26 oktyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən BDU-nun 100 illiyinə həsr edilmiş "Parlaq zəka" viktorinasının final turu baş tutdu. Tədbirdə müxtəlif universitetlərin komandaları və tamaşaçılar iştirak etdi. Himn səsləndikdən sonra TEC-in elmi rəhbəri, dosent Arif Orucov çıxış edərək tədbiri açıq elan etdi. Arif müəllim çıxışının sonunda tələbələrə uğurlar arzuladı və viktorinanın gedişini izlədi. Daha sonra layihə rəhbəri, nanomaterialların kimyəvi fizika kafedrasının atom və molekul ixtisası üzrə ikinci kurs magistrantı Orxan Güləhmədov yarışın qaydalarını yada saldı. İki hissədən ibarət olan yarışda ümumlikdə 15 sual səsləndirildi. Birinci hissədə komandalara fizikaya aid 10 sual, ikinci hissədə isə dünya görüşünə aid 5 sual verildi. Ümumilikdə 36 nəfərdən ibarət 7 finalist komanda arasında qızğın mübarizə getdi. Yarışmanın sonunda hesab bərabər olduğu üçün III yer uğrunda 3 komanda yenidən mübarizə apardı. I yerə 9 doğru cavab ilə Da Vinçi, II yerə 8 doğru cavab ilə Kript10, III yerə isə 7 doğru cavab ilə Viva la Vida komandası çıxdı. Hər bir komandanı təbrik edirik. Digər komandalara isə gələcək yarışmalarda uğurlar arzulayırıq.
Mükafatlandırma mərasimində yer tutan komandalar sertifikat və hədiyyələrlə təltif olunacaq.
Təşkilati dəstəyə görə Sara Rəhimzadəyə, Sevinc Qənbərovaya, Gülnarə Çələbiyevaya, Möhsün Əlizadəyə və Hüseyn Məmmədova minnətdarlıq bildirilir.