BDU-nun Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə I, II, III kurs tələbələri və magistrantları 14.12.12-ci il tarixdə Bakı Expo Mərkəzdə keçirilən “ Beynəlxalq Avadanlıq, İstehsalat texnologiyaları, Metal və Polad Sənayesi sərgisi ”ndə iştirak etmişdir. Qeyd edək ki, adı çəkilən sərgi Azərbaycanla yanaşı bir çox ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, Almaniya, İranda təşkil olunub. Sərgi Türkiyənin Türkel Fair şirkəti tərəfindən təşkil olunmuşdur, əsasən Türkiyə və Almaniya istehsalı olan müxtəlif sənaye avadanlıqları, o cümlədən geniş tətbiqli kranlar, boyama avadanlıqları, müasir iş prinsipli tikinti avadanlıqları nümayiş etdirilmişdir.Fizika fakültəsi TEC-nin sədri R.N.İsmailovanın rəhbərliyi ilə tələbə və magistrantlar bu sərgiyə qatılmış və geniş təəssüratlarla dönmüşlər. Nümayiş olunan məhsullar istehsal texnologiyaları ilə bağlı olduğundan və nümunələrin iş prinsipi əsasən fiziki qanunauyğunluqlara tabe olduğundan tələbələrin sərgiyə marağı daha da artmış və onların praktiki bacarıqlarının formalaşması istiqamətində stimul rolunu oynamışdır. Sərgidə iştirakın müsbət elmi və praktiki əhəmiyyətinin nəzərə alaraq, TEC gələcəkdə də keçiriləcək sərgilərdə fizika fakültəsi tələbələrinin və magistrantların müntəzəm iştirakını təşkil etməyi nəzərdə tutur.