10.05.2019-cu il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Surxaylı Əfsanə, Zeynallı Sevinc, Quliyeva Firəngiz, Tahirli Könül, Piriyeva Lalə və Xaxiyeva Arzu apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər.
Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
İlk olaraq “Maddə quruluşu” kafedrasının magistrantı Surxaylı Əfsanə elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. prof. E.Ə.Məsimovun rəhbərliyi ilə “Polietilenqlikolun-limon turşusunun Na duzu-su ikifazalı sistemlərinin hal diaqramı və ayırdetmə qabiliyyəti” mövzusunda çıxışı maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca “Astrofizika” kafedrasının magistrantı Zeynallı Sevinc “Planetar dumanlıqların qalaktikada paylanmasının tədqiqi” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim etdi. Elmi rəhbəri dos.Kəmalə Alışeva məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzə ilə, “Nanomaterialların kimyəvi fizikası” kafedrasının magistrantı Quliyeva Firəngiz “Flüor atomunun terminin dalğa funksiyaları və potensial enerjisinin hesablanması” mövzusunda çıxış etdi və məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri dos. F.H.Paşayev və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu daha dərindən təhlil olundu və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verildi. Növbəti məruzəçi “Nanomaterialların kimyəvi fizikası” kafedrasının magistrantı Tahirli Könül prof. M.Ə.Ramazanovun rəhbərliyi ilə “PVDF+PBS/CDS nanokompozitlərinin kristallaşmasının temperatur-zaman rejimindən və elektropolyarlaşma şəraitindən asılı olaraq dielektrik və lüminesensiya xassələri” mövzusunda görülən işlərlə əlaqədar çıxış etməklə yanaşı seminar iştirakçıları tərəfindən verilən sualları ətraflı cavablandırırdı. Daha sonra “Optika və molekulyar fizika” kafedrasının magistrantı Piriyeva Lalə çıxışı davam etdirdi. Onun “Metamaterialda qeyri-stasionar rejimdə fərq tezlikli dalğanın şüalanma spektri” mövzusunda çıxışı dinlənildi və elmi rəhbəri prof.R.C.Qasımova ilə birlikdə verilən suallar müzakirə olundu. Sonda isə “Müasir məktəb fizikası kursunda atomun quruluşunun tədqiqi metodları” mövzusunda Xaxiyeva Arzu çıxış etdi. Beləliklə seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı.
Növbəti seminarın 23.05.2019 tarixində olacağı elan olundu. Bu seminara hər bir magistrant dəvətlidir.