Home Aze Ru Eng

professor Abdulla İbrahim oğlu Muxtarovun 90 - illik yubileyi

14/01/2009

ELMƏ HƏSR OLUNMUŞ ŞƏRƏFLI ÖMÜR

Fizika  fakültəsinin dekanı prof.R.Q.Məmmədov

Möhtərəm Rektor!

Əziz Yubliyar! Hörmətli yubiley iştirakçıları!

Bu gün Bakı Dövlət Universiteti artıq ənənə xarakteri almış şad günlərindən birini yaşayır. Fizika fakültəsinin görkəmli alim-pedaqoq, Azərbaycanda nəzəri fizika məktəbinin yaradıcılarından biri, professor, fizika-riyaziyyat elmlər doktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, «Şərəf Nişanı» ordenli, «Şöhrət» ordenli, Prezident təqaüdcüsü, müəllimlər müəllimi, Abdulla İbrahim oğlu Muxtarovun ömrünün müdrik çağlarının yubiley günü qeyd olunur.

Abdulla müəllim 1918-ci ilin  dekabr 24-də Dağıstan Respublikasının Rutul rayonunun Saxur kəndində sənətkar ailəsində anadan olmuşdur.O, 6 aylığında anasını itirmiş və 7 yaşına kimi nənəsinin himayəsində böyümüşdür. 1926-cı ildə Zakatala şəhərinə köçmüş, atası İbrahimin yeni ailəsinə getirilmiş və 1-ci sinfə getmişdir. O, 5-ci sinifdən sonra Zakatala Pedaqoji Texnikumunda təhsilini davam etdirmiş, lakin sona çatdırmamışdır. 1934-cü ildə Bakı şəhərinə gəlmiş, Ağamalı adına Kənd Təsərüfatı Texnikumuna daxil olmuş və 1938-ci ildə beş faizlər hesabına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin 1-ci kursuna qəbul olmuş və oranı 1944-cü ildə bitirmişdir. 1944-1946-cı illərdə Universitet nəzdində  fəaliyyət göstərən  Fizika-Riyaziyyat Elmi Tədqiqat İstitutunda kiçik elmi  işçi vəzifəsində çalışmışdır.

Prof. Muxtarov 1946-1950-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturada oxumuşdur, 1950-ci ildə dissertasiya  müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almış və həmin ildənUniversitetin Nəzəri fizika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamış və müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.1965-1967-ci illərdə fizika fakültəsinin dekanı olmuş və  1967-1988-ci illərdə  isə nəzəri fizika kafedrasına rəhbərlik etmişdir. 1988-ci ildən indiyənə kimi həmin kafedrada professor vəzifəsində çalışır.

Abdulla müəllim çox gənc yaşlarından başlayaraq istehsalatda işləmişdir.O, Texnikumda və universitetdə tələbə kimi oxumaqla yanaşı 1936-1938-ci illərdə «Azərnəşr» mətbəəsində ,1939-1941-ci illərdə «Kommunist» qəzetində , 1941-1944-ci illərdə isə  «Qızıl Şərq» mətbəəsində korrektor vəzifəsində işləmiş , həm özünü, həm də ailəsini maddi cəhətdən təmin etmişdir. Atası İbrahim kişi molla kimi 1937-ci ildə repressiyaya uğramış və Rusiyaya sürgün edilərək, geri qayıtmamışdır.

Prof. Muxtarov apardığı elmi-tədqiqat işləri sayəsində böyük nüfuz qazanmışdır. O, Azərbaycanda nəzəri fizika elminin inkişaf etdirilməsində mühüm rol oynamışdır. O, elementar zərrəciklər və sahələr nəzəriyyəsi üzrə görkəmli mütəxəssisdir. Onun tədqiqatı nəticəsində bir sıra mühüm elmi nəticələr alınmışdır. O, cümlədən:

- Moskva Dövlət Universitetinin professoru A. Sokolov ilə birlikdə fermionların uzununa və fotonların dairəvi və xətti polyarlaşmalarını təsvir etmək üçün üsul işləyib hazırlamışlar

- Müasir sürətləndiricilərdə yüksək enerjili fermion, adron, bozon dəstələrinin alınması porlyarlaşmış zərrəciklərin kvant elektrodinamikasının yaradılması prolblemlərinin həllində Muxtarov-Sokolov üsulundan istifadə edilmişdir

-Kvant generatorlarında yüksək enerjili foton, elektron, pozitronların nazik dəstələrinin alınması və hədəflərdən (yüngül və ağır nüvələrdən) səpilməsində polyarlaşma ilə bağlı bir sıra problemlərin həllində nailiyyətlər əldə edildi

-Yüksək enerjili elektron və pozitron dəstələrinin qarşılıqlı toqquşması zamanı yeni zərrəciklərin yaranma proseslərində polyarlaşma problemləri həll edilmişdir.

A.İ.Muxtarov 1972-ci ildə Azərbaycan EA-na müxbir üzvü seçilmiş, onun rəhbərliyi altında 20 namizədlik dissertasiyası müdafiə edilmiş, 5 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur. A.İ.Muxtarov 150 elmi məqalənin və üç tədris vəsaitinin müəllifidir: 1) "Statistik fizika" (25 nəşriyyat listi); "Kvant mexanikası" (35 nəş. lis.); Fizikadan olimpiada məsələləri (10 nəş.lis.). bundan başqa A.Muxtarov respublikanın ali və orta məktəbləri üçün tərcümə edilmiş tədris kitablarının ya tərcüməçisi və ya da elmi redaktoru olmuşdur.

Bookmark and Share