17 noyabr 2020-ci il tarixdə Fizika fakültəsində 17 noyabr Dirçəliş gününə həsr olunmuş Azadlığa gedən çətin yol”adlı online tədbir keçirilmişdir. Tədbirə fakültənin çoxsaylı tələbələri qatılmışlar. Tədbiri giriş sözü ilə açan fakültə dekanının müavini Məhəmməd Məhərrəmov 17 noyabr Dirçəliş gününün tarixi barədə tələbələrə məlumat vermişdir. O, həmin günlərin canlı şahidi və iştirakçısı kimi hadisələrin necə cərəyan etməsi, 1987-ci ilin sonlarından başlayan erməni separatizmi, azərbaycanlılara qarşı Ermənistan ərazisində və Dağlıq Qarabağda törədilən təxribatlar, keçmiş SSRİ rəhbərliyinin ədalətsiz mövqeyi, ermənilərin qanunsuz əməllərinə göz yumulması, bütün bunların Azərbaycan xalqında narazılıq yaratması və sonunda xalqın meydanlara axışamsı barədə danışmış, həmin vaxtda həqiqətən də bir oyanışın baş verdiyini qeyd etmişdir. Həmin etiraz aksiyalarının sovet qoşunları tərəfindən 5 dekabrda vəhşicəsinə dağıdılmasına baxmayaraq, bu mitinqlər Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı kimi tarixə düşmüş, 17 noyabr isə Dirçəliş günü kimi adlandırılmışdır. Azərbaycanın azadlığına gedən yol bu cür çətinliklərdən keçmişdir. O, həmçinin bu ilki Dirçəliş gününün bütün digər bayramlar kimi ayrı əhval-ruhiyyədə qeyd edildiyini vurğulamışdır, çünki 2-ci Qarabağ savaşında Azərbaycan işğalda olan şəhər və kəndlərimizi, Şuşamızı azad edərək düşmənə ağır zərbələr vurmuş və Ermənistanı təslim olmağa məcbur etmişdir. Sonra fakültə tələbələri də Dirçəliş günü ilə bağlı fikirlərini bildirmiş, şerlər söyləmişlər.