11 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsində Optika və molekulyar fizika kafedrasının dissertantı Məmmədova Vüsalə Cəlali qızının “2211.01 "Bərk cismlər fizikası" ixtisası üzrə “Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik, fotoelektrik və optik xassələri” mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının iclası keçirilib. İclasa Dissertasiya Şurasının üzvü professor Niftalı Mehralı oğlu Qocayev birdəfəlik sədrlik etmişdir. Niftalı Qocayev iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. O, gündəlikdə duran " Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik, fotoelektrik və optik xassələri" mövzusu üzrə dissertasiya işinin müdafiəsi ilə bağlı Şura üzvlərinə məlumat verdi. Dissertasiya Şurasının elmi katibi Bəxtiyar Paşayev iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Sonra iddiaçı Vüsalə Məmmədova "Elektrokimyəvi çökdürülmüş Cd1-xZnxO nazik təbəqələri və onlar əsasındakı strukturların elektrik, fotoelektrik və optik xassələri" mövzusunda dissertasiya işinin aktuallığı, məqsədi, məzmunu, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Opponentlər –Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru, fizika elmləri doktoru, professor Rəna Fikrət qızı Babayeva, Bakı Dövlət Universiteti Fiziki Elektronika kafedrasının professoru, fizika elmləri doktoru, dosent İzzət Məmməd qızı Əfəndiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fizika” fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Arzu Oruc oğlu Daşdəmirov dissertasiya işinin mövzusunun məqsədinə çatmaq üçün aparılmış tədqiqatların, alınmış nəticələrin həqiqiliyinə, dürüstlüyünə və aktuallığına dair müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi. Sonra iddiaçı iclas iştirakçılarının suallarını cavablandırdı. Dissertasiya işinin elmi rəhbbərləri Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Fiziki elektronika" kafedrasının professoru, fizika elmləri doktoru dosent Hüseyn Mikayıl oğlu Məmmədov və Bakı Dövlət Universiteti Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasının professoru, fizika -riyaziyyat elmləri doktoru Rəna Cümşüd qızı Qasımova dissertant və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Vüsalə Cəlali qızı Məmmədovanın fizika üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki ED 2.19 Dissertasiya Şurası Vüsalə Cəlali qızı Məmmədovaya 2211.01 “Bərk cisimlər fizikası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!