Bakı Dövlət Universitetində Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycanın yeni inkişafı, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının seçimində öz əksini tapıb. Sonra rektor Abel Məhərrəmov gündəlikdə olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra elmi-tədqiqat işlərinin nəticələrinə görə 2017-ci ildə təbiət fakültələri üzrə birinci yeri tutmuş Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrası mükafatlandırılıb. Həmçinin 2017-ci ildə əldə etdiyi elmi nailiyyətlərinə görə Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı, Nanoaraşdırmalar ETM-nin kiçik elmi işçisi Həbibə Şirinova Fəxri fərmanla təltif olunub.