Bakı Dövlət Universitetinin Fizika fakültəsində magistrantların növbəti elmi seminarı keçirilib. Dekan müavini dosent Eldar Ələkbərovun rəhbərliyi altında keçirilən seminarda Fizika fakültəsinin II kurs magistrantları Nərgiz Həşimova, Fidan Səfərli, Sevinc Əmirova və I kurs magistrantı Hüseyn Quluzadə apardıqları elmi-tədqiqat işləri haqqında məruzə ilə çıxış ediblər.
Seminarda iştirak edən müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab alıblar.
Əvvəlcə Optika və molekulyar fizika kafedrasının magistrantı Nərgiz Həşimovanın prof. İ.N Əliyeva rəhbərliyi ilə “Qrip virusu peptidinin optimal konformasiyaların tədqiqi” mövzusunda çıxışı maraqla qarşılanıb və sual-cavab əsasında müzakirə olunub. Yarımkeçiricilər fizikası kafedrasının magistrantı Fidan Səfərli “CdS:Mn(Cu)nazik təbəqələrinin optik xassələri” mövzusunda icra etdiyi elmi tədqiqat işinin nəticələrini təqdim edib. Elmi rəhbəri prof. H.B. İbrahimov məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda söylənən rəylərə öz münasibətini bildirib. Növbəti məruzə Yarımkeçiricilər fizikasi kafedrasının magistrantı Sevinc Əmirovanın “Yüksək optik həyəcanlanmada GaS kristalının fotoelektrik və lüminessens xassələri” mövzusunda olub. Magistrantın elmi rəhbəri prof. Ə.H.Hüseynov və digər auditoriya iştirakçılarının verdikləri suallar əsasında mövzu dərindən təhlil olunub və tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumat verilib. Növbəti məruzəçi Hüseyn Quluzadə prof. S.Q. Abdullayevin rəhbərliyi ilə “Psevdoskalyar Hiqqs bozonun çevrilmə kanalları” mövzusunda görülən işlərlə əlaqədar çıxış etməklə yanaşı seminar iştirakçıları tərəfindən verilən sualları ətraflı cavablandırıb. Seminar rəhbəri tərəfindən çıxışlar və diskussiyalar dayandırılmaqla yekunlaşdırılıb. Növbəti seminarın 11.04.2019 tarixində olacağı elan olunub.
Bu seminara magistrantlar dəvətlidirlər.