23.10.18-ci il tarixində magistrantların növbəti elmi seminarı dekan müavini dos. E.Ş.Ələkbərovun rəhbərliyi altında keçirildi. Seminarda Fizika fakültəsinin II kurs magistrantları Quliyeva Günel, Məmmədli Nigar, Mustafayeva Vəfa və Bağırova Aydan apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər.
Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
İlk olaraq “Fiziki elektronika” kafedrasının magistrantı Mustafayeva Vəfa elmi məruzə ilə çıxış etmək üçün dəvət olundu. Dos. G.M. Sadiqzadənin rəhbərliyi ilə “Uzun borularda boşalma alışmasının xüsusiyyətləri” mövzusunda çıxışı maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca Məmmədli Nigar “D mezonunun kvark qarışığını nəzərə almaqla zəif qarşılıqlı təsir hesabına parçalanma eninin təyini” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim etdi. Elmi rəhbəri dos. N.Ş. Barxalova məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirdi. Növbəti məruzə ilə, “Maddə quruluşu” kafedrasının magistrantı Quliyeva Günel “Yüksək enerjili neytronların difraksiya səpilməsi” mövzusunda çıxış etdi. Məruzə maraqla qarşılandı. Magistrantın Elmi rəhbəri prof. S.Q. Əbdülvahabova və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu daha dərindən təhlil olundu və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verildi. Növbəti məruzəçi Bağırova Aydan prof. N.M. Qocayevin rəhbərliyi ilə “Şistostatin-8 molekulunun Glu-Gly-Arg-Met-NH2 tetrapeptid fraqmentinin nəzəri konformasiya analizi” mövzusunda görülən işlərlə əlaqədar çıxış etməklə yanaşı seminar iştirakçıları tərəfindən verilən sualları ətraflı cavablandırırdı. Beləliklə seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırıldı. Növbəti seminarın 06.11.2018 tarixində olacağı elan olundu.
Bu seminara hər bir magistrant dəvətlidir.