Bakı Dövlət Universitetdə fizika fakültəsinin müəllim-tələbə heyətinin  iştirakı ilə  “Mənim elmdə ilk addımlarım” adlı III Respublika elmi  konfransı keçirilib. BDU-nun  Fizika fakültəsinin Tələbə Elmi  Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasında  giriş sözü ilə çıxış edən  Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın  müxbir üzvü, professor Aydın Kazımzadə son illər təhsil sahəsində  çoxsaylı dövlət proqramlarının qəbul edildiyini, universitet  alimlərinin həmin proqramlarda uğurla təmsil olunduqlarını  bildirib.  Prorektor Aydın Kazımzadə BDU alimlərinin yüksək indeksli beynəlxalq  elmi jurnallarda  dərc edilən elmi məqalələrinin, onlara olan  istinadların saylarının artdığını, o cümlədən Fizika fakültəsinin elmi  nailiyyətlərinin yüksəldiyini deyib. Universitetdə tələbələrin 1-ci  kursdan elmi fəaliyyətə cəlb edildiyini qeyd edən prorektor  respublika  konfransının keçirilməsini yüksək dəyərləndirib, BDU tələbələri ilə  yanaşı Respublikamızın digər ali təhsil müəssisələrinin tələbələrinin də  iştirak etdiyi konfransın işinə uğurlar arzulayıb. 
 Fizika  fakültəsinin müəllim-tələbə heyətinin elmi uğurları barədə məlumat verən  dekan, professor Məhəmmədəli Ramazanov fakültədə mütəmadi olaraq üç  istiqamətdə - professor-müəllim, magistr və bakalavr səviyyəsi üzrə  təhsil alan tələbələr üçün seminarlar təşkil edildiyini söyləyib.  Konfransa 50-dək məruzənin təqdim edildiyini vurğulayan dekan hər bir  iştirakçıya uğurlar arzulayıb.
 Plenar iclasda BDU-nun Fizika  fakültəsinin tələbələri – Dilarə Piriyeva və Rəvanə Sadıxlının  məruzələri dinlənildikdən sonra konfrans işini üç bölmədə davam etdirib.
 Konfransın məsul katibi, dosent  Arif Orucov iştirakçılara gələcək  elmi tədqiqat işlərində uğurlar arzulayıb,  məruzələri ilə fərqlənən  tələbələrin diplom və sertifikatlara layiq görüləcəklərini bildirib. 
 Qeyd edək ki, konfransda BDU ilə yanaşı Moskva Milli Nüvə Tədqiqatları  Universitetinin, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının, Azərbaycan  Texniki, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Pedaqoji,  Bakı Mühəndislik universitetlərinin tələbələrinin məruzələri də  dinlənilib.
 
  
  
 
