17.05.16-ci il tarixində magistrların növbəti elmi seminarı keçirildi. Seminarda Fizika fakültəsinin I kurs magistranları İskəndərova Xuraman, Abasova Aytac, Feyzullazadə Fərəh, Ağazadə Lalə və İsayeva Qızbəs apardıqları elmi tədqiqat işləri haqqında məruzə ilə çıxış etdilər. Seminarda iştirak eden müəllim və tələbə heyəti məruzəçilərin çıxışlarını dinləyib onları maraqlandıran suallara cavab aldılar.
Çıxış etmək üçün ilk olaraq İskəndərova Xuraman dəvət olundu. E.Mesimovun rəhbərliyi ilə “Polietilenqlikol-çaxır turşusunun natrium duzu-su ikifazalı sistemlərinin hal diaqramına bəzi spirtlərin təsiri” mövzusunda çıxışını təqdim etdi. Çıxış maraqla qarşılandı və sual-cavab əsasında müzakirə olundu. Ardınca Abasova Aytac “İkiölçülü istilikkeçirmə tənliyinin invariantlıq qrupu” mövzusunda elmi tədqiqat işini təqdim etdi. Elmi rəhbəri Ə.Ağamalıyev məruzə ilə bağlı əlavə suallar verməklə tədqiqat işinin aktuallığı haqda fikirlərə aydınlıq gətirdi. Növbəti məruzə ilə, “Astrofizika” kafedrasının magistrantı Ağazadə Lalə “Günəş atmosferində maqnit hidrodinamik dalğaların yayılma xüsusiyyətləri” mövzusunda çıxış etdi. Magistrantın Elmi rəhbəri N.Cəlilov və digər auditoriya iştirakçılarının verdikdikləri suallar əsasında mövzu daha dərin təhlil olundu və məruzə ilə bağlı təklif və iradlar bildirildi. Çıxış yekunlaşdıqdan sonra növbəti magistrant Feyzullazadə Fərəh, Ə.Məhəmmədovun rəhbərliyi ilə “ CuJn5S8 defekt quruluşlu yarımkeçiricinin elektrik və fotoelektrik xassələri ” mövzusunda görülən tədqiqat işi haqqında məruzə etdi və ona ünvanlanan sualları ətraflı cavablandırdı. Sonda isə İsayeva Qızbəs “Qrafen üzərində alınmış metal adacıqların yaranma və udulma kinetikası” mövzusunda çıxış etməklə elmi seminara yekun vurdu. Elmi rəhbəri N.Nəsrullayev tədqiqat işi ilə əlaqədar gələcəkdə görüləcək işlər haqda məlumatları iştirak edən müəllim və magistrantların nəzərinə çatdırdı.