BDU-nun Nanoaraşdırmalar Mərkəzində 3–5 nm  ölçülərində dəmir oksidi nanohissəcikləri mitsellərdə sintez edildi,  nanohissəciklərin səthinə şiş hüceyrələrinin inkişafına təsir edən  dərman maddəsi yerləşdirildi və onlar in-vitro tədqiq olundu. Bu  tədqiqatlar Almaniya və İran alimləri ilə birlikdə aparıldı və  göstərildi ki, dərman maddələri digər hüceyrələri zədələmədən xəstə  hüceyrələrə maqnit nanohissəciklər vasitəsi ilə daşına bilər. 
 Mərkəzdə şoran torpaqlarda bitkilərin inkişafına təsir edən  nanohissəciklərin aşkar edilməsi, onların bioloji və fizioloji  effektlərinin araşdırılması və bitkilərdə duzadavamlığın artırılmasına  imkan verən tədqiqatlar da aparılmışdır. Müəyyən edilmişdir ki,  bitkilərin toxumlarını metal əsaslı nanohissəciklər ilə işləndikdən  sonra duzluluğu müxtəlif olan torpaqlarda onların cücərmə qabiliyyəti  artır və cücərtilər normal inkişaf edir. Tədqiqatlar zamanı  nanohissəciklərin şoran mühitdə toxumların inkişafına təsir edən  amilləri öyrənilmişdir. 
 Ötən dövrdə burada müxtəlif texnoloji üsullarla bimetallik və  trimetallik nanohissəciklərin alınma texnologiyası işlənmiş və onların  sintezi və stabilləşməsinin optimal şəraitləri müəyyən edilmişdir.  Sintez olunan bimetallik və trimetallik nanohissəciklərin yüksək  miqdarda nitratla çirklənmiş sularda onların katalitik-reduksiyaedicilik  təsirləri tədqiq edilmiş və ion xromatoqrafik analizlər nəticəsində  müəyyən edilmişdir ki, nanohissəciklər çox böyük sürətlə qısa zaman  ərzində nitrat ionlarını reduksiya edərək su nümunələrin təmizlənməsinə  gətirib çıxarır. Bu texnoloji nəticələr yeyinti sənayesində uğurla  tətbiq edilə bilər və ekoloji tarazlığın bərpası üçün böyük əhəmiyyətə  malikdir. 
 Mərkəzdə geniş spektral-həssaslıq xassələrinə malik müxtəlif  fotolüminessent nanohissəciklərin polimer matrisada alınması  texnologiyası işlənmiş və göstərilmişdir ki, yarımkeçirici  nanohissəciklərin sintezi zamanı ölçüləri homogen olan polimer  nanokompozit strukturlar və onların əsasında müxtəlif təyinatlı  sensorlar almaq olar. Son zamanlar Nanoaraşdırmalar Mərkəzində aparılan  yüksək texnoloji tədqiqatlardan biri də Yaponiyanın Kumamoto  Universiteti ilə aparılan birgə işlər olmuşdur və bu işin ümumi  mahiyyəti ondan ibarətdir ki, müxtəlif metal oksidlərinin  nanohissəciklərinin səthi müəyyən texnoloji əməliyyatlar vasitəsilə  karbonlaşdırılır və səthi karbonla örtülmüş aktiv xassələrə malik  nanohissəciklər sintez olunur və bu işlər Kumamoto Universitetinin və  Bakı Dövlət Universitetinin birgə fəaliyyəti nəticəsində həyata  keçirilmişdir.
 Bu tədqiqatların çox böyük perspektivi var və bu tədqiqatlar imkan  verəcək ki, dinamik iqtisadi inkişaf edən Azərbaycan Respublikasında  nanosənayedə ölkə iqtisadiyyatı üçün yeni nəsil nanostrukturların  alınması sahəsində işlər aparılsın. Səthi karbonlaşdırılmış  nanohissəciklərə müxtəlif aktiv xassələrə malik digər maddənin  molekullarını tikmək mümkündür. 
 Son zamanlar şiş hüceyrələrinə maqnit nanohissəcikləri vasitəsi ilə  dərman maddələrinin daşınması problemləri ilə dünyanın aparıcı tədqiqat  laboratoriyaları məşğul olur və burada əsas problem bir maqnit  nanohissəciyə bir neçə dərman molekulunun tikilməsidir. Bu texnologiya  ilə maqnit nanohissəciyinin səthini karbonlaşdırmaqla ona çoxlu sayda  dərman molekulunun tikilməsi mümkün olacaq və bu da yüksək təsir  imkanlarına malik nanohissəcik-dərman sisteminin yaranmasına səbəb  olacaqdır. Hazırda aparılan tədqiqatlar bu sahədə böyük uğurların  olacağı ümidini yaradır. 
 Nanoaraşdırmalar Mərkəzində polimer matrisada maqnit nanohissəcikləri  formalaşdırmaqla yüksək tezlikli elektromaqnit dalğalarını udan  nanokompozit strukturların alınması istiqamətində intensiv tədqiqat  işləri aparılır. Bu tədqiqat işləri ABŞ-ın CRDF qrant layihəsinin,  Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondunun  maliyyə dəstəyi ilə və ölkənin bir sıra sənaye strukturlarının sifarişi  ilə yerinə yetirilir. Aparılan tədqiqat işlərinin nəticələri 10-dan çox  yüksək impakt faktorlu jurnallarda məqalə şəklində çap edilmişdir.
 Texnikanın sürətli inkişafı maye kristal displeylərin texniki  xarakteristikalarının davamlı yaxşılaşdırılmasını tələb edir. Bu  məsələnin ən effektli texnoloji həlli yollarından biri maye kristallarla  yüksək spontan polyarlaşmaya malik olan seqnetoelektik  nanohissəciklərinin xassələrini konstruktiv şəkildə uzlaşdırmaqdır.  Seqnetoelektik nanohissəciklərlə dispersiya olunmuş maye kristal  sistemlərin astana gərginliyi, molekulların yürüklüyü və maye kristallık  fazanın mümkün olma intervalı kimi vacib parametrlərinin keyfiyyətinin  qənaətbəxş şəkildə yüksəldiyi nəticələr əldə edilmişdir. 
 Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzində ilk dəfə olaraq  ağ siçanların qarın boşluğuna maqnit nanohissəcikləri daxil edilmiş,  onların müxtəlif orqanlarında, o cümlədən beyin toxumalarında  nanohissəciklərin yığılması elektron-paramaqnit rezonansı (EPR) metodu  vasitəsi ilə İsveçrə Federal Texnologiya İnstitutunda öyrənilmiş və  beləliklə nanohissəciklərin hemato-ensefolak baryer vasitəsi ilə daxil  olması sübut edilmişdir. 
 Nanotexnologiya istiqamətində BDU-nun uğurlu elmi-tədqiqat işlərindən  biri də ABŞ Massaçutes Texnologiya Universiteti ilə birgə yerinə  yetirilmiş “Polimer matrisada formalaşmış halkogenid yarımkeçirici  nanohissəciklərdə diffuziya və ion mübadiləsi” adlı qrant layihəsidir.  Ümumi dəyəri 655 min avro olan “Nanotexnologiyaya əsaslanan ekologiya  mühəndisliyi kurrikulumunun reforması və modernləşdirilməsi adlı elm və  təhsil layihəsi Avropa və Azərbaycan alimlərinin birgə səyi nəticəsində  uğurla başa çatmışdır.
 İlk dəfə olaraq magistratura pilləsini bitirmiş 12 nəfər azərbaycanlı  gənc Azərbaycan və Avropa alimlərinin iştirakı ilə postmagistr proqramı  çərçivəsində nanotexnologiya və ekologiya problemləri ilə bağlı nəzəri  kurs keçmiş və sonra Avropada uğurlu tədqiqat işləri aparmışlar.  Dissertasiya işlərini uğurla yerinə yetirdikdən sonra BDU-da beynəlxalq  komissiya qarşısında müdafiə etmişlər. 
 Bu, dünya elminin bu prioritet istiqamətində ilk müştərək təhsil və elm  layihəsidir və Avropa təhsil mühitinin Azərbaycana transferi sahəsində  uğurlu addımdır. Hazırda həmin gənclər öz elmi fəaliyyətini ölkəmizin  ali məktəblərində davam etdirirlər. Avropa Birliyinin maliyyələşdirdiyi  “Fotonika və elektronika üçün nanotexnoloji platforma” adlı qrant  layihəsi də BDU-da uğurla yerinə yetirilmişdir. 
 Universitetdə uğurla yerinə layihələr çərçivəsində Nanoaraşdırmalar  Mərkəzinə çoxlu yeni və müasir avadanlıq və cihazlar alınmışdır. Bakı  Dövlət Universitetində beynəlxalq qrant layihələri və ölkədaxili  müqavilələr hesabına formalaşmış maliyyə imkanlarının hesabına  Yaponiyanın Tokyo Boeki şirkətindən dəyəri 1 milyon 50 min ABŞ dolları  olan son dərəcədə geniş imkanlara və həssaslığa malik skanedici elektron  mikroskopu alınmışdır. Qrant layihəsi hesabına mərkəzə hüceyrə  strukturunu zədələmədən onun membranını kəsmək üçün mikroton və  Almaniyanın “Carl Zeiss” şirkətinin geniş imkanlara malik optik  mikroskopu da alınmışdır. 
 Hazırda materialların strukturları və xassələri haqqında ətraflı məlumat  almaq və onların xassələrini daha geniş miqyasda dəyişmək üçün  molekulyar səviyyədə tədqiqat işləri aparmaq lazımdır. Canlı sistemlərdə  struktur tədqiqatları aparmaq üçün BDU-ya yüksək ayırdetmə  qabiliyyətinə malik lazer skanedici mikroskopunun (LSM) alınması üçün  danışıqlar aparılır. 
 Respublikada nanotədqiqatlar istiqamətində işlərin səviyyəsini qaldırmaq  və inkişaf etdirmək məqsədi ilə elmi məktəblərin səviyyəsini artırmaq  və yeni innovativ tədqiqat düşüncəli kadr hazırlığı aparmaq lazımdır. Bu  istiqamətdə də BDU-da uğurlu işlər aparılır. Bakı Dövlət  Universitetində nanotexnologiya sahəsində magistr və doktorantura  səviyyəsində yüksək ixtisaslı kadr hazırlığı uğurla həyata keçirilir.  “Nanohissəciklərin fizikası” , “nanomaterialların fiziki kimyası”,  “nanobiotexnologiya” ixt”və “nanokimya və nanomateriallar” ixtisasları  üzrə doktorantlar hazırlanır. 
 Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzi nanotexnologiya  istiqamətində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müştərək  tətbiqi xarakterli tədqiqatlar aparırlar. Bu layihələr beynəlxalq donor  təşkilatlarının maliyyəsi ilə yerinə yetirilən qrantlar və beynəlxalq  proqramlar əsasında aparılır. Bunlar kifayət qədər ciddi müsabiqələr  zamanı qazanılan layihələrdir. Ümumiyyətlə, beynəlxalq qrant  layihələrinin qazanılması proseduru kifayət qədər ağırdır. Dünyada  aparıcı donor ölkələrin qrantlarının qazanılma ehtimalı 3-5  tərtibindfaizdir. Bu ona bərabərdir ki, dünyada təqdim edilən hər 100  layihənin 3-5-i qalib ola bilər. 
 Qeyd etmək istəyirəm ki, Nanoaraşdırmalar Mərkəzində son 10 ildə uğurla  yerinə yetirilən layihələrin ümumi həcmi təqribən 8,5 milyon ABŞ dolları  dəyərindədir. Fransa, İtaliya, Almaniya, İspaniya, Çexiya, İsveç,  Türkiyə, Rusiya, Yaponiya, İsveçrə, Yunanıstan, Kanada, ABŞ, Macarıstan,  Rumıniya və sair ölkələrlə uğurlu tədqiqatlar aparılır. Bu layihələrin  hesabına mərkəzə cihaz və avadanlıqlar alınmışdır. Təsadüfi deyil ki,  2013-cü ildə ABŞ-ın Nyu York şəhərindəki “Nova Publişer” nəşriyyatı elmi  səviyyəsinə və aktuallığına görə xərcləri üzərinə götürərək, BDU-nun  alimləri A.Məhərrəmovun, professor M.Ramazanovun və M.Saboktakinin  həmmüəllif olduğu “Perspektiv nanokompozitlər: növləri, xassələri və  tətbiqləri” adlı monoqrafiyanı nəşr etmişdir. 
 10 fəsildən və 334 səhifədən ibarət olan monoqrafiyada polimer əsaslı  nanokompozitlərin xassələrinin variasiyası və tətbiqləri, kompozitlərin  növləri, xassələrin nanohissəciklərin ölçülərindən asılı olaraq  dəyişməsi, xərçəng şişinin müalicəsində maqnit nanohissəciklərinin  istifadə imkanları və konkret tətbiqləri, bioloji və tibbi  nanohissəciklər, fotodinamik müalicə üçün nanohissəciklərin alınması və  istifadəsi kimi mühüm elmi araşdırmalar verilmişdir. Monoqrafiya  nanotexnologiya istiqamətində çalışan tədqiqatçılar üçün böyük  əhəmiyyətə malikdir. 2017-ci ildə universitet alimləri A.Məhərrəmov,  M.Ramazanov və Ü.Həsənova “Elsevier” nəşriyyatında dərc edilən  “Antimikrob nanoquruluşlar, onların sintezi və tətbiqləri” adlı nüfuzlu  monoqrafiyanın bir fəslini yazmışlar. “ Web of Science Clarivate  Analytics (Thomson Reuters)” sisteminə daxil olan jurnallarda 200-dən  artıq məqalə dərc etdirmişlər. 
 Nanoaraşdırmalar Mərkəzində yerinə yetirilən fundamental tətbiqi  xarakterli elmi araşdırmalar dünyanın məşhur alimləri tərəfindən yüksək  qiymətləndirilmişdir. Universitet alimlərinin işləri ilə yaxından  maraqlanan kimya üzrə Nobel mükafatı laureatı John Polanyi Kanadadan  ölkəmizə gəlmiş və birgə tədqiqat işləri aparmaq üçün müzakirələr  aparmışdır. Nanoaraşdırmalar Mərkəzində 2012-ci ildə kimya üzrə Nobel  mükafatı laureatı Markuz Rudolf Artur məruzə ilə çıxış etmişdir. Nobel  Mükafatı laureatları Laflin Robert Betts (fizik), David Gross (fizik) və  Markus Rudolf Artur (kimya) 2013-cü ildə Bakı Dövlət Universitetində  olarkən “BDU-da nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və  onların inkişaf perspektivləri” mövzusunda məruzəni dinləmişlər. Onlar  nanotexnologiya istiqamətində təhsilin təşkili proseslərinə və aparılan  araşdırma işlərinə yüksək qiymət vermiş və universitet alimlərinin bu  istiqamətdə inkişaf etmiş ölkələrin alimləri ilə bərabər səviyyəli işlər  apardıqlarını xüsusi vurğulamışlar. 
 Yaponiyanın Kumamoto Universitetinin professoru Hirokata Ihara,  İtaliyanın Pavia Universitetinin professoru Lorenzo Makkonen,  Yaponiyanın Hokkaido Universitetinin professoru Oliver B.Urayt, ABŞ-ın  Delavare Universitetinin professoru Seyd Ismat Shah və başqaları  laboratoriya ilə elmi əməkdaşlıq edirlər.
 Göründüyü kimi, Bakı Dövlət Universitetində nanotexnologiya  istiqamətində aparılan tədqiqat işləri öz miqyasına və səviyyəsinə görə  dünyanın aparıcı ölkələrində aparılan işlərlə eyni səviyyədədir.  Respublikanın digər elm və təhsil strukturlarında da nanotexnologiyanın  ayrı-ayrı istiqamətində tətbiqi xarakterli ciddi işlər aparılır. Lakin  bu işlərin aparılması əsasən ayrı-ayrı elm və təhsil strukturlarında  çalışan alimlərin elmi maraqlarına uyğunlaşmışdır. Ona görə də bütün bu  işlərin elmi koordinasiyasının formalaşdırılması və onların inkişaf  etməkdə olan müstəqil Azərbaycan Respublikasının elm, təhsil, sənaye,  kənd təsərrüfatı və səhiyyənin maraqlarına uyğun inkişaf etdirilməsi  üçün vahid Dövlət Proqramının yazılması son dərəcə aktual məsələdir. 
 Azərbaycan Respublikasında nanotexnologiya sahəsində yerinə yetiriləcək  işlərin təhlili yaxın gələcəkdə perspektiv olan aşağıdakı istiqamətlərin  mümkünlüyü haqqında fikir söyləməyə imkan verir:
 – sensorlar texnikası üçün yeni nanoquruluşların alınması; 
 – antimikrob, antiseptik nanostrukturların alınması və onların tibbdə tətbiqi imkanlarının araşdırılması;
 – dərman maddələrinin şiş hüceyrələrinə məqsədyönlü şəkildə daşınması üçün maqnit nanohissəciklərin alınması və tədqiqi;
 – nanotexnologiyanın neftçıxarma sistemlərinə tətbiqi;
 – suyun tərkibindəki nitratların təmizlənməsi üçün katalitik bimetallik və trimetallik nanohissəciklərin alınması və tətbiqi; 
 – bioloji sistemlərlə nanohissəciklərin qarşılıqlı təsirinin tədqiqi və  nanohissəciklərin onların həyat fəaliyyətlərində rolunun  müəyyənləşdirilməsi – nanotoksikologiya;
 – şoran torpaqlarda bitkilərin inkişafına təsir edən nanohissəciklərin  sintezi, onların bioloji və fizioloji effektlərinin tədqiqi, bitkilərdə  duzadavamlılığının artırılmasının öyrənilməsi;
 – yüksək tezlikli elektromaqnit dalğalarını udan nanokompozit strukturların alınması və tədqiqi;
 – hərbi sənayedə istifadə üçün nanohissəciklər əlavə edilmiş yağlayıcı soyuducu sistemlərin işlənməsi və tətbiqi;
 Müstəqil Azərbaycan Respublikasında elmi innovasiyaların tətbiqi  istiqamətində uğurlu dövlət siyasəti aparılır. Ümid edirik ki, ölkəmizdə  nanotexnologiya istiqamətində aparılan elmi-tədqiqat işlərinin tətbiqi  perspektivi olduğunu və ölkəmizdə bu istiqamətdə uğurlu tətbiqi  nəticələr alındığını, görülən işlərin tədqiqat, təhsil və innovasiya  fəaliyyətinin inteqrasiyasına böyük töhfə verəcəyini və bu sahənin  inkişafının ölkəmizdə yeni elm tutumlu sənayenin formalaşmasına təkan  verəcəyini nəzərə alaraq bu istiqamətdə dövlət proqramı qəbul ediləcək.
Məhəmmədəli RAMAZANOV, 
 Bakı Dövlət Universiteti fizika fakültəsinin dekanı, professor 
http://xalqqazeti.com/az/news/25305

