Home Aze Ru Eng

Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında elmi seminar keçirilib

21/04/2022

Bakı Dövlət Universitetinin Fizika fakültəsində “Elm günü” ilə bağlı tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 20 aprel 2022-ci il tarixində Bərk cisimkər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Bərk cisimlər fizikası kafedrasının müdiri Mehdi Mahmudov seminarı açaraq kafedrada gənc alimlərin apardığı tədqiqat işlərinin aktuallığı, qarşıya qoyulan prioritet məsələlər, aparılmış hesablamalar, əldə olunmuş elmi nəticələr, bu tədqiqatların üstünlükləri və tədqiqatla bağlı problemlər haqda seminar iştirakçılarına ətraflı məlumat verdi. Seminarda kafedranın doktorantı Günel Bayramova “Manninq-Rozen potensialının və Yukava sinfinin xətti kombinasiyası üçün Şrödinger tənliyinin analitik həlli” adlı məruzə ilə çıxış etdi. Məruzəçi çıxışında bildirdi ki, işdə Nikiforov-Uvarov metodundan istifadə edilərək orbital kvant ədədinin ixtiyari qiymətlərində bir zərrəcik üçün Manninq-Rozen potensialı hesablanıb və Yukava sinfinin modifikasiya olunmuş radial Şrödinger tənliyi həll edilib. Orbital və radial kvant ədədlərinin ixtiyari qiyməti üçün enerjinin məxsusi qiymətləri və müvafiq məxsusi funksiyalarnın analitik ifadələri tapılıb. Göstərilib ki, tapılmış enerjinin məxsusi qiymətləri və müvafiq məxsusi funksiyaları radial və orbital kvant ədədlərinə həssasdır. İşdə enerjinin ədədi qiymətləndirməsini aparmaq üçün Mathematica riyazi proqram təminatından istifadə edilib və nəticələr cədvəllər şəklində təsnifatlandırılıb. Əldə olunmuş nəticələr Manninq-Rozen potensialı üçün hesablanmış nəticələrlə müqayisə edilib. Alınmış nəticələrin müqayisəsindən tədqiq olunmuş işdə zərrəciyin daha dərin dayanıqlı halda olması müəyyən edilib.

Seminar iştirakçıları tərərfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.
















Bookmark and Share