01 dekabr 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı Hümbətov Şirxan Ərəstun oğlunun “2222.01 – Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminarın iclası keçirilmişdir. İclası elmi seminarın sədri, AMEA-nın Biofizika İnstitutunun baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oktay Qasımov açıq elan edərək bildirdi ki, Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı Hümbətov Şirxan Ərəstun oğlunun dissertasiya işinin məzmunu 10 məqalə və 7 konfrans materialında nəşr olunub. Məqalələrdən 3-ü Web of Science və Scopus bazasına daxil olan impakt faktorlu jurnallarda çap olunub. Sonra iddiaçı Şirxan Hümbətov “Maye kristal-BaTiO3 nanohissəcikli sistemlərin fiziki xassələri” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.
Dissertasiya işinin mövzusunun məqsədinə çatmaq üçün seçilmiş metodlara, tədqiqat nümunələrinə və alınmış nəticələrin həqiqiliyinə, dürüstlüyünə və aktuallığına dair BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru, fizika elmləri doktoru Əli Hüseynov və BDU-nun Tədqiqat, inkişaf və innovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini, dosent, fizika-riyyaziyyat elmləri namizədi Mustafa Muradov rəylərini bildirdilər. Hər iki rəyçi iddiaçının apardığı elmi tədqiqatların aktual problemlərə həsr olunduğunu qeyd edərək, bəzi iradlara baxmayaraq, dissertasiyanın Azəraycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini və işin müdafiəyə buraxılmasının mümkünlüyünü bildirdi.
Sonra iddiaçı seminar iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya işinin müzakirəsi zamanı həmçinin fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oktay Qasımov, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Cavad Abdinov və elmi seminarın digər üzvləri dissertasiya işi və iddiaçı barədə öz müsbət fikirlərini söylədilər və iddiaçının fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almağa layiq olduğunu qeyd etdilər.