Home Aze Ru Eng

Bərk cisimlər fizikası kafedrasının elmi seminarı keçirilib

31/05/2022

31 may 2022-ci il tarixində Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı eçirilib. Seminarda kafedranın keçmiş dissertantı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı Hüseynağa Hüseynov  “Aşağıölçülü elektron sistemlərdə anizotrop kinetik hadisələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında təqdim olunmuş işin aktuallığı, qarşıya qoyulan prioritet məsələlər, aparılmış hesablamalar, əldə olunmuş elmi nəticələr, tədqiqatın üstünlükləri və tədqiqatla bağlı problemlər haqda məlumat verdi. O bildirdi ki, tədqiqat işində kosinusoidal dispersiya qanununa tabe olan ifratqəfəs və laylı sistemlərdə elektrikkeçiriciliyi, istilikkeçiriciliyin elektron hissəsi, qalvano- və termomaqnit əmsalların anizotropluğunun nəzəri tədqiqi, enerji spektri, səpilmə mexanizminin anizotropluğunun, həmçinin aşağıölçülü elektron qazının parametrlərinin və xarici sahənin təsiri ilə kinetik hadisələrdə yaranan xüsusiyyətlər müəyyən edilib. Göstərilib ki, Holl əmsalı ifratqəfəslərdə maqnit sahəsinin istiqamətindən asılı olaraq işarəsini dəyişir. İşarə dəyişkənliyi minizonada mənfi effektiv kütləli sahələrin olması ilə şərtlənir. Ifratqəfəslərdə Holl əmsalının anizotropluğu elektron qazının ölçüsündən asılıdır: kvaziüçölçülüdən kvaziikiölçülü hala keçdikdə anizotropıuq azalır. GaAs/AlGaAs ifratqəfəsi üçün aparılan ədədi hesablama göstərdi ki, eninə maqnit müqaviməti uzununa maqnit sahəsində, eninə sahədən fərqli olaraq, ekranlaşma radiusunun ifratqəfəsin perioduna nisbətindən qeyri-monoton asılıdır və bu nisbətin müəyyən qiymətində fərdi xüsusiyyətə malikdir: maqnit müqaviməti ekranlaşma radiusundan asılı olaraq işarədəyişən formada ossilyasiya edir. Tapılmışdır ki, güclü ekranlaşmış aşqar ionlarından səpilmədə maqnit müqaviməti müsbətdir və güclü maqnit sahəsində ekranlaşma radiusundan asılı deyil, bu isə onu göstərir ki, baxılan halda tsiklotron orbiti aşqar ionunun ekranlaşma sahəsini örtür. Bundan başqa tapılmışdır ki, maqnit sahəsinin aralıq qiymətlərində eninə maqnit müqaviməti öz işarəsini ifratqəfəsdə Fermi səviyyəsi mini-zonanın ortasında olduqda dəyişir. Fermi səthi nahamar silindr olduqda minizonada mənfi effektiv kütləli sahələr yaranır. Eninə maqnit müqavimətin işarə dəyişməsi mini-zonada mənfi effektiv kütləli sahələrin olması səbəbindən tsiklotron orbit üzrə fırlanmaları fərqli olan iki cür elektron qrupunun müxtəlif səpilmə mexanizminə malik olmaları ilə bağlı olduğu seminar iştirakçılarının nəzərinə çatdırılıb.


Seminar iştirakçıları tərərfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında müzakirələr aparılıb və verilən suallar məruzəçi tərəfindən cavablandırılıb.

















Bookmark and Share