Bu gün Bakı Dövlət Universitetində bu ali təhsil ocağı, Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası  üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi  GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıq haqqında anlaşma  memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Rektor,  akademik Abel Məhərrəmov qonaqları salamlayaraq, onlara universitetdə  yerinə yetirilən elmi tədqiqat işləri,  nüvə fizikası və nüvə texnologiyası sahəsində yüksək enerjilər fizikası,  radiasiya materialşünaslığı, atom və nüvə fizikası istiqamətində kadr  hazırlığı barədə məlumat verib. 
 Nəqliyyat, Rabitə və Yüksək  Texnologiyalar naziri Ramin Quluzadə əməkdaşlıq əlaqələrinin və  imzalanacaq memorandumun əhəmiyyətini qeyd edərək beynəlxalq elmi  mərkəzlər tərəfindən həyata keçirilən elmi və elmi-texniki proqramlarda,  təcrübələrdə iştirakın vacibliyini bildirib.
 Antiproton və İon  Tədqiqatları Mərkəzini Elmi İdarəetmə direktoru, professor Paolo  Giubellino Almaniyanın nüvə tədqiqat mərkəzləri və bu istiqamətdə  fəaliyyət göstərən universitetləri ilə əməkdaşlığın inkişaf  etdirilməsindən bəhs edib. 
 Görüşdə rəqabət qabiliyyətinin  artırılması, sosial və iqtisadi sistemlərin inkişaf etdirilməsi,  sosial-iqtisadi həyat standartlarının yaxşılaşdırılması üçün elm və  texnologiyada əməkdaşlığın əhəmiyyəti mühüm amil kimi qiymətləndirilib,  Azərbaycan ilə Almaniya elmi cəmiyyətləri arasındakı əlaqələri daha da  gücləndirmək, tədqiqat mərkəzləri arasında yeni əməkdaşlıq formalarını  təşviq etməyin zəruriliyi qeyd edilib. Sonra rektor, akademik Abel  Məhərrəmov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin  Quluzadə, Antiproton və İon Tədqiqatları Mərkəzinin Elmi İdarəetmə  direktoru, professor Paolo Giubellino tərəfindən üçtərəfli anlaşma  memorandumu imzalanıb. Memorandumda elmi əməkdaşlığı gücləndirmək,  texnoloji yenilik, sosial-iqtisadi inkişafı təmin edən beynəlxalq  əhəmiyyətə malik elmi və texnoloji nəticələrə nail olmaq,  ixtisaslaşdırılmış seminarlar, simpoziumlar və digər elmi görüşlərin  təşkili, birgə tədqiqat layihələri, mübadilə tədbirləri,  professor-müəllim heyəti və tədqiqatçıların mübadiləsi kimi məsələlər öz  əksini tapıb.
 
 
 
 
 
