“Faiq Heydər oğlu Paşayev 60”
İnsanın seçdiyi peşə, gördüyü işin xarakteri də təbiətinə uyğun olmalıdır. Yalnız belə olduqda insanın həyatı mənalı, hüzurlu, əmək fəaliyyəti məhsuldar olur, iş yerində, yaxın ətrafında hörməti olan lazımlı şəxsə çevrilir. Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Paşayev Faiq Heydər oğlu, məhz belə insanlardan olduğuna görə, hər kəsin hörmətini qazanmışdır. Mülayim xarakteri, aydın, səlis nitqi, tələsmədən, səbrlə müzakirə etmə qabiliyyəti, səliqəli və ardıcıl anlatma məharəti onu hər bir tələbənin sevimlisinə çevirmışdır. Belə müəllim olmanın səbəblərindən birincisi onun doğulduğu ailə ilə əlaqədardır. Müəllim ata və ananın, halal zəhməti ilə boya-başa çatdırdığı övladlardan biridir Faiq müəllim. Bu ailədə böyüyən bütün övladlar kimi kiçik yaşlarından zəhmətə alışmış, sistemli şəkildə öz üzərində işləyərəq bilik və bacarığını artırmaq vərdişi qazanmışdır. O, 1972-ci ildə Gədəbəy rayonu Böyük Qaramurad kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə elmi-tədqiqat işlərinə böyük maraq göstərmişdir. Univerisitet təhsilini uğurla başa vurduqdan sonra, təyinatla, 1977-1980-ci illərdə Lənkəran rayonunda, orta məktəbdə fizika müəllimi işləmişdir. Lakin tədris fəaliyyəti ilə yanaşı elmi-tədqiqat işləriylə məşğul olmaq həvəsi heç zaman sönməmiş və bu həvəs onu yenidən Bakı Dövlət Univerisitetinə qaytarmışdır. Faiq müəllim 1981-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1981-1982-ci illərdə elmi-tədqiqat laboratoriyasında mühəndis, 1982-1996-cı illərdə baş laborant, 1996-2009-cu illərdə “Nanomaterialların kimyəvi fizikası” kafedrasında baş müəllim vəzifələrində işləmişdir. 2009-cu ildən isə həmin kafedranın dosent vəzifəsində çalışır. 1988-ci ilin fevral ayında “Sleyter funksiyalarının köçürülməsi metodu və molekulların hesablanmasında onun bəzi tətbiqləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və “İstilik fizikası və molekulyar fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Paşayev Faiq Heydər oğlu 100-dən artıq elmi tədqiqat işinin və “Atom və molekul fizikasında riyazi metodlar” adlı dərs vəsaitinin həmmüəllifidir. Onun elmi işləri bir çox nüfuzlu respublika və beynəlxalq elmi jurnallarında çap olunmuşdur. O, bir çox respublika və beynəlxalq miqyaslı elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Paşayev Faiq Heydər oğlu BDU-nun fizika və kimya fakültələrində bakalavr pilləsində “Molekul fizikası”, “Kvant kimyası”, “Nanoquruluşlar fizikası” fənlərindən, magistratura pilləsində isə “Atomun kvant nəzəriyyəsi”, “Molekulun kvant nəzəriyyəsi”, “Kompleks birləşmələrin molekulları” və s fənlərindən mühazirə və məşğələ dərslərini tədris edir. Bundan başqa, F.H.Paşayev magistr dissertasiyalarına və buraxılış işlərinə də rəhbərlik edir. Paşayev Faiq Heydər oğlu təhsil aldığı, işlədiyi müddət ərzində Universitetin ictimai həyatında fəal iştirak etmiş, özünü bacarıqlı və bilikli əməkdaş kimi göstərmiş, işlədiyi kollektivin dərin hörmətini qazanmışdır. Hal-hazırda “Molekul fizikası” ixtisası üzrə elmlər doktoru proqramı üzrə qiyabi doktorantıdır və “Çoxelektronlu sistemlərin Sleyter atom orbitalları bazisində xassələri” mövzusu üzrə elmi-tədqiqat işləri aparır. Faik Paşayev sadə bir insan, gözəl ailə başçısı, təvazökar alim və müəllim kimi elm aləmində, təhsilimizdə xüsusi rəğbət qazanmışdır. Onu 60 illik yubileyi münasibətilə təbrik edir və elmdə, pedaqoji fəaliyyətində uğurlar arzu edirik!