28 fevral 2022 il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika və Kimya kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Hüseynov Hüseynağa İbrahim oğlunun 2211.01 – “Bərk cismlər fizikası” ixtisası üzrə fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, fizika üzrə elmlər doktoru, dosent Hüseyn Məmmədov açıq elan edərək bildirdi ki, 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyi üçün Dissertasiya Şurasının iclası səlahiyyətlidir. O, gündəlikdə duran "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusu üzrə dissertasiya işinin müdafiəsi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi Bəxtiyar Paşayev iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Hüseynağa Hüseynov "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Opponentlər – AMEA-nın Radiasiya Problemləri İnstitutu, “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Oktay Səmədov, BDU-nun Fizika fakültəsi, Yarımkeçiricilər fizikası kafedrasının dosenti, fizika üzrə elmlər doktoru Əli Hüseynov, ADPU-nun Fizika fakültəsi, Ümumi fizika kafedrasının müdiri fizika üzrə elmlər doktoru, dosent Cahangir Hüseynov, AMEA- nın Fizika İnstitutunun Qeyri-standart nəzarət və diaqnostikası laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Rəfiqə Mehdiyeva dissertasiya işinin mövzusunun məqsədinə çatmaq üçün seçilmiş metodlara, alınmış nəticələrin həqiqiliyinə, dürüstlüyünə və aktuallığına dair müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi. Sonra iddiaçı iclas iştirakçılarının suallarını cavablandırdı.Dissertasiya işinin elmi məsləhətçisi Fizika fakültəsi Bərk cisimlər fizikası kafedrasının professoru, fizika-ryaziyyat elmləri doktoru Sofya Fiqarova iş və iddiaçı haqqında öz müsbət fikrini söylədi. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Hüseynağa İbrahim oğlu Hüseynovun fizika üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki ED 2.19 Dissertasiya Şurası Hüseynağa İbrahim oğlu Hüseynova 2211.01 “Bərk cisimlər fizikası” ixtisası üzrə fizika üzrə elmlər doktoru elmi dərəcəsəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!