Respublikasında nanotexnologiya istiqaməti üzrə elmi potensialın səviyyəsinin daha da artırılması məqsədi ilə, bu istiqamətdə fəaliyyət göstərəcək kadrların hazırlanması məsələsinə xüsusi diqqət ayrılmalıdır. Artıq nanotexnologiya məhsullarının Azərbaycana daxil olması prosesi gedir və bu istiqamətdə maariflənmə prosesinin inkişafı zərurəti günün tələbinə çevrilmişdir.
Nanotexnologiya istiqamətində innovativ tədqiqatların uğurlu inkişafına, onun elmi nəticələrinin sənayenin və kənd təsərrüfatının istehsal və emal sənayesinin ayrı-ayrı sahələrində tətbiqinə nail olmaq və yüksək texnologiyaların nəticələrindən istifadə edərək ölkəmizə böyük gəlirlər gətirmək üçün bu istiqamətdə Dövlət Proqramının hazırlanmasının ölkəmiz üçün böyük əhəmiyyəti var. Bu sahədə beynəlxalq təcrübə, dünyada edilən yeniliklər və inkişaf meyilləri nəzərə alınmalı, vətəndaş, cəmiyyət, dövlət prioritetləri və Azərbaycanın prioritet istiqamətlərinin vacibliyi nəzərə alaraq elm və sənaye sahələrinin imkanlarından səmərəli istifadəsini əsas götürmək lazımdır. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun və qeyri-hökumət təşkilatlarının fəal cəlb olunması, vətəndaş və ictimai təşəbbüslərin irəli sürülməsi və onların reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması nəzərə alınmalıdır. Nanotexnologiya sahəsində işlərin əsaslı təşkili və sürətləndirilməsi Azərbaycan Respublikasının Milli strateji maraqlarına, respublikamızın spesifik iqtisadi xüsusiyyətlərinə, elm və texnikanın inkişafı üçün dövlət siyasətində nəzərdə tutulmuş müddəalara uyğun olmalıdır. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə yüksək texnologiyaların tətbiqi, yüksək texnologiyalara əsaslanan iqtisadi artıma nail olunması, fundamental elmlərin, təhsil və mədəniyyətin inkişaf etdirilməsi, ölkənin Milli və iqtisadi təhlükəsizliyinin təmini, əhalinin sağlamlığı və həyat səviyyəsinin qorunması prinsipləri əsas götürülməlidir. Bu prinsiplərin yerinə yetirilməsinə nail olmaq üçün nanotexnologiya sahəsində əsas məqsəd elm, texnikanı inkişaf etdirərək texnoloji bazanı formalaşdırmaq, bununla da, elm və texnikanın bəzi vacib sahələrində aparıcı dövlətlərlə sıx əlaqə saxlamaq, ekoloji təmiz müasir sənaye istehsalını yaratmaq, nanotexnologiyanın neft sənayesinə tətbiqinin elmi və texnoloji əsasını qurmaq və inkişaf etdirmək, dövlətin müdafiə qabiliyyəti səviyyəsinin artırılması istiqamətində tətbiqi xarakterli tədqiqatları inkişaf etdirmək lazımdır. Ekoloji problemlərin həllində nanotexnologiya sahəsində tədqiqatları artırmaq və bu sahədə nanosənayenin yaradılması və formalaşması əsas strateji istiqamət olmalıdır.
Ilk dəfə ölkəmizdə 2004-cü ilin oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Ruminiyaya rəsmi səfəri zamanı Azərbaycan və Ruminiya universitetləri arasında nanotexnologiya istiqamətində müqavilə imzalandıqdan sonra BDU-da dünya elminin bu prioritet istiqamətində tədqiqatlara start verildi. Dünya elminin bu mühüm istiqamətində tədrisi və elmi araşdırmaları təşkil etmək məqsədi ilə "Nanomaterialların kimyəvi fizikası" kafedrası və Nano Araşdırmalar Mərkəzi yaradıldı. Qısa bir zamandan sonra Fizika, Kimya, Biologiya fakültələrində təhsilin bakalavr pilləsində bu elmin əsasları tələbələrə tədris edilməyə başladı, yeni tədris proqramları, dərsliklər və dərs vəsaitləri hazırlandı. Bakı Dövlət Universitetində 3 istiqamətdə-Fizika fakutəsində “Nanohissəciklərin fizikası”, Kimya fakultəsində “Nanomaterialların fiziki kimyası”, Biologiya fakultəsində “Nanobiotexnologiya” ixtisaslaşmaları üzrə magistr hazırlığı başlandı. Hal-hazırda təhsilin doktorantura pilləsində “Nanostukturların fizikası və texnologiyası” (8 nəfərin müdafiəsi), “Nanokimya və nanomateriallar” (4 nəfərin müdafiəsi) ixtisasları üzrə kadr hazırlığı aparılmış və aparılmaqdadır. BDU-nun nanotexnoloq alimləri öz elmi işlərini dünyanın aparıcı donor elmi strukturları, respublikanın ayrı-ayrı nazirliklərin istehsal müəssisələri, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun sifarişi və qrant layihələrinin maliyyə dəstəyi ilə aparır.
Bakı Dövlət Universitetində nanotexnologiya istiqamətində bir sıra sahələr üzrə uğurlu araşdırmalar aparılır və bu araşdırmalar texnika, tibb, neft, ekologiya, kənd təsərrüfatı və hərbi sahələri əhatə edir. Universitet alimləri müxtəlif texnoloji üsullarla nanohissəciklərin alınması, stabilləşdirilməsi, xassələri və tədbiq imkanlarının müəyyən edilməsi istiqamətində uğurlu araşdırmalar aparırlar. Bu istiqamətdə superparamaqnit xassəli və maqnit müqavimətinə malik nanokompozit strukturlar alınmış, onların quruluşu tədqiq edilmiş, nanokompozitlərin texnikanın müxtəlif sahələrində tətbiqi imkanları araşdırılmış və bu nanokompozitlərin bəziləri respublikanın müxtəlif sənaye yerlərində tətbiq olunmuşdur. Polimer maqnit nanokompozit quruluşlarında yaranan nəhəng maqnit müqaviməti və superparamaqnetizmin tədqiqi ilə əlaqədar elmi tədqiqat işləri ABŞ-in Mülki Araşdırmalar Mərkəzinin(CRDF) ayırdığı qrant layihəsi çərçivəsində ABŞ Massaçutes Texnologiya Universiteti ilə birgə yerinə yetirilmişdir. BDU-da nanohissəciklərin canlı sistemlərə, əsasən bitkilərə, onların həyat qabiliyyətinə təsiri ilə bağlı tədqiqatlar aparılarkən göstərilmişdir ki, nanohissəciklər bitki hüceyrələrinin membranından daxilinə diffuziya yolu ilə keçərək həmin hüceyrənin həyat fəaliyyətinin pozulmasına səbəb olur. Bu nəticələr ilk dəfə İsveçrənin Elm Fondu tərəfindən maliyyələşdirilən SCOPES proqramı çərçivəsində Lozanna Politexnik Federal İnstitutu (EPFL) ilə birlikdə alınmışdır. Bu tədqiqatlardan alınan nəticələrdən sonra dünyanın inkişaf etmiş ölkələrində bu istiqamətində intensiv tədqiqat işləri aparılmağa başladı və yeni bir elmi istiqamətin nanotoksikologiyanın əsası qoyuldu. Qeyd etmək istəyirəm ki, Massaçutes Texnologiya Universiteti 2018-ci ildə QS World University Rankings reytinq cədvəlində dünyada 1-ci, Lozanna Politexnik Federal İnstitutu (EPFL) isə dünyada 12-ci yerdədir. Göründüyü kimi BDU-da nanotexnologiya sahəsində aparılan tədqiqat işləri dünyanın ən öncül universitetlərinin işlərinə yaxındır. BDU-nun Nanoaraşdırmalar Mərkəzində 3-5 nm olçülərində dəmir oksidi nanohissəcikləri mitsellərdə sintez edildi, nanohissəciklərin səthinə şiş hüceyrələrinin inkişafına təsir edən dərman maddəsi yerləşdirildi və onlar in-vitro tədqiq olundu. Bu tədqiqatlar Almaniya və İran alimləri ilə birlikdə aparıldı və göstərildi ki, dərman maddələri digər hüceyrələri zədələmədən xəstə hüceyrələrə maqnit nanohissəciklər vasitəsi ilə daşına bilər. Universitetdə şoran torpaqlarda bitkilərin inkişafına təsir edən nanohissəciklərin aşkar edilməsi, onların bioloji və fizioloji effektlərinin araşdırılması və bitkilərdə duzadavamlığın artırılmasına imkan verən tədqiqatlar aparılmış və müəyyən edilmişdir ki, bitkilərin toxumlarını metal əsaslı nanohissəciklər ilə işləndikdən sonra duzluluğu müxtəlif olan torpaqlarda onların cücərmə qabiliyyəti artır və cücərtilər normal inkişaf edir. Tədqiqatlar zamanı nanohissəciklərin şoran mühitdə toxumların inkişafına təsir edən amilləri öyrənilmişdir. Nanoaraşdırmalar mərkəzində müxtəlif texnoloji üsullarla bimetallik və trimetallik nanohissəciklərin alınma texnologiyası işlənmiş və onların sintezi və stabilləşməsinin optimal şəraitləri müəyyən edilmişdir. Sintez olunan bimetallik və trimetallik nanohissəciklərin yüksək miqdarda nitratla çirklənmiş sularda onların katalitik-reduksiyaedicilik təsirləri tədqiq edilmiş və ion xromatoqrafik analizlər nəticəsində müəyyən edilmişdir ki, nanohissəciklər çöx böyük sürətlə qısa zaman ərzində nitrat ionlarını reduksiya edərək su nümunələrin təmizlənməsinə gətirib çıxarır. Bu texnoloji nəticələr yeyinti sənayesində uğurla tətbiq edilə bilər və ekoloji tarazlığın bərpası üçün böyük əhəmiyyətə malikdir. Alimlərimiz geniş spektral-həssaslıq xassələrinə malik müxtəlif fotolüminessent nanohissəciklərin polimer matrisada alınması texnologiyası işlənmiş və göstərilmişdir ki, yarımkeçirici nanohissəciklərin sintezi zamanı ölçüləri homogen olan polimer nanokompozit strukturlar və onların əsasında müxtəlif təyinatlı sensorlar almaq olar. Son zamanlar aparılan yüksək texnoloji tədqiqatlardan biri də Yaponiyanın Kumamoto universiteti ilə birgə yerinə yetirilən metal oksidləri nanohissəciklərinin səthi müəyyən texnoloji əməliyyatlar vasitəsilə karbonlaşdırılır və səthi karbonla örtülmüş aktiv xassələrə malik nanohissəciklər sintez olunur. Bu işlər Kumamoto Universitetinin və Bakı Dövlət Universitetinin birgə fəaliyyəti nəticəsində həyata keçirilmişdir. Bu tədqiqatların çox böyük perspekti var və bu tədqiqatlar imkan verəcək ki, dinamik iqtisadi inkişaf edən Azərbaycan Respublikasında nanosənayedə ölkə iqtisadiyyatı üçün yeni nəsil nanostrukturların alınmasına kömək etsin. Son zamanlar şiş hüceyrələrinə maqnit nanohissəcikləri vasitəsi ilə dərman maddələrinin daşınması problemləri ilə dünyanın aparıcı tədqiqat laboratoriyaları məşğul olur və burada əsas problem bir maqnit nanohissəciyə bir necə dərman molekulunun tikilməsidir. Bu texnologiya ilə maqnit nanohissəciyinin səthini karbonlaşdırmaqla ona çoxlu sayda dərman molekulunun tikilməsi mümkün olacaq və bu da yüksək təsir imkanlarına malik nanohissəcik-dərman sisteminin yaranmasına səbəb olacaqdır. Hal-hazırda aparılan tədqiqatlar bu sahədə böyük uğurların olacağı ümidini yaradır. Universitetdə polimer matrisada maqnit nanohissəcikləri formalaşdırmaqla yüksək tezlikli elektromaqnit dalğalarını udan nanokompozit strukturların alınması istiqamətində intensiv tədqiqat işləri aparılır. Bu tədqiqat işləri ABŞ-in CRDF qrant layihəsinin, Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondunun maliyyə dəstəyi ilə və ölkənin bir sıra sənaye strukturlarının sifarişi ilə yerinə yetirilir. Aparılan tədqiqat işlərinin nəticələri 10-dan çox yüksək impakt faktorlu jurnallarda məqalə şəklində çap edilmişdir. Son zamanlar tex¬nika¬nın sürətli inkişafı maye kristal displeylərin texniki xarakteristikalarının davamlı yaxşılaşdırılmasını tələb edir. Bu məsələnin ən effektli texnoloji həlli yollarından biri maye kristallarla yüksək spontan polyarlaşmaya malik olan seqneto-elektik nanohissəciklərinin xassələrini konstruktiv şəkildə uzlaşdırmaqdır. Seqneto-elektik nanohissəciklərlə dispersiya olunmuş maye kristal sistemlərin astana gərginliyi, molekulların yürüklüyü və maye kristallık fazanın mümkün olma intervalı kimi vacib parametrlərinin keyfiyyətinin qənaətbəxş şəkildə yüksəldiyi nəticələr əldə edilmişdir. Bakı Dövlət Universitetində ilk dəfə olaraq siçanların qarın boşluğuna maqnit nanohissəcikləri daxil edilmiş, onların müxtəlif orqanlarında, o cümlədən beyin toxumalarında nanohissəciklərin yığılması elektron-paramaqnit rezonansı (EPR) metodu vasitəsi ilə İsveçrə Federal Texnologiya İnstitutunda öyrənilmiş və beləliklə nanohissəciklərin hemato-ensefolak baryer vasitəsi ilə daxil olması sübüt edilmişdir.
Nanotexnologiya istiqamətində BDU-nun uğurlu elmi tədqiqat işlərindən biri də ABŞ Massaçutes Texnologiya Universiteti ilə birgə yerinə yetirilmiş «Polimer matrisada formalaşmış halkogenid yarımkeçirici nanohissəciklərdə diffuziya və ion mübadiləsi» adlı qrant layihəsidir. Eyni zamanda ümumi dəyəri 655000 avro olan "Nanotexnologiyaya əsaslanan ekologiya mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi" adlı elm və təhsil layihəsi Avropa və Azərbaycan alimlərinin birgə səyi nəticəsində uğurla başa çatmışdır. İlk dəfə olaraq magistratura pilləsini bitirmiş 12 nəfər azərbaycanlı gənc Azərbaycan və Avropa alimlərinin iştirakı ilə postmagistr proqramı çərçivəsində nanotexnologiya və ekologiya problemləri ilə bağlı nəzəri kurs keçmiş və sonra Avropada uğurlu tədqiqat işləri aparmışlar. Dissertasiya işlərini uğurla yerinə yetirdikdən sonra BDU-da beynəlxalq komissiya qarşısında müdafiə etmişlər. Bu layihə dünya elminin bu prioritet istiqamətində ilk müştərək təhsil və elm layihəsidir və Avropa təhsil mühitinin Azərbaycana transferi sahəsində uğurlu addımdır. Hal hazırda həmin gənclər öz elmi fəaliyyətini ölkəmizin ali məktəblərində davam etdirirlər. Avropa Birliyinin maliyyələşdirdiyi «Fotonika və Elektronika üçün nanotexnoloji platforma» adlı qrant layihəsi də BDU-da uğurla yerinə yetirilmişdir.
Universitetdə uğurla yerinə layihələr çərçivəsində müasir avadanlıq və cihazlar alınmışdır. Bakı Dövlət Universitetində beynəlxalq qrant layihələri və ölkədaxili müqavilələr hesabına formalaşmış maliyyə imkanlarının hesabına Yaponiyanın Tokyo Boeki şirkətindən dəyəri 1050000,0 $ olan son dərəcədə geniş imkanlara və həssaslığa malik skanedici elektron mikroskopu alınmışdır. Həmçinin qrant layihəsi hesabına mərkəzə hüceyrə strukturunu zədələmədən onun membranını kəsmək üçün mikroton və Almaniyanın Carl Zeiss şirkətinin geniş imkanlara malik optik mikroskopu alınmışdır. Hazırda materialların strukturları və xassələri haqqında ətraflı məlumat almaq və onların xassələrini daha geniş miqyasda dəyişmək üçün molekulyar səviyyədə tədqiqat işləri aparmaq lazımdır.
Respublikada nanotədqiqatlar istiqamətində işlərin səviyyəsini qaldırmaq və inkişaf etdirmək məqsədi ilə elmi məktəblərin səviyyəsini artırmaq və yeni innovativ tədqiqat düşüncəli kadr hazırlığı aparmaq lazımdır. Bu istiqamətdə də BDU-da uğurlu işlər aparılır. Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində magistr və doktorantura səviyyəsində yüksək ixtisaslı kadr hazırlığı uğurla həyata keçirilir. "Nanohissəciklərin fizikası" , "Nanomaterialların fiziki kimyası", "Nanobiotexnologiya" ixtisaslaşmaları üzrə magistr, "Nanostrukturların fizikası və texnologiyası" və "Nanokimya və nanomateriallar" ixtisasları üzrə doktorantlar hazırlanır.
Bu istiqamətdə aparılan tədqiqatlar beynəlxalq donor təşkilatlarının maliyyəsi ilə yerinə yetirilən qrant layihələri və beynəlxalq proqramlar əsasında aparılır. Beynəlxalq qrant layihələrinin qazanılması proseduru kifayət qədər ağırdır. Dünyada aparıcı donor ölkələrin qrantlarının qazanılma ehtimalı normalda 3-5% tərtibindədir. Bu ona bərabərdir ki, dünyada təqdim edilən hər 100 layihənin 3-5-i qalib ola bilər. Qeyd etmək istəyirəm ki, nanotexnologiya istiqamətində son 10 ildə udulan və uğurla yerinə yetirilən layihələrin həcmi milyonlarla ABŞ dolları tərtibindədir. Fransa, İtaliya, Almaniya, İspaniya, Çexiya, İsveç Türkiyə, Rusiya, Yaponiya, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Macarıstan, Rumıniya və sair ölkələrlə uğurlu tədqiqatlar aparılır. Təsadüfi deyildir ki, 2013-cü ilin dekabr ayında BDU-nun alimlərinin həmmüəllif olduğu «Perspektiv Nanokompozitlər: növləri, xassələri və tətbiqləri» adlı monoqrafiya ABŞ-da «Nova Publişer» nəşriyyatı tərəfindən çap edilmişdir. 2017-ci ildə universitet alimləri Elsevier nəşriyyatında dərc edilən “Antimikrob nanoquruluşlar, onların sintezi və tətbiqləri” adlı nüfuzlu monoqrafiyanın bir fəslini yazmışlar. Yalnız onu qeyd etmək istəyirəm ki, BDU alimləri son on ildə nanotexnologiyalar sahəsində Web of Science Clarivate Analytics (Thomson Reuters) sisteminə daxil olan jurnallarda 200-dən artıq məqalə dərc etdirmişlər. Universitet alimlərinin işləri ilə yaxından maraqlanan Kimya üzrə Nobel mükafatı laureatı John Polanyi Kanadadan BDU-ya gəlmiş və birgə tədqiqat işləri aparmaq üçün müzakirələr aparmışdır.
Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində Nobel mükafatı laureatları Markuz Rudolf Artur, Laflin Robert Betts məruzə ilə çıxış etmişdir.
Nobel mükafatçıları nanotexnologiya istiqamətində təhsilin təşkili proseslərinə və aparılan araşdırma işlərinə yüksək qiymət vermiş və universitet alimlərinin bu istiqamətdə inkişaf etmiş ölkələrin alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını xüsusi vurğulamışlar.
Yaponiyanın Kumamoto universitetinin professoru, Hirokata Ihara; İtaliyanın Pavia universitetinin professoru Lorenzo Makkonen, Yaponiyanın Hokkaido universitetinin professoru Oliver B.Wright, ABŞ-ın Delavare universitetinin professoru Seyd Ismat Shah və s. laboratoriya ilə elmi əməkdaşlıq edirlər.
Göründüyü kimi Bakı Dövlət Universitetində nanotexnologiya istiqamətində aparılan tədqiqat işləri öz miqyasına və səviyyəsinə görə dünyanın aparıcı ölkələrində aparılan işlərlə yaxındır. Respublikanın digər elm və təhsil strukturlarında da nanotexnologiyanın ayrı-ayrı istiqamətində tətbiqi xarakterli ciddi işlər aparılır. Lakin bu işlərin aparılması əsasən ayrı-ayrı elm və təhsil strukturlarında çalışan alimlərin elmi maraqlarına uyğunlaşmışdır. Ona görə də bütün bu işlərin elmi koordinasiyasının formalaşdırılması və Respublikamızın elm, təhsil, sənaye, kənd təsərrüfatı və səhiyyənin maraqlarına uyğun inkişaf etdirilməsi üçün vahid bir Proqramının hazırlanması faydalı olardı.
Müstəqil Azərbaycan Respublikasında elmi innovasiyaların tətbiqi istiqamətində uğurlu dövlət siyasəti aparılır. Ümid edirəm ki, ölkəmizdə nanotexnologiya istiqamətində aparılan elmi-tədqiqat işlərinin tətbiqi perspektivi olduğu üçün və ölkəmizdə bu istiqamətdə uğurlu tətbiqi nəticələr alındığını, görülən işlərin tədqiqat, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasına böyük töhfə verəcək.
BDU-nun Fizika fakültəsinin dekanı,
f.e.d., prof. Məhəmmədəli Ramazanov
21 aprel 2019-cu il