Home Aze Ru Eng

BDU-nun Fizika fakültəsi təbiət fakültələri üzrə ilin fakültəsi adına layiq görülüb

06/04/2016

6 aprel 2016-cı il tarixində Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclasdan əvvəl elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış keçirilib, Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Təkamül-təlimi muzeyinin yenidən qurulmasından sonra açılışı olub. Sonra Elmi Şuranın iclası başlayıb. İclasda 2015-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor, professorAydın Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.
2015-ci ilin elmi nəticələri təhlil edilmiş, və aparılmış işlərin nəticələri rəqəmlərlə Elmi Şura üzvlərinin nəzərinə çatdırılmışdır. Qeyd edilmişdir ki, BDU-nun təbiət fakültələri üzrə 2015-ci ildə 976 məqalə dərc edilmişdir və bu məqalələrin 196-sı Fizika fakültəsinin payına düşür. Bu isə təbiət fakültələri üzrə məqalələrin 20%- i deməkdir. Bir müəllimə düşən məqalələrin sayı 2, 33 olmuşdur. BDU-nun təbiət fakültələri üzrə bu göstərici 1,86 olmuşdur. Tomson Reyter, SCOPUS tərəfindən indekslənən və impact factorlu jurnallarda dərc olunmuş məqalələr BDU üzrə cəmi 221 olmuş, bu məqalələrin 70-i BDU-fiziklərinin payına düşür ki, bu da beynəlxalq səviyyədə universitet elmi məhsulunun 31,7% deməkdir. A kateqoriyalı jurnallarda dərc edilən 50 məqalənin 18-i, B kateqoriyalı jurnallarda dərc edilən 36 məqalənin 11-i, C kateqoriyalı jurnallarda çap edilən 75 məqalənin 20-i, digər indekslənən jurnallarda dərc edilən 60 məqalənin 21-i fiziklərin payına düşür. AMEA-nın hesabatına daxil etmək üçün təqdim edilən 68 mühüm nəticənin 26-sı fiziklərin payına düşür. BDU-nun Fizika fakültəsi təbiət fakültələri üzrə ilin fakültəsi adına layiq görülmüşdür. Bu münasibətlə Fizika fakültəsinin bütün əməkdaşlarını və tələbələrini təbrik edirik və onlara yeni-yeni uğurlar arzulayiriq. Dekanlıq

 

Bookmark and Share