Home Aze Ru Eng

Gənc tədqiqatçıların konfransı keçirilib

20/05/2022

20 may 2022-ci il tarixində BDU Fizika fakültəsində “Şuşa ili”nə həsr olunmuş tədbirlər çərçivəsində magistranların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” adlı XXII respublika elmi konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik  sükutla yad edilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin direktoru professor Mais Süleymanov konfrans iştirakçılarını təbrik etdi və konfransın işinə uğurlar arzuladı. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev iştirakçıları salamlayaraq konfrans barədə məlumat verdi. O, konfransa 95 materialın təqdim edildiyini, plenar iclasda 4 məruzənin dinlənəcəyini, sonra 6 bölmədə konfransın işinin davam edəcəyini bildirdi. Optika və molekulyar fizika kafedrasının professoru Niftalı Qocayev bu cür elmi tədbirlərin əhəmiyyətindən danışdı, gənc tədqiqatçılara elmi-tədqiqat fəaliyyətində uğurlar arzuladı, dəyərli tövsiyələrini verdi.

Sonra plenar məruzələr dinlənildi. İlk olaraq, Astrofizika kafedrasının magistrantı Gülər Rüstəmova “AG DRA simbiotik ulduzun rəqəmsal spektrlərində Ha xəttinin tədqiqi” mövzusunda çıxış edərək bildirdi ki, AG Drakon simbiotik ulduzu  soyuq nəhəng və isti kompakt ulduzdan ibarət qarşılıqlı təsirdə olan qoşa sistemdir. Onlar təkamül prosesində maddə mübadiləsi edirlər və cütlük bütövlükdə dumanlıqla əhatə olunmuşdur. Məruzədə AG Drakon simbiotik ulduzun  25 spektrinə görə 2019-2021-ci illər üçün Hidrogenin balmer seriyasının Ha xəttinin profillərinin  qoşa sistemin orbital hərəkətindən asılı olaraq dəyişməsinə baxıldığı, spektrlərin ARAS (Astronomical Ring for Access to Spectroscopy) verilər bazasından əldə edildiyi və DECH30T proqramı vasitəsilə standart metodlarla emal edildiyi diqqətə çatdırıldı.

İkinci məruzəçi, Nanoaraşdırmalar Elmi-tədqiqat laboratoriyasının əməkdaşı,doktorant Orxan  Güləhmədov  “Triboelectric nanogenerators based on the polyurethane and nylon films” mövzusunda tədqiqatlarını təqdim etdi. O bildirdi ki,  triboelektrik nanogeneratorların (TENG)  geniş tətbiq imkanları vardır. Neylon və poliüretan materialları əsasında yaradılan 3 qatdan ibarət oriqami strukturlu  TENG-in çıxış parametrləri, bir qatlı TENG-ə nisbətən daha yaxşı nəticələr verir. Bu cür sistemlərin tətbiqi ilə insanların gündəlik həyatda mexaniki hərəkəti ilə bağlı olan biomexaniki enerjini elektrik enerjisinə  rahat və təhlükəsiz şəkildə generasiya etməklə müxtəlif tip portativ elektronik cihazların və sensorların enerji təminatını həyata keçirmək mümkün olar.

Sonra Maddə quruluşu kafedrasının magistrantı Günel  Şahbazova “İkifazalı PEQ-limon turşusunun natrium duzu-su sisteminin ayırdetmə qabiliyyətinin məqsədyönlü dəyişdirilməsi” mövzusunda çıxış etdi. O, bildirdi ki, təqdim olunan işdə PEQ-limon turşusunun natrium duzu-su ikifazali sisteminin fiziki-kimyəvi xassələri tədqiq olunmuşdur. Baxılan sistemin hal diaqrami ( binodal əyrisi) qurulmuş, hal diaqramina polietilenqlikolun molekul kütləsinin, duzların təsirinə baxılmışdır. Sistemin ayirdetmə qabiliyyəti təyin olunmuşdur. Müəyyən olunmuşdur ki, natrium sulfat və kalium sulfat duzu sistemin ayirdetmə qabiliyyətinin qiymətini daha çox artırır.

Nəzəri fizika kafedrasının magistrantı Məhəmməd Ağayev “Statistik fizika qanunları ilə nüvə toqquşmalarında kumulantların hesablanması” adlı məruzəsində statistik fizika qanunları ilə nüvə toqquşmalarının tədqiq olunaraq, yalnız dedektorların qeydə aldığı məhdud qəbul üçün hesablamalar aparıldığını və xalis barion ədədinin (barion sayının orta qiyməti ilə anti-barionların sayının orta qiymətinin  fərqi) müəyyən edildiyini, məhdud qəbulda xalis barion ədədinin fluktuasiyası üçün paylanma funksiyasının təyin edildiyini və bu paylanmanın ilk dörd kumulantının nəzəri olaraq hesablandığını, alınmış nəticələrin təcrübəni kifayət qədər yaxşı izah etdiyini diqqətə çatdırdı. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılandı və müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı.

Plenar məruzələrdən sonra Fakültə dekanı Bəxtiyar Paşayev məruzəçilərə sertifikatlar təqdim etdi.




























































Bookmark and Share