17–23 sentyabr 2014-cü il tarixlərində Müstəqil dövlətlərin, xaricdə yaşayan həmvətənlərin əməkdaşlığı və beynəlxalq humanitar həmrəylik məsələləri üzrə Federal agentliyin dəstəyi ilə MDB ölkələrinin gənc alim və mütəxəssislərin Rusiya federasiyasına səfəri təşkil olunmuşdur. . Nümayəndə heyətinin tərkibinə MDB ölkələrinin beşindən (Azərbaycan, Belarusiya, Moldova və s.) seçilmiş elm sahəsi üzrə perspiktivə malik olan 15 gənc daxil olmuşdur. Azərbaycandan səfərdə BDU-nun «Nanomaterialların kimyəvi fizikası» kafedrası nəzdində fəaliyyət göstərən Nanoaraşdırmalar laboratoriyasının b.e.i., f.r.e.n. Zöhrab Ədalət oğlu Ağamalıyev, BDU-nun «Maddə quruluşu» kafedrasının doktoranti Aynur Eyvaz qızı Hacıyeva və AMEA-nın Kataliz və qeyriüzvü kimya institutunun k.e.i. Aytən Zülfü qızı Salahova iştirak etmişlər. İşgüzar proqram çərçivəsində Dubnada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ), MDB Beynəlxalq nanotexnoloji innovasiya mərkəzinin, «Skolkovo» innovasiya mərkəzinin, Təbiət, cəmiyyət və insan beynəlxalq “Dubna” universitetinin, “Dubna” xüsusi iqtisadi zonanın rəhbərliyi ilə görüşlər keçirilmişdir. Eyni zamanda, iştirakçılar sərgi və innovasiya kompaniyalarına qoşulmuş və Dubna şəhərinin administrasiyası ilə görüşmüşlər. Tədbirin əsas məqsədi MDB ölkələri arası beynəlxalq əməkdaşlığın aktiv inkişafı və MDB-nin aktiv gənclərinin elm, təhsil və innovasiya sferasında ölkələrarası iqtisadi və siyasi inteqrasiya ilə bağlı işlərə cəlb olunması ilə bağlı olmuşdur.