24-25 may 2018-ci il tarixində Bakı Dövlət Universitetində Təhsil Nazirliyi və STAR-NET-in birgə təşkilatçılığı ilə magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfransda 118 məruzə ilə100-dan cox magistrant və gənc tədqiqatçı çıxış etmişdir. Iştirakçılar Rusiyanın Tomsk Politexnik Universitetinin, Ukraynanın Odessa Milli Politexnik Universitetinin, Turkiyənin Sakarya Universitetinin, Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Mühəndislik Universitetinin, Xəzər Universitetinin, Şamaxi Astrofizika rəsədxanasının və s. magistrantları və doktorantları idilər. Beynəlxalq konfransın plenar iclasını açan rektor, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs etdi. BDU-nun aparıcı fakültələrindən olan Fizika fakültəsinin əməkdaşlarının yüksək səviyyədə apardıqları nəzəri və eksperimental tədqiqatlarının nəticələrinin dünyanın aparıcı jurnallarında dərc edildiyini diqqətə çatdırıb. Xüsusi olaraq qeyd edib ki, 2017-ci ilin nəticələrinə görə Fizika fakültəsinin alim və tədqiqatçıları "Thomson Reuters" agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalə çap etdiriblər ki, bu da ölkə üzrə çox yüksək göstəricidir. Bu amil bir daha gənc tədqiqatçıların, ümumiyyətlə yeni nəslin fundamental elm sahələrinə marağının getdikcə artmasını təsdiq edir.
Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanovun konfrans və iki gün davam edəcək bölmə iclasları haqqında məlumatından sonra gənc doktorantlar Həbibə Şirinova və Şəhla Şamilovanın plenar iclasda məruzələri dinlənilib. Gənc alimlər çıxışlarında onu da qeyd ediblər ki, ötən il "Thomson Reuters" agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalənin çap olunması BDU-da innovativ sahələr üzrə tədqiqatlar aparmaq üçün yaradılan şəraitin daha bir təsdiqidir. Gənc alimlər universitetin 100 illik yubileyinin qeyd ediləcəyi gələn il üçün bu rəqəmi bir qədər də artırmağa çalışacaqlarını diqqətə çatdırıblar.
Plenar iclasdan sonra konfrans işini “Nəzəri fizika və astrofizika”, “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”, “Biofizika və molekulyar fizika”, Nanomateriallar və nanotexnologiyalar”, Fizikanın tədrisi üsiulları” bölməsində davam etdirilmiş və ümumilikdə 116 məruzə dinlənilmişdir.
Konfransın sonunda xüsusi çəkisi olan məqalələri rəyə göndərildikdən sonra seçib WEB OF Science təqdim edilməsi qərara alındı.