Home Aze Ru Eng

Bakı Dövlət Universitetinin Fizika fakültəsində dissertasiya işinin müdafiəsi keçirilib.

04/03/2022

04 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika və Kimya kafedrasının dissertantı İsayeva Aida Əjdər qızının 2211.01 – “Bərk cismlər fizikası” ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "(CoFe)75Si10B15 və CoFe amorf maqnetiklərin maqnit və maqnitooptik xassələri" mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, fizika üzrə elmlər doktoru, dosent Hüseyn Məmmədov açıq elan edərək 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyi üçün Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. O, gündəlikdə duran “(CoFe)75Si10B15 və CoFe amorf maqnetiklərin maqnit və maqnitooptik xassələri” mövzusu üzrə dissertasiya işinin müdafiəsi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi Bəxtiyar Paşayev iddiaçı barədə məlumat verdi və Şuraya daxil olmuş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Aida Əjdər qızı İsayeva "(CoFe)75Si10B15 və CoFe amorf maqnetiklərin maqnit və maqnitooptik xassələri" mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.

Opponnetlər – Bakı Dövlət Universiteti Fizika Problemləri ETİ Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, dosent Fərhad Ərəstun oğlu Rüstəmov, Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri, fizika elmləri doktoru, professor Məntiq Bahadur oğlu Cəfərov, AMEA Fizika İnstitutunun “Nazik təbəqəli strukturlar” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Səidə Qılman qızı Əsədullayeva dissertasiya işi haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər.

İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi. Sonra iddiaçı iclas iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya işinin elmi rəhbəri, Azərbaycan Memarlıq və İnşaat Universiteti Nəqliyyat fakültəsinin "Fizika və Kimya" kafedrasının məsləhətçi professoru, fizika-riyaziyyat elmləri doktoru Tahir Musa oğlu Pənahov iddiaçı haqqında öz müsbət fikrini söylədi. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Aida Əjdər qızı İsayevanın fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki ED 2.19 Dissertasiya Şurası Aida Əjdər qızı İsayeva 2211.01 “Bərk cismlər fizikası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.

Təbrik edirik!




 

Bookmark and Share