Home Aze Ru Eng

Gələcəyin alimlərinin elmi konfransda məruzəsi

04/05/2022

Fizika fakültəsində “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində 04 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbələrin “Gələcəyin alimləri” adlı VII elmi konfransı keçirilib. Konfransı açıq elan edən fakültə dekanı Bəxtiyar Paşayev sözü BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri professor Mais Süleymanova verdi. Mais Süleymanov konfrans iştirakçılarına BDU rəhbərliyinin təbriklərini çatdırdı və tələbə elmi konfransının keçirilməsinin gələcək elmi tədqiqatçıların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Sonra fakültə dekanı Bəxtiyar Paşayev tələbə elmi konfransının tarixindən danışaraq gələcək yüksək ixtisaslı və səriştəli insan kapitalının yetişdirilməsi istiqamətində dövlətin Universitet qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsində tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətini qeyd etdi. O, hazırkı konfransa 100-ə yaxın tezisin təqdim edildiyini, onların içərisindən 89-nun seçilərək konfrans materiallarına daxil olunduğunu, üç məruzənin plenar iclasda, qalan işlərin isə bölmələrdə dinlənəcəyini nəzərə çatdırdı. Plenar iclasda Fizika fakültəsi II kurs tələbəsi Nərmin Qocayeva “Akustik rezonanslar və nitq siqnallarında rezonans tezlikləri” (elmi rəhbər Lətif Əliyev) mövzusunda, II kurs tələbəsi Nigar Məmmədova “İmproving the performance of the triboelectric nanogenerator (TENG) by using microstructured nylon”  (elmi rəhbər Orxan Güləhmədov) mövzusunda, IV kurs tələbəsi Şahanə Baxşıyeva “BF CYG simbiotik ulduzun parlaqlıq əyrisində periodik dəyişmələr” (elmi rəhbər Xıdır Mikayılov) mövzusunda məruzə etdilər. Hər üç məruzə maraqla qarşılandı. Bundan sonra konfransın işi bölmələrdə davam etdirildi. “Nəzəri fizika və astrofizika” bölməsində 11, “İstilik fizikası və molekulyar fizika bölməsində 22, “Bərk cisimlər fizikası” bölməsində 31, “Fizikanın tədrisi metodikası” bölməsində 22 məruzə dinlənildi. Fizikanın aktual problemlərini əhatə edən tələbələrin tədqiqat işləri professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirildi. Konfransın materialları toplu şəklində çap olunması qərara alındı.

































Bookmark and Share