1 noyabr 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Fizika fakültəsi, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Parlaq zəka" viktorinasının mükafatlandırılması mərhələsi baş tutdu. Tədbirdə fakültə dekanı professor Məhəmmədəli Ramazanov, fakültə TEC elmi rəhbəri dosent Arif Orucov, dekanlığın əməkdaşları, fakültə müəllimləri və yarışma qalibləri iştirak etdi. Tədbiri dosent Arif Orucov açıq elan etdikdən sonra söz təbrik üçün dekan Məhəmmədəli Ramazanova verildi. O, öz çıxışında fakültənin keçdiyi inkişaf tarixindən, bu günkü vəziyyətindən, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən danışdı. O öz çıxışında qeyd etdi ki, universitet fizikləri bu ilin yanvar ayından bu günkü tarixədək Web of Science Glarivate Analytik sisteminə daxil olan elmi məqalələrin sayına görə universitet elmi məhsulunun təqribən 38%-ni verir. Fakultədə aparılan elm və təhsil siyasəti daha yüksək nəticələrə nail olunması fikrini nikbinliklə söyləməyə imkan verir. Gələcəkdə də bu işlər uğurla davam etdiriləcək və davamlı inkişafa nail olmaq üçün fakültənin gələcək taleyi məhz Fizika fakültəsinin bu günkü tələbələrinin üzərinə böyük öhdəliklər düşdüyünü vurğuladı. Professor Məhəmmədəli Ramazanov yarışmanın hər iki turunu yaxından izlədiyini və təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edərək təşkilat komitəsinin üzvlərinə öz xüsusi minnətdarlığını bildirdi.
Daha sonra A.Orucov çıxış etdi. O, tələbələrə fakültənin və universitetin ictimai həyatında fəal iştirak etmələrini tövsiyə etdi. Fakültəmizin elmi və bu kimi fəaliyyətləri haqqında qısa məlumat verdi və TEC-in layihələrinin davam etdiyini bildirdi.
Sonra M.Ramazanov I yer qaliblərini diplom və hədiyyələrlə, II və III yer qaliblərini sertifikat və hədiyyələrlə, təşkilat komitəsinin üzvləri isə tərifnamə ilə təltif etdi.
Layihə rəhbəri Orxan Güləhmədov və təşkilat komitəsinin üzvləri yarışmanın təşkilində köməyi üçün TEC elmi rəhbəri Arif Orucova fəxri fərman təqdim etdilər.