Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin Tətbiqi Kimya və Biokimya Mərkəzinə 4 aylıq müddətində elmi ezamiyyətə göndərilmişdir. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq fondunun maliyyələşdiridiyi layihə çərçivəsində həyata keçiriləcəkdir. Layihə çərçivəsində termoplastik polimer matrisləri və maqnit nanohissəcikləri əsasında olan nanokompozit strukturların kompleks fiziki-kimyəvi xassələri (maqnit, elektrofiziki, mexaniki, termiki və sair) müxtəlif tədqiqat üsulları (skanedici elektron mikroskopu, işıqburaxan elektron mikroskopu, atom-qüvvət mikroskopiyası, termoqravimetrik analiz üsulu, differensial skanedici kalorimetriya, dinamik işıq səpilməsi üsulu, rentgenspektral analiz, vibrasion maqnetometriya, elektrofiziki ölçmə metodu və sair) vasitəsi ilə tədqiq ediləcəkdir. Həmçinin ifrat tezlikli elektromaqnit dalğalarını udan polimer nanokompozit materiallarının alınma texnologiyasının optimallaşdırılması, elektromaqnit dalğalarının udulması və maqnit nanokompozitlərin quruluş və xassələri arasında əlaqənin mexanizmi araşdırılacaqdır. Bu işlərin əsas məqsədi maqnit nanohissəcikləri və termoplastik polimer matrsiləri əsasında alınan nazik polimer maqnit nanokompozit təbəqələrinin hərbi təyinatlı materialların alınmasında, müxtəlif radar sistemlərin, yüksək intensivli elektromaqnit dalğalarını udan müxtəlif geyim və sursatların hazırlanmasında istifadəsindən ibarətdir.
Dosent Flora Hacıyeva ilk azərbaycanlı alimdir, bu təqaüdə layiq görülmüşdür. Bu barədə Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin birinci katibi Rövşən Mirzəyev məlumat vermişdir. O qeyd etmişdir ki, Matsumae Beynəlxalq Fondunun təqaüd proqramı haqqında Azərbaycana məlumat xeyli zamandir ki məlumat göndərirdik. Lakin heç kim indiyə qədər proqramda iştiraka haqq qazana bilmirdi. 27 iyunda Azərbaycan Səfirliyinə məlumat daxil olub ki, dos. Flora Hacıyeva Matsumae Beynəlxalq Fondu təqaüd proqramına qəbul edilib. Səfirlik dos. Flora Hacıyevanı təbrik edib və ona səfirlik tərəfdən hər cür köməklik göstəriləcəyini bildirib.