4 noyabr 2021-ci ildə "Optika və molekulyar fizika" kafedrasının dosenti, Maddə quruluşu kafedrasının sabiq doktorantı Paşayev Bəxtiyar Gülmalı oğlunun Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasında 2206.01 - Molekulyar fizika ixtisası üzrə "Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri" mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya Şurasının sədri AMEA-nın müxbir, professor Aydın Kazımzadə iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.e.d. Gülnara Haqverdiyeva iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Bəxtiyar Paşayev dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Bəxtiyar Paşayev bildirdi ki, dissertasiya işi, su-PEQ, su-PEQ-qələvi və su-PEQ-duz sistemlərində struktur xüsusiyyətlərinin tədqiqinə həsr olunb. İşdə bir sıra qələvilərin və duzların müxtəlif fraksiyalı PEQ-lərin suda məhlullarının strukturuna təsiri öyrənilib, qələviərin, duzların ionlarının və PEQ makromolekulunun hidratlaşması prosesləri təhlil olunmub, həmçinin su-PEQ-qələvi və su-PEQ-duz sistemlərində həyacanlanmış və bu sistemlərə uyğun seçilmiş θ-həlledicilərdə həyacanlanmamış PEQ makromolekulunun konformasiyası, ölçüləri müəyyən edilib, bu konformasiyaya, ölçülərə qələvilərin və duzların təsiri araşdırılıb. Sonra rəsmi opponentlər, AMEA-nın Fizika İnstitutu "Bərk cisim elektronikası" laboratoriyasının rəhbəri, AMEA-nın həqiq üzvü, professor Cavad Şahvələd oğlu Abdinov, AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oktay Kazım oğlu Qasımov, AMEA-nın Fiziologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini professor Əhməd Məhəmməd oğlu Hacıyev, Bakı Dövlət Universitetinin "Biofizika və biokimya" kafedrasının müdiri, professor Rövşən İbrahimxəlil oğlu Xəlilov doktorant və dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri professor Niftalı Qocayev və professor Əli Hüseynov, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, dissertasiya işinin elmi məsləhətçisi, BDU-nun "Maddə quruluşu" kafedrasının müdiri, professor Eldar Məsimov dissertant və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri iddiaçı Bəxtiyar Gülmalı oğlu Paşayevin fizika elmləri doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında Bakı Dövlət Universitetinin nəzdindəki ED 2.19 Dissertasiya Şurası Bəxtiyar Gülmalı oğlu Paşayevə 2206.01 - Molekulyar fizika ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!