Home Aze Ru Eng

Fizika fakültəsində BFD 2.19 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib.

28/03/2022

28 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Qəhrəmanlı Lalə Rasim qızının “2222.01 – Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə “Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş BFD 2.19 Birdəfəlik Dissertasiya Şurasının iclası keçirilib. İclası Dissertasiya Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə açıq elan edərək bildirdi ki, Şura üzvlərinin hamısı iclasda iştirak etdiyi üçün Dissertasiya Şurasının iclası səlahiyyətlidir. O, gündəlikdə olan "Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri" mövzusu üzrə dissertasiya işi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Lalə Qəhrəmanlı “Texnoloji şəraitin CdxZn1-xS nanohissəciklərinin fiziki xassələrinə təsiri” mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, tədqiqat metodları və əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi.

Opponentlər – AMEA-nın Fizika İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov, BDU-nun Fizika fakültəsi, Yarımkeçiricilər fizikası kafedrasının professoru, fizika üzrə elmlər doktoru Əli Hüseynov, ADPU-nun Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev dissertasiya işinin mövzusunun məqsədinə çatmaq üçün seçilmiş metodlara, tədqiqat nümunələrinə və alınmış nəticələrin həqiqiliyinə, dürüstlüyünə və aktuallığına dair müsbət rəylərini səsləndirdilər və iddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi. Sonra iddiaçı iclas iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya işinin elmi rəhbəri, Bakı Dövlət Universitetinin Tədqiqat, inkişaf və innovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Mustafa Muradov iddiaçı haqqında öz müsbət fikrini söylədi. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Lalə Rasim qızı Qəhrəmanlının Fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.

Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki BFD 2.19 Birdəfəlik Dissertasiya Şurası Lalə Rasim qızı Qəhrəmanlıya 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.

 

Təbrik edirik!















Bookmark and Share