Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov Qara Dəniz Universitetləri əməkdaşlıq şəbəkəsinin dəvəti ilə Rumıniyada olmuşdur. Səfər zamanı prof. M.Ə,Ramazanov Buxarest Universitetinin Fizika fakültəsinin əməkdaşları qarşısında Azərbaycanda nanotexnologiyanın inkişaf persektivləri mövzusunda mühazirə etmişdir www.bsun.org . Mühazirədə Azərbaycanda, xüsusiilə Bakı Dövlət Universitetində nanotexnologiya sahəsində aparılan tədqiqat işləri barədə, nanoelmin respublikamızda təhsil müəssisələrində tədrisinin təşkil olunması barədə ətraflı məlumat vermişdir. Mühazirə zamanı prof.M.Ə.Ramazanov BDU-da yerinə yetirilən Beynəlxalq qrant layihələri barədə, BDU-nun Nanoaraşdırmalar laboratoriyasının maddi texniki bazası barədə, BDU alimlərinin nanotədqiqatlar sahəsində Tomson Reyter Agentliyinin siyahısına daxil edilən jurnallardakı məqalələri barədə ətraflı məlumat vermişdir. Mühazirədə qeyd edilmişdir ki, dünya elminin bu mühüm istiqaməti barədə Rumıniya ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfərindən sonra sürətlə inkişaf etməyə başlamışdır. Məruzə Buxarest Universitetinin əməkdaşlarının böyük marağına səbəb olmuşdur. Eyni zamanda fakültə əməkdaşları ilə gələcəkdə birgə qrant layihələrində iştirak etmək barədə razılıqlara gəlinmişdir. BDU-nun Fizika fakültəsi ilə Buxarst Milli Materiallar Fizikası İnstitutu arasında əməkdaşlıq müqaviləsi hazırlanmış və imzalanmışdır. Eyni zamanda prof. M.Ə.Ramazanov Buxarest Universitetinin Fizika fakültəsinin dekanı prof. Stefan Antone ilə fakültədə təhsilin təşkili, fakültənin elm tutumlu bir fakültəyə çevrilməsi, müştərək doktorant hazırlamaq məsələlərini və birgə elmi məqalələrin dərc edilməsi və qrant layihələrində iştirak edilmə yolları barədə müzakirələr aparmışdır. 28 mart 2012-ci il tarixində prof. M.Ə.Ramazanov Rumıniya Mühəndislik Nüvə Tədqiqatları İnstitutunda olmuş, institutun direktoru Rumıniya Akademiyasının üzvü D-r Nicolae Victor Zamfirlə görüşmüş və iki tərəfli əlaqələrin qurulması istiqamətində danışıqlar aparılmışdır. Avropa Birliyinin maliyyə dəstəyi ilə formalaşması nəzərdə tutulan unikal lazer siteminin qurulması və ondan istifadə edilməsində Azərbaycan alimlərinin də böyük potensiala malik olmasını nəzərə alaraq həmin mərkəzdə işə cəlb edilməsi barədə razılıqlar əldə edilmişdir. Görüş zamanı Qara Dəniz Universitetləri əməkdaşlıq şəbəkəsinin baş katibi prof. Eden Mamut və Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşı Vüqar Hüseynli də iştirak etmişdir. Səfər zamanı prof. M.Ə.Ramazanov Buxarest şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül dəstəsi qoymuşdur.