29-yanvar 2020-ci ildə Bakı Dövlət Universitetində (BDU), Astrofizika kafedrasının AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə növbəti "ASTROSEMİNAR"ı keçirilib. F-r.ü.f.d., dos.Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu və məruzəçi haqqında məlumat verib. Sonra ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f-r.ü.f.d., dos. Canməmməd Rüstəmov “Massiv ulduzların təkamül xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Seminarda massiv ulduzlarda kimyəvi təkamülün də kiçik kütləli ulduzlardan fərqli ssenari üzrə getdiyi diqqətə çatdırılıb. Son illər bəzi massiv ulduzlarda aşkar edilən kimyəvi anomallığı izah etmək nəzəri tədqiqatlarda xeyli çətinliklərlə üzləşdiyini qeyd edilib. Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.