Home Aze Ru Eng

BDU-nun Fizika fakültəsində növbəti Elmi Seminar keçirilib

14/02/2019

14 fevral 2019 cu ildə Fizika fakültəsinin növbəti elmi seminarı keçirilmişdir. Seminar “Astrofizika” kafedrasının dosenti Zahir Səmədovun elmlər doktoru adı almaq üçün təqdim etdiyi  “A-G cpektral sinifli ulduzların fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda dissertasiyasının ilkin müzakirəsinə həsr olunmuşdur. Seminarda Fizika fakültəsinin professor-müəllim heyəti, elmi işçilər və AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işçiləri iştirak etmişlər. Elmi seminarı giriş sözü ilə açan Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov doktorant Zahir Səmədov haqqında məlumat vermiş, onun təqdim etdiyi işin BDU-nun rəhbərliyinin göstərişi ilə müzakirəyə buraxıldığını bildirərək sözü Z.Səmədova vermişdir. Zahir Səmədov dissertasiya çərçivəsində həyata keçirilmiş elmi-tədqiqat işləri, mövzunun aktuallığı, əldə olunmuş nəticələr barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonra Z.Səmədov seminar iştirakçılarının suallarını cavablandırmişdır. Dissertasiyaya AMEA ŞAR-ın şöbə müdiri prof. Sabir Məmmədov, AMEA ŞAR-ın laboratoriya müdiri prof. Nəriman İsmayılov və BDU “Yarımkeçiricilər fizikası” kafedrasının professoru Maarif Cəfərov tərəfindən rəy verilmişdir. Bütün rəylər müsbət olmuşdur. Dissertasiyanın müzakirəsində çıxış edən “Maddə quruluşu” kafedrasının müdiri, prof. Eldar Məsimov, AMEA ŞAR-ın şöbə müdiri prof. Canməmməd Rüstəmov, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti Naqif Nəbiyev Zahir Səmədovun yüksək şəxsi və işgüzar keyfiyyətlərə malik olduğunu, həyata keçirdiyi elmi tədqiqatların yüksək səviyyədə olduğunu qeyd edərək onun təqdim etdiyi dissertasiyanın növbəti mərhələyə buraxılmağa layiq olduğunu bildirmişlər.

Elmi seminarın yekdil qərarı ilə “Astrofizika” kafedrasının dosenti Zahir Səmədovun elmlər doktoru adı almaq üçün təqdim etdiyi  “A-G cpektral sinifli ulduzların fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda dissertasiyasının Azərbaycan Respublikası AAK-ın tələblərinə cavab verdiyi qeyd olunmuş və onun növbəti mərhələyə buraxılması tövsiyə edilmişdir.

 

Bookmark and Share